Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi

posted in: Xəbər | 0
birbank biznes

Əmək hüququnun tənzimlənməsi

Əmək münasibətləri, o cümlədən digər münasibətlər əmək hüquq normaları vasitəsilə tənzimlənir. Həmin hüquq normalarını müəyyənləşdirən isə hüquqi aktlardır. AR Konstitusiyası əmək hüququnun başlıca prinsiplərini tənzimləyən əsas mənbədir. Həmçinin, digər qanunverici sənəd olan Əmək Məcəlləsində də:

  • əmək münasibətləri;
  • müqavilə;
  • iş, istirahət vaxtları;
  • məzuniyyət və s. kimi mövzular tənzimlənir.

Əcnəbilər, vətəndaşlığı olmayan şəxslərin də əmək hüquqları ƏM-nə əsasən təyin olunur. Həmin hüquqlar Məcəllənin 13-cü maddəsində qeyd edilən qaydalarla müəyyənləşir.

Əcnəbi – AR vətəndaşı olmayan şəxsdir, hansı ki, başqa dövlətdə vətəndaşlıq hüququna sahibdir.

Vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir.

İndi isə onların hüquqlarının necə tənzimlənməsinə nəzər yetirək.

Əcnəbilərin əmək hüququnun tənzimlənməsi

Respublikada olduğu müddətdə, əcnəbilərə, habelə vətəndaşlığı olmayan şəxslərə də, AR vətəndaşlarına təyin olunan  bütün hüquqlar tətbiq edilməlidir. Bu şəxslərin əmək fəaliyyəti ilə məşğul olaraq, müəyyən vəzifələr tutması yalnız qanunauyğun şəkildə həyata keçirilə bilər. Həmçinin, qanunvericilikdə başqa hallar nəzərdə tutulmayıbsa, əcnəbilərin hüquqlarını məhdudlaşdırmaq, yaxud onlara AR vətəndaşlarından daha üstün hüquqlar vermək yolverilməzdir. Müqavilə əsasında işləyən əcnəbilər müəyyən haqq ödəməklə ƏM-də tənzimlənən qaydalara uyğun sosial sığorta oluna bilərlər.

Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyəti

ƏM-nin 13-cü maddəsinin 4-cü bəndinə görə bu şəxslər iş icazəsi olmadan hər hansı sahədə fəaliyyət göstərə bilməzlər.

İş icazəsi – əcnəbilərin əvəzi ödənilməklə müvafiq vəzifələrdə çalışmasına icazə verən rəsmi sənəddir.

İşəgötürənin yalnız icazə alındıqdan sonra müqavilə bağlaması mümkündür. Bu icazənin tələb edilmədiyi işlərin siyahısı AR Miqrasiya Məcəlləsinin (MM) 64-cü maddəsində verilib. Bunlardan bəzilərinə  aşağıdakıları misal göstərə bilərik:

  • diplomatik nümayəndəlik;
  • konsulluqlar;
  • beynəlxalq təşkilatlar;
  • AR-da daimi yaşamaq icazəsi olanlar və s.

Həmçinin, 18 yaşdan aşağı əcnəbilərin də müqavilə əsasında işləməsi yolverilməzdir. İş icazəsini verən AR Dövlət Miqrasiya Xidmətinə müraciəti  aşağıdakı şəxslər edə bilər:

  • hüquqi şəxslər;
  • sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər;
  • xarici hüquqi şəxslərin filial, nümayəndəlikləri.

İş icazəsinin 1 il ərzində qüvvədə olma hüququ var. Ancaq müqavilənin  müddəti 1 ildən aşağı olarsa, onda icazə müqavilənin müddətinə uyğun verilməlidir. Vaxtın uzadılması tələb olunduqda isə, işəgötürənin müddətin qurtarmasından 30 gün əvvəl müvafiq orqana müraciət etməsi tələb olunur. Müddətin uzadılması qaydaları MM-nin 67-ci maddəsi ilə tənzimlənir. Əcnəbilər yalnız iş icazəsi aldığı müəssisədə çalışa bilərlər, digər işəgötürənin yanında onların işləməsi qeyri-mümkündür. Əgər işəgötürən həmin şəxsləri öz yanında başqa işə təyin edərsə, yeni icazə alınmalıdir. Bu zaman həmin icazənin müddətinin əvvəlkinin yerdə qalan hissəsindən artiq olmaması lazımdır. Müqavilə vaxtından əvvəl ləğv olunarsa, işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına 5 iş günü müddətinə məlumat verilməlidir və belə halda icazə qüvvədən düşmüş hesab olunur. MM-də əməkçi miqrantların nəzərə alınmayan hüquqları ƏM-də müəyyənləşir.

İşəgötürən iş icazəsini almadan əcnəbilərlə  əmək münasibətlərinə başlaya bilməz, bu qanunvericiliyə ziddir.

İş icazəsinin alınması, ondan istifadə qaydalarının pozulması halları üçün İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. Cərimə məbləğləri müxtəlif hallar üçün 500-35000 manat arası dəyişir.

Miqrantların hüquqlarının təmin edilməsi

Miqrantlar – AR-na qanuni əsaslarla gələn, fərdi icazə alaraq əvəzi ödənilməklə hər hansı fəaliyyət sahəsində çalışan əcnəbilərdir.

Onların hüquqlarını təmin etmək işəgötürənin borcudur. Bu prosesə ƏM-də 13-cü maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilməlidir.

ƏM-nin 48-ci maddəsinə görə müqavilə tərtib edilən zaman əcnəbilərdən, həmçinin vətəndaşlığı olmayan şəxslərdən əmək kitabçası tələb edilməyə bilər. ƏM-də 6-cı maddədə qeyd edildiyi kimi, xarici ölkənin hüquqi şəxsi ilə müqavilə bağlayan, lakin öz əmək funksiyasını AR daxilində hər hansı bir müəssisədə icra edən əcnəbilərə bu Məcəllənin müddəaları aid edilmir.


Print Friendly, PDF & Email