Mülki müqavilə nədir?

Əmək müqaviəsi əmək hüquq münasibətlərinin həyata keçirilməsinin əsas və aparıcı forması hesab olunur. Müqavilə əmək münasibətlərini rəsmiləşdirən, tərəflərin hüquq və vəzifələrini əks etdirən sənəddir. İşəgötürənlə işçi müqavilənin tərəfləri hesab olunur. Burada əmək müqaviləsi haqqında daha ətraflı məlumat vermişik.

Bəzən müəssisələrdə hər hansı bir işin öz qüvvələri ilə icrasında çətinlik yaranır, onlar kənar xidmətlərə ehtiyac duyurlar. Bu halda mülki qanunvericiliklə tənzimlənən mülki-hüquq müqavilələri bağlanılır. Həmin müqavilə mülki hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi yaxud  xitam verilməsi ilə bağlı tərəflər arasındakı razılaşmanı özündə əks etdirir.  Müqavilənin tərəfləri kimi:

  • sifarişçi – xidmətləri satın alan şəxs;
  • icraçı – xidmətləri göstərən tərəf hesab olunur.

Mülki müqavilənin növləri

Müqavilənin 18 yaşı tamam olmuş şəxslərlə bağlanması mümkündür. Mülki-hüquq müqavilələrinin:

  • podrat;
  • xidmət;
  • tapşırıq;
  • agent;
  • müəlliflik müqaviləsi kimi növləri var.

Əmək fəaliyyəti zamanı işçi ilə xidməti müqavilənin bağlanması qanunauyğun deyil. Belə ki, bu kimi hallarda işəgötürən onu vergi uçotuna durmağa məcbur edir və işçi gəlir vergisi, sosial sığorta ödənişlərini ödəməli olur. Bununla da işəgötürən yalnız görülən işin məbləğini ödəyir, üzərinə düşən vergi öhdəliklərini azaltmağa çalışır.

Əmək müqaviləsi və mülki müqavilə arasındakı fərqlər

Bu iki müqavilə arasında bir sıra fərqlər vardır. Bu fərqlərin tərkibi genişdir, onları şərti olaraq aşağıdakı qruplara ayırmaq olar:

  • müqavilələrin rəsmiləşdirilməsi prosesində yaranan fərqlər;
  • əməyin təşkili üzrə fərqlər;
  • işin icrası ilə bağlı fərqlər;
  • sosial təminat üzrə fərqlər.

Müqavilələrin rəsmiləşdirilməsi üzrə fərqlər

  • əmək müqaviləsi əmək qanunvericiliyinə, mülki-hüquqi müqavilələr mülki qanunvericiliyə müvafiq tənzimlənir;
  • əmək müqaviləsi ikitərəfli olmaqla tərəfləri işəgötürənlə işçidir, mülki müqavilələr tərəfləri icracı və sifarişçi olaraq ikitərəfli, çoxtərəfli xarakter daşıyır;
  • mülki müqavilələrdə əmək müqaviləsindən fərqli olaraq əmək kitabçası tələb edilmir;
  • əmək müqavilələrində tərəflərin  münasibətləri tabeçilik, mülki müqavilələrdə  bərabərlik prinsipinə əsaslanır;
  • əmək müqavilələrinin predmeti işçi qüvvəsidir, mülki müqavilədə isə bu, görüləcək işlərin nəticəsidir;
  • mülki müqavilədə əmək müqaviləsindən fərqli olaraq işçinin çalışdığı yer konkret olaraq qeyd edilmir;
  • əmək müqavilələri müddətsiz, ya da qanunvericiliyə uyğun müddətli qaydada, digəri isə müddətli, yaxud görüləcək işlər tam icra olunana qədər bağlanılır.

Əməyin təşkili üzrə fərqlər

  • mülki müqavilələrdə əmək müqaviləsindən fərqli olaraq  sifarişçinin təhlükəsiz, sağlam iş şəraiti yaratmaq öhdəliyi yoxdur;
  • əmək müqaviləsində işçinin əməyi işəgötürənin əsas fəaliyyətinin tərkib hissəsidir, mülki müqavilələrdə isə icraçının fəaliyyəti dövri xarakter daşıyır,  işə qəbul  ştat cədvəlinə uyğun müəyyənləşmir;
  • mülki müqavilələrdə digər müqavilədən fərqli olaraq intizam qaydaları pozulduqda  icraçı qarşı tərəfin tənbehinə məruz qalmır. O, müəssisədən kənarda sərbəst fəaliyyət göstərmək hüququna malikdir;
  • əmək müqaviləsində işçiyə qanunvericiliklə təyin olunmuş minimum həddən az olmayan əməkhaqqının ödənilməsi nəzərdə tutulur, digər müqavilədə isə görülən işin, xidmətin haqqı olaraq verilən ödəniş, avans şəklində, ya da xidmətin nəticəsinə görə təhvil-təslim aktına əsasən təyin edilir.

İşin icrası ilə bağlı fərqlər

  • əmək müqaviləsi üzrə vəzifələrini işçi şəxsən özü icra etməlidi, mülki müqavilədə isə icraçı görülən işi  üçünçü şəxsə həvalə edə bilər;
  • əmək müqavilələri üzrə işçinin əsas yerdəki iş vaxtından sonra əvəzçilik qaydasında əlavə yerdə işləməsi mümkündür. Bu halda onun iş vaxtının müddəti ƏM-də təyin edilmiş normaya qədər olmalıdır. Mülki müqavilələrdə isə icraçı iş vaxtını istədiyi kimi tənzimləyərək imkan daxilində istədiyi sayda sifarişçi ilə işləyə bilər;
  • əmək müqavilələrində işçi öz vəzifəsi üzrə əmək funksiyasını icra etməlidir, mülki müqavilələrdə isə icraçının görəcəyi işlər dəqiq qeyd olunmalıdır;
  • əmək müqavilələrində tərəflər dəymiş zərərə görə məsuliyyətə cəlb olunurlar. Tam maddi məsuliyyət müqaviləsinin bağlanmadığı halda, dəymiş zərər işçi tərəfindən orta əməkhaqqı məbləğində ödənməlidir. Digər müqavilədə tərəflər dəymiş ziyanın tam ödənilməsinə görə məsuliyyət daşıyırlar;
  • əmək müqaviləsi üzrə işçinin istifadə etdiyi əmlak işəgötürənə məxsusdur, mülki müqavilələrdə  icraçının hesabına əldə edilir.

Sosial təminat üzrə fərqlər

  • əmək müqavilələrində işçilərin əmək və sosial təminat hüquqları, məsələn, iş yerin saxlanması, məzuniyyətlər, ezamiyyə xərcinin ödənməsi və s. olduğu halda, mülki müqavilələrdə yalnız sənəddə nəzərdə tutulan təminatlardan istifadə edilə bilər;
  • əmək müqavilələrində sosial sığorta haqqı əməkhaqqı fondundan, digər müqavilədə isə sığortaedən qismində çıxış edən tərəfdən tutulur;
  • əmək müqaviləsində gəlir vergisi işçinin vəzifə maaşından hesablanaraq ödənilir, mülki müqavilələrdə verginin ödənmə qaydası  fiziki şəxslərin gəlir vergisi, yaxud sadələşdirilmiş vergi ödənişlərinə əsasən aparılır;
  • mülki müqavilələrdə müəyyən terminlərdən məsələn, işçi, işəgötürən, iş yeri, məzuniyyət və s. istifadə olunmur;

Bu qeyd olunanlardan məlum olur ki, fiziki şəxslər mülki müqavilələr bağlamaqla ƏM-si ilə müəyyən edilmiş bir çox hüquq və imtiyazlardan məhrum olmuş olur.

Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydalarının tənzimlənməsi

Print Friendly, PDF & Email