Əmək funksiyasının icrası zamanı maddi məsuliyyət

posted in: Xəbər | 0
birbank biznes

İşçilərin əmək funksiyasının tərkibinə nələr aid ola bilər? Əmək funksiyasının icrası zamanı yarana bilən maddi məsuliyyət necə rəsmiləşdirilir? Təqdim edilən məqalədə bu suallara cavab tapa bilərsiniz.

Əmək anlayışı

Əmək məhsul istehsalı, xidmət göstərilməsi zamanı sərf edilən səylərin məcmusudur. Həmçinin, müəssisənin ştat cədvəlində müəyyən vəzifə tutan, müəyyən bacarıq səviyyəsinə malik olan şəxs tərəfindən həyata keçirilir, işçi qüvvəsi, yaxud da əmək ehtiyyatı ilə ölçülür. Hər bir şəxsin əmək hüququ var və bu hüququn həyata keçirilməsini  təmin edən qaydalar AR Əmək Məcəlləsinə əsasən tənzimlənir. Əmək hüququnun həyata keçirilməsinin əsas və aparıcı forması əmək müqaviləsidir. Müqavilə əmək münasibətlərini rəsmiləşdirən, onun əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən sənəddir.

Əmək funksiyası

Əmək funksiyası anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-ci bəndində Məcəllənin əsas anlayışlarından biri kimi təyin edilir. O, müqavilənin əsas şərtlərindən biri, işçinin  bir və ya bir neçə vəzifə üzrə yerinə yetirməli olduğu işlərin məcmusudur. Əmək funksiyasının həcmi ƏƏSMN tərəfindən təsdiq edilmiş Vahid Tarif-İxtisas Sorğu Kitabçasına uyğun müəyyən olunur. Görülən işlərin müəyyən tarif dərəcəsinə aid edilməsi müəssisənin Həmkarlar İttifaqı təşkilatı, o olmadıqda isə əmək kollektivinin razılığı ilə işəgötürən tərəfindən həyata keçirilir. İşçidən müqavilədə nəzərdə tutulmayan əmək funksiyasının icrasının tələb edilməsi düzgün deyildir. Ona görə də müqavilələr hazırlanan zaman işçinin yerinə yetirməli olduğu işlər dəqiqliklə şərh edilməli, iş prosesində daşıyacağı maddi məsuliyyət müəyyən edilməlidir.

Məsələn, mühasibatlıq şəbəsinin mütəxəssisinə kadrlar işinin aparılması da həvalə edilmişdir. Lakin bu əlavə iş müqavilədə nəzərdə tutulmamışsa, onda işçi həmin işin görülməsindən imtina edə bilər.

Təcrübədə işçinin vəzifə və öhdəliklərinin daha ətraflı əks olunduğu vəzifə təlimatları tərtib edilir. İşçi işə qəbul zamanı həmin təlimatla tanış olmalı və  imzalayaraq təsdiqləməlidir.

İşəgötürən  tərəfindən bir tərəfli qaydada əmək funksiyasında dəyişikliyin aparılması qanunauyğun deyildir. Hər hansı bir dəyişiklik yalnız tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə əlavələrin edilməsi yolu ilə mümkündür. İşəgötürən əmək funksiyasının dəyişməsi  ilə bağlı işçini öz ixtisasına uyğun işlə təmin etməlidir. Əgər təklif edilən işin vəzifə maaşı əvvəlkindən az olmuş olarsa, işçi həmin işi qəbul etməyə bilər.

Bir işçi eyni təşkilatda 2 vəzifə daşıya bilərmi? Daşıya bilər, amma müəyyən şərtlər daxilində. Həmin şərtlər haqqında buradan ətraflı oxuya bilərsiniz.

Əmək funksiyasının dəyişdirilməsi ilə bağlı yaranan mübahisələr məhkəmə yolu ilə həll oluna bilər.

Maddi məsuliyyət

Hər bir işçinin üzərinə düşən vəzifə və öhdəlikləri vicdanlı şəkildə həyata keçirməsi, daxili intizam qaydalarına əməl etməsi zəruridir. Müəssisədə müəyyən kateqoriya vəzifələrdə çalışan əməkdaşlar maddi məsuliyyət daşıyırlar. İşçi əmək müqaviləsi üzrə əmək funksiyasını yerinə yetirərkən işəgötürən verdiyi əmlak, maddi və ya digər sərvətlərdən istifadə edir. Bu onlar arasında qarşılıqlı maddi məsuliyyətin yaranmasına səbəb olur. İşçi və işəgötürən iş prosesində bir-birinə bilərəkdən yaxud bilməyərəkdən ziyan vura bilər. Tərəflərin maddi məsuliyyəti vurulmuş ziyanın aşkar olduğu gündən yaranmış hesab olunur. Təqsiri olan tərəfin inzibati, ya da digər məsuliyyətə cəlb olunmasına baxmayaraq, dəymiş zərərin məbləği müəyyən edilmiş qaydada ödənməlidir. Əgər işçi öz vəzifələrini yerinə yetirən zaman özündən asılı olmayan, qarşısı alına bilməyən təbii fəlakətlər səbəbindən qarşı tərəfə zərər vurmuşsa, bu halda o, məsuliyyət daşımır (ƏM maddə 201).

Maddi məsuliyyət zamanı vurulmuş zərərə görə işçinin hərəkət və hərəkətsizliyindən yaranan təqsiri sübut edilməlidir.

İşəgötürən tərəfindən işçinin məsuliyyətə cəlb edilməsi

İşçi ƏM-si ilə tənzimlənən əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da hüquqlarından sui-istifadə etdiyi hallarda işəgötürən tərəfindən  məsuliyyətə cəlb edilməlidir ( ƏM maddə 186).  İşçiyə  tətbiq edilən  intizam tənbehləri aşağıdakılardır:

  • töhmət;
  • sonuncu xəbərdarlıqla töhmət;
  • vəzifə maaşının 1/4 məbləğindən çox olmayan məbləğdə cərimə;
  • ƏM-də  70.c maddəyə əsasən müqavilənin ləğvi.

İşçi  təyin edilən  intizam tənbehi ilə yanaşı  işəgötürənə dəyən zərərin  əvəzini də ödəməyə borcludur. Müəssisələrdə işəgötürənin əmək müqaviləsinə əlavə olaraq tam maddi məsuliyyət haqqında müqaviləni də bağlaması məqsədəuyğundur. Maddi məsuliyyət müqaviləsi əmlakın, digər sərvətlərin təhlükəsizliyini, qorunmasını öz üzərinə götürən 18 yaşına çatmış işçilərlə bağlanır. İşçi həmin müqavilə üzrə ona etibar edilmiş əmlaka dəyən zərərə görə  tam maddi məsuliyyət daşıyır. Əmək funksiyasının icrası zamanı müqavilənin bağlanmadığı halda, əgər işçinin təqsiri cinayət tərkibli deyilsə, dəyən zərərin orta əməkhaqqı məbləğində ödənilməsi təmin edilməlidir.

Məsələn, müəssisədə təsərrüfat müdiri işləyən işçinin cavabdeh olduğu sahədə malların bir hissəsi yoxa çıxıb. Araşdırma nəticəsində bu məsələnin cinayət xarakterli olmaması, amma işçi məsuliyyətsizliyindən baş verməsi məlum olub. İşçi ilə maddi məsuliyyət müqaviləsi bağlanmadığı üçün, o vurulan ziyanı orta aylıq əməkhaqqı məbləğində ödəməlidir. Yəni əməkhaqqı 400 manat, dəyən ziyan isə 1000 manat məbləğindədirsə, işçinin ödədiyi məbləğ 400 manat olacaqdır. Əks halda, müqavilə bağlanmış olsaydı, işçi əmək funksiyasının icrası zamanı dəymiş zərərin hamısına görə məsuliyyət daşıyacaqdı.

Maliyyə hesabatları üzrə konsepsiya sənədi

Print Friendly, PDF & Email