Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinətin verilməsi halları

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı ödənilən müavinət

Sosial sığorta dedikdə fiziki şəxslərə “Sosial sığorta haqqında” AR qanunu ilə müəyyən edilmiş hallarda əməkhaqqının itirilməsinə, gəlir və əlavə xərclərinin kompensasiya olunması, həmçinin itirilməsinin qarşısının alınması məqsədi ilə verilən təzminat forması başa düşülür. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi belə hallardan biridir.

Aşağıdakılar sosial sığortanın tərəfləri sayılır:

  • sığortaçı – sosial sığorta üzrə fəaliyyəti həyata keçirən qurumlar (məsələn, DSFM);
  • sığortaedən – AR ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, filial və nümayəndəliklər, dövlət qurumları, seçkili orqanlar, habelə özünü yaxud başqasını sığorta edən şəxslər (məsələn, işəgötürənlər);
  • sığortaolunanlar – xeyrinə sığorta həyata keçirilmiş şəxslər (məsələn, işçilər);

Sığorta hadisəsi baş verdikdə sığortaolunanların qanunvericiliklə müəyyən edilmiş qaydada müavinət almaq hüququ vardır. Müavinət sığortaedənin vəsaiti hesabına sığortaçı tərəfindən ödənilir. Əmək qabiliyyətini müvəqqəti itirilməsi zamanı işçilərə müavinətlərin verilməsi qaydaları AR Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamə əsasında müəyyən olunur. Sığortaolunanın bu hüququ əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır.

Müavinətin təyin edildiyi hallar

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət xəstəlik vərəqəsi əsasında təyin edilir. Xəstəlik yaxud əmək qabiliyyətini itirmək vərəqəsindən başqa hər hansı sənədə görə müavinət təyin edilə bilməz.

Xəstəlik vərəqlərinin verilməsi AR Nazirlər Kabinetinin təsdiq etdiyi “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat” əsasında, səlahiyyətli tibb müəssisələrinin həkimləri tərəfindən həyata keçirilir.

Xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsinin aşağıdakı hallarında qeyd edilən təlimata uyğun olaraq verilir:

  • xəstəlik, məişət zədəsi zamanı;
  • vərəm, psixi və zöhrəvi xəstəliklər;
  • protez-ortopedik müəssisənin nəzdindəki stasionarda olduğu və stasionara gedib-qayıtdığı vaxt üçün;
  • sanatoriya-kurort müalicəsi zamanı;
  • xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
  • epidemioloji hallarda karantin zamanı;
  • AR NK-nın müəyyən etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar;
  • hamiləlik və doğuşa görə məzuniyyət zamanı.

Uzun müddət və tez-tez xəstələnən sığortaolunanlara müvafiq tibb müəssisənin baş həkimi ayrıca həkim təhkim edir və bu haqda həmkarlar ittifaqları komitələrini xəbərdar edir. Həmkarlar ittifaqı təhkim olunmuş həkim haqqında sığorta olunmuş işçini yazılı xəbərdar etməlidir ki, başqa həkimlər tərəfindən ona verilmiş xəstəlik vərəqələri ödənilməyəcək. Bu qayda yalnız müstəsna hallarda həmkarlar ittifaqları komitələrinin xüsusi qərarları əsasında pozula bilər.

Müavinətin ödəniş mənbəyi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi fasiləsiz olaraq ardıcıl verilmiş bir neçə xəstəlik vərəqəsi əsasında davam edərsə, ilk 14 təqvim günü üçün müavinət onların sayından asılı olmayaraq yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsi əsasında fasilələrlə davam edərsə, ilk 14 təqvim günü üçün müavinət onların sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Vəkillər Kollegiyası vəkillərin ödənişləri ilə bağlı elektron qaimə-faktura təqdim etməlidirmi?

Print Friendly, PDF & Email