Əsas məzuniyyət və onun müddətləri

posted in: Xəbər | 0
birbank biznes

Əsas əmək məzuniyyəti

İstirahət hüququnun ən mühüm təminatlarından biri məzuniyyətlərdir. İşçinin normal istirahəti, iş qabiliyyətini yenidən möhkəmləndirmək, eləcə də sağlamlığını mühafizə etmək məqsədilə Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən müəyyən vaxt aralığında ona əmək məzuniyyəti verilməsi təmin edilir. Əmək məzuniyyətinin müddəti əsas və əlavə məzuniyyətlərinin müddətlərinin cəmindən ibarətdir.

Əsas əmək məzuniyyəti iş təcrübəsində ən çox rast gəlinir, ondan bütün işçilərin istifadəsi mümkündür. Məzuniyyət hüququ əmək müqaviləsi bağlayaraq işə başlandığı gündən yaranır. Əsas məzuniyyət ödənişlidir və vəzifələrindən asılı olmayaraq məzuniyyətdə olan işçilərin işlədiyi yerin, vəzifəsinin, əməkhaqqısının saxlanması şərti onların ən mühüm hüquqi təminatıdır, müddəti 21 gündən az olmamalıdır (ƏM, maddə 114). Məzuniyyətin hər iş ili üçün bir dəfədən az olmayaraq verilir.

Natamam iş şəraitində çalışan işçilər, tam iş vaxtı şəraitində çalışan işçilərlə bərabər məzuniyyət müddətindən istifadə edə bilər (ƏM, maddə 114.4).

Mövsümi işdə çalışan işçilər üçün nisbətən fərqli normalar təyin edilib. Belə işçilərin məzuniyyəti mövsümün sonunda verilməklə, hər işlənmiş aya görə minimum 2 təqvim günü qədər müəyyən edilir.

Təcrübədə tez-tez rast gəlinən hallardan biri məzuniyyət hesablanması zamanı iş və bayram günlərinin düzgün müəyyən edilməməsidir. Belə ki, işçinin məzuniyyətə çıxdığı müddətdə hər hansı bayram günləri ola bilər. Bayram günləri iş günü hesab edilmədiyindən, məzuniyyət  müddətinə aid edilmir və ödənilmir (ƏM, maddə 114.6).

Əsas əmək məzuniyyətinin müddəti

ƏM-nin 114-cü maddəsinə görə əsas məzuniyyətin təyin olunmuş minimum müddəti 21 təqvim günündən ibarətdir. Müəyyən olunmuş bu müddət həmçinin, AR Konstitusiyasının 37-ci maddəsinə tam uyğundur. Amma nəzərə almaq lazımdır ki,  bəzi kateqoriya işçilər üçün daha uzun müddətli məzuniyyətlər təyin edilə bilər (məsələn 30, 42, 56 təqvim günləri).

30 gün müddətində müəyyən olunan əmək məzuniyyəti aşağıda sadaladığımız işçilərə tətbiq edilir (ƏM, 114):

  • kənd təsərrüfatı istehsalı ilə məşğul olanlar;
  • dövlət qulluqçuları (məsul vəzifələrdə qulluq keçənlər);
  • müəssisə rəhbərləri, mütəxəssisləri;
  • məktəbdənkənar uşaq müəssisələrinə rəhbərlik edənlər;
  • təhsil müəssisəsinin pedaqoji işlə məşğul olmayan rəhbərləri, habelə inzibati-tədris heyətində çalışanlar (xüsusi təhsil müəssisələri istisnadır);
  • təhsil müəssisələrində çalışan müəyyən kateqoriya işçilər (baş usta, istehsalat təlim ustaları, emalatxana rəhbərləri, kitabxanaçılar, laborantlar və sair.
  • elmi dərəcəsi olmayan elmi işçilər;
  • tibb işçiləri, həkimlər, əczaçılar.

Müəyyən kateqoriyalar üzrə əsas əmək məzuniyyətinin müddəti aşağıdakı kimidir:

35 günlük əmək məzuniyyəti (ƏM, 119.1, 121):

  • 16-18 yaş aralığındakı işçilər;
  • teatrlarda, televiziya, radio qurumlarında  səhnəyə xidmət edən işçilər.

42  günlük müddət (ƏM, 118.2, 119, 121)

  • əlillər;
  • 16 yaşdan kiçik olanlar;
  • teatrlarda, televiziya, radio, kinematoqrafiya qurumlarında bədii və artist heyətləri;
  • təhsil müəssislərinin müəyyən kateqoriya işçiləri, elmi dərəcəsi fəlsəfə doktoru olan elmi tədqiqat müəssislərinin işçilərinə.

46 günlük müddət (ƏM, 120):

AR-nin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda xəsarət alan işçilər, AR Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycan Milli Qəhrəmanları və Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan digər işçilər.

56 günlük əmək məzuniyyətinin müddəti:

  • Bu kateqoriyaya pedaqoji, elmi fəaliyyət göstərən işçilər daxildir. Onların tam siyahısı ƏM-nin 118-ci maddəsində qeyd edilib.

Əsas əmək məzuniyyətinin ƏM-də 115, 116-cı maddələrdə nəzərdə tutulan əlavə məzuniyyətlərlə həm birlikdə, həm də ayrı-ayrılıqda istifadəsi mümkündür. Qeyd edilən hər bir əmək məzuniyyətinin müddətləri barədə daha ətraflı digər məqalələrimizdə verilib. 


Print Friendly, PDF & Email