Əvəzçilik və müvəqqəti əvəzetmənin xüsusiyyətləri

posted in: Xəbər | 0
birbank biznes

Əvəzçilik nədir, onun növləri?

Əmək müqaviləsi işçinin işəgötürənlə münasibətlərini rəsmiləşdirən yeganə sənəddir. Qanunvericilik əsas və əlavə iş yerini fəqrləndirir. İşçi əlavə iş yerində əvəzçilik, yaxud müvəqqəti əvəzetmə formasında çalışa bilər.

Əvəzçilik dedikdə, şəxsin işlədiyi əsas iş yeri ilə yanaşı digər əlavə iş yerlərində fəaliyyəti başa düşülür (sahibkarlıq fəaliyyəti istisnadır).

Bu zaman yaranan münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəlləyə görə işçinin əsas iş yerindəki iş saatından sonra, başqa yerlərdə də hər hansı fəaliyyət növü ilə məşğul olması mümkündür (ƏM, maddə 58). Əvəzçiliyin növləri aşağıdakılardır:

  • daxili əvəzçilik – işçinin əsas iş yerində həm də əvəzçilik üzrə fəaliyyətidir.
  • xarici əvəzçilik – işçinin əsas yerdən kənarda başqa müəssisədə çalışmasıdır.

ƏM-nin 7-ci maddəsinə əsasən  işlərin görülməsi  (yaxud xidmət göstərilməsi) zamanı yaranan münasibətlər əvəzçilik (müvəqqəti əvəzetmə) ilə əlaqədar yaranarsa, bu əmək münasibətləri sayılır, mülki müqavilə deyil, əmək müqaviləsi bağlanılır.

Əvəzçilikdə əmək müqaviləsinin bağlanma qaydası

İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanma şərtləri əvəzçilik qaydasında əmək münasibətlərinə də tətbiq edilir.

Müqavilənin şərtləri tərəflərin razılığına əsasən müəyyən edilir, işin əlavə yer olması barədə məlumatlar müqavilədə göstərilməlidir. İşçi əsas iş vaxtında əlavə işlə məşğul olmaq istəsə, bunun üçün işəgötürənin razılığı lazımdır. Əgər həmin vaxtdan sonra işləyərsə, işəgötürənin razılığı tələb edilmir.

Əvəzçilik üzrə əmək müqaviləsi bağlanarkən tələb olunan sənədlər ƏM-nin 48-ci maddəsi ilə tənzimlənir, bir fərqlə ki, bu halda əmək kitabçası təqdim edilmir. Əmək kitabçası əsas iş yerində saxlanılır. İşçinin  əvəzçilik fəaliyyəti  barədə məlumatlar kitabçada, onun istəyi əsasında,  əvəzçilik üzrə əmək müqaviləsinin sürətinə uyğun əsas iş yerində qeyd edilməlidir (ƏM, maddə 87).†

Məcəllənin 82-ci maddəsinə görə əvəzçilik müqaviləsinin bağlanması işəgötürənin əmrinə əsasən sənədləşdirilir. Bu zaman işəgötürənin qanunvericilikdə tələb olunan qaydalara əməl etməsi tələb olunur. Həmçinin, sənəddə işçinin tapşırılan işə uyğunluğunu yoxlamaq  məqsədilə sınaq müddəti də nəzərdə tutula bilər.

İş vaxtı, əməkhaqqı və məzuniyyətin verilmə qaydası

Müqavilədə iş, istirahət vaxtı rejiminin şərtləri, habelə əməyin ödənilməsi qaydaları əks edilməlidir. İşçinin əvəzçiliklə işləmə müddəti tərəflərin razılığına əsasən müəyyən olunaraq ƏM-də 89-cu maddədə qeyd olunan normanın yarısına qədər  olmalıdır. Yəni gündəlik 4, həftəlik 20 saatdan çox olmamalıdır. Həmin müddət ərzində işçinin bir neçə əlavə işlərdə fəaliyyəti mümkündür.

İşçilərin əməyi faktiki icra olunan  işə görə, işlədiyi saata nisbətdə ödənilir. Bu halda ştat cədvəlinə uyğun olaraq əməkhaqqı müqavilədə göstərilməlidir. İşçiyə əsas işçilər üçün nəzərdə tutulmuş qaydalara əsasən vəzifə maaşı, mükafatlar, əməkhaqqına əlavələr təyin edilə bilər (maddə 163).

ƏM-nin 110.2 maddəsində qeyd edildiyi kimi  əvəzçiliklə işləyən işçilər məzuniyyətlərin bütün növlərindən istifadə etmək hüququna malikdirlər. Həm əsas, həm də  əlavə  yerlərdə çalışan işçinin məzuniyyət müddətinin məhdudlaşdırılmasına qanunvericilik yol vermir. Əvəzçiliklə çalışan işçilər üçün məzuniyyət qrafiki nəzərdə tutulmur. Onların məzuniyyəti əsas iş yerindəki məzuniyyətlə eyni vaxtda verilməlidir. Əks halda işçi istirahət hüququndan istifadə edə bilməyəcək. Əgər natamam işdəki məzuniyyətin vaxtı əsas yerdəki məzuniyyətin vaxtından azdırsa, işçiyə müvafiq müddətə ödənişsiz məzuniyyət verilə bilər. Yaxud da natamam işdə 6 ay hələ tamam olmayıbsa, əsas yerdə isə məzuniyyət artıq başlayıbsa, onda məzuniyyətin əvvəlcədən verilməsi təmin edilməlidir. Məzuniyyətlə bağlı tələblər müvəqqəti əvəzetmə zamanı da keçərlidir.

Əvəzçilik üzrə məhdudiyyət və qadağalar

Qanunvericilik  bəzi hallarda əvəzçiliklə bağlı qadağa və məhdudiyyətlər müəyyən edir. Bunlar aşağıdakılardır:

  • Əgər işçi sağlamlıq üçün təhlükəli və zərərli olan əsas iş yerində işləyirsə, onun belə şəraitli əlavə yerlərdə işləməsinə icazə verilmir. Ona görə də əlavə işə qəbul zamanı əsas işin şəraiti araşdırılmalı, belə hal yaranarsa, işçiylə müqavilə bağlanmamalıdır.
  • 18 yaşı tamam olmayanlara, həmçinin hamilə qadınlara da bəzi qadağalar şamil olunur. Yaşı 18-dən az olan şəxslər əlavə işlərə cəlb oluna bilər, bir şərtlə ki, onların gündəlik iş saatının cəmi ƏM-də 91-ci maddədə qeyd olunmuş müddətdən çox olmasın. Həmin işçilərin həftəlik saatlarının cəmi:
    • 16 yaşdan kiçik olanlar üçün 24 saatdan;
    • 16 -18 yaş aralığında olanlar üçün isə 36 saatdan çox olmamalıdır.
  • Məhdudiyyətlər dövlət qulluqçularına, bələdiyyə işçilərinə, hüquq mühafizə orqanlarının əməkdaşlarına, hərbi qulluqçulara da aiddir. Onların, elmi-pedaqoji fəaliyyətlər istisna olmaqla, digər işəgötürənlərlə əvəzçiliklə işləməsi qadağandır.
Print Friendly, PDF & Email