Bələdiyyə vergiləri: əmlak vergisi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Hansı halda əmlak vergisi bələdiyyə vergiləri qrupuna aid edilir? Bələdiyyə büdcəsinin formalasmasında yerli vergilərin hansı rolu var? Sizə təqdim etdiyimiz məqalədə bu suallar cavab tapmaq olar.

Əmlak vergisi nədir?

Bu vergi növü sərvətdən tutulan vergilərə aiddir, yəni sahib olduğumuz daşınar və daşınmaz  əmlaka, sərvətə tətbiq olunur. Əmlak vergisi, onun yaranma tarixi qədimdir, Roma İmperiyasına gedib çıxır. İnkişaf mərhələsinin ilk dövrlərində fiziki şəxslərin əmlak vergisi yerli vergilər kimi torpaq və pul üzərində mülkiyyətdən tutulurdu. Bu vergi növü Avropada orta əsrlərin sonlarına qədər əsas vergitutmanın forması idi. Sonradan müəssisələrin yaranması ilə  əmlak vergisi daşınar və daşınmaz əmlaka tətbiq edilməyə başladı.

Hazırda Azərbaycanda həm müəssisələrin,  həm də rezident və qeyri-rezident fiziki şəxslərin əmlak vergisi bu və ya digər formada tətbiq edilir. Verginin hesablanması, tutulması və ödənilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin XIII fəslinin müddəaları əsasında tənzimlənir. Hesablanmış əmlak vergisi qanunvericiliyin tələblərinə uyğun həm dövlət büdcəsinə, həm də yerli (bələdiyyə) büdcəyə ödənilir. Bələdiyyə büdcəsinə ödənişlər yerli (bələdiyyə) vergilər qrupunun tərkib hissəsi kimi təsnif edilir.

Fiziki şəxslərin əmlak vergisi

Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan hallarda fiziki şəxslərin əmlak vergisi bələdiyyə büdcəsinə ödənilir və bələdiyyə vergilərinin bir hissəsini təşkil edir. Fiziki şəxslərin əmlak vergisi binalara, su və hava nəqliyyatı vasitələrinə görə hesablanır və ödənilir. Əmlaka görə bələdiyyə vergiləri ödəyən fiziki şəxslər aşağıdakı kimi qruplaşdırılır:

  • rezident və qeyri-rezidentlərin mülkiyyətində olan respublika ərazisində yerləşən binalara görə (tikililər və onların hissələri);
  • rezident fiziki şəxslərin su və hava nəqliyyatı vasitələri üçün (yerindən, istifadəsindən asılı olmayaraq).

Bələdiyyə büdcəsinə köçürülən fiziki şəxslərin əmlak vergisi üzrə dərəcələr Vergi Məcəlləsinin 198.1.1. maddəsi əsasında tətbiq edilir. Hesablamalar zamanı:

  • həm faizlə ifadə olunmuş (mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün);
  • həm də sabit məbləğlər şəklində (digər əmlaklar üzrə) vergi dərəcələri tətbiq olunur.

Əmlak vergisi üzrə vergi dərəcələri

Fiziki şəxslərin əmlak vergisi aşağıdakı dərəcələrlə hesablanır:

  • Fiziki şəxsin mülkiyyətində olan binaların sahəsinin hər kvadratmetrinə görə (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin):

Fiziki şəxsin əmlak vergisi hesablanarkən binaların hər kvadrat metrinə tətbiq olunan vergi dərəcələri

Hesablama zamanı  Bakı şəhərində yerləşən binalara zonalardan asılı olaraq bu dərəcələrə Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq olunur.

  • Su və hava nəqliyyatı vasitələrinə görə:
  • su və hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;
  • mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün – onların bazar qiymətinin 1 faizi.

Bələdiyyə vergiləri üzrə hesablamalar və ödəmələr

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalarına görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanılır. Bir neçə sahibi olan bina üzrə bələdiyyə vergilərinin hesablanması həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq aparılır.

Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək bələdiyyəyə təqdim edir. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur. Bələdiyyələr fiziki şəxslərin əmlak vergisi ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-i və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Yerli vergilər üzrə güzəştlər

Azərbaycan Respublikasının vergi qanunvericiliyində bələdiyyə vergiləri ödəyiciləri üçün bir sıra azadolma və güzəştlər nəzərdə tutulub.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla yuxarıda qeyd olunan, torpaq vergisindən güzəşt verilən fiziki şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.

Bələdiyyə vergiləri üzrə qeyd edilən azadolmalardan başqa fiziki şəxslərin əmlak vergisi üzrə bir sıra müvəqqəti güzəştlər də nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan fiziki şəxslər həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə bu parklardakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) fiziki şəxslər 2019-cu ilin yanvar ayının 1-dək bu fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.

Əmlak vergisi üzrə digər məqamlar

Qeyd etdiyimiz kimi Vergi Məcəlləsinin 198.1-ci maddəsinə uyğun hallarda fiziki şəxslərin əmlak vergisi bələdiyyə vergisi kimi təsnifat olunur. Qalan hallarda əmlak vergisi dövlət büdcəsinə köçürülür (məsələn, fərdi sahibkarın əsas vəsaitləri üzrə vergi).

Yerli büdcəyə ödənilməli olan fiziki şəxslərin əmlak vergisi bələdiyyə qurumları tərəfindən hesablanır, ödəyiciyə təqdim olunur, hissələrlə ödənilir. Bələdiyyə vergiləri üzrə hesablama və ödəmələr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait” əsasında aparılır. Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” AR qanununa əsasən fiziki şəxslərin əmlak vergisi banklar, poçt ququrmları nağdsız ödəmə terminalları vasitəsi ilə aparılır, nağd ödəniş qadağandır.


İdeyaları texnoloji həllərə çeviririk - Genity

Print Friendly, PDF & Email