Gəlir vergisi üzrə maliyyə sanksiyaları və faizlər

posted in: Vergi | 0
birbank biznes

Gəlir vergisindən yayınma halları

Ölkəmizdə fiziki şəxslərin gəlir vergisi üzrə daha çox vergidən yayınma halları iri dövriyyəsi olub pərakəndə satışı həyata keçirən obyektlərdə müşahidə olunur. Bu da onlarda maliyyə sanksiyaları və faizlər şəklində itkilərə səbəb olur. Ticarət mərkəzlərinin çoxunda, supermarketlərdə məsafədən ötürmə qurğuları quraşdırılmasına baxmayaraq, vergi ödəyiciləri satışlarını nəzarət kassa aparatlarına vurmurdular. Düzdür, son illər tətbiq edilən “ƏDV geri al” bu istiqamətdə atılmış ən effektli layihə kimi dəyərləndirilə bilər.

Ümumən, dövriyyəsi böyük olan pərakəndə satış obyektlərində elektron məsafədən ötürmə qurğularının tətbiqinin sürətləndirilməsi  vergi nəzarətini gücləndirməkdə effektli çıxış yoludur. Çünki, vergi orqanı əməkdaşlarının xronometraj qaydasında müşahidə aparmaları həm vaxt, həm də fiziki baxımdan çətinliklər törədir.

Repetitorluq, ev təmiri ilə fərdi məşğul olan şəxslərin də gəlirləri vergiyə cəlb olunmur, vergidən yayınma halları baş verir. Düzdür, qanunla onların vergi ödəməsi nəzərdə tutulmuşdur, lakin buna nəzarət mexanizmi yoxdur. Adı çəkilən fəaliyyət növləri üzrə kifayət qədər böyük həcmdə gəlirlər əldə olunur, lakin bu sahədə fəaliyyət göstərən şəxslər faktiki olaraq əldə etdikləri gəlirləri vergidən yayındırırlar.

Fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması, vergiləri ödəməkdən yayınma halları aşağıdakı formalarda baş verir:

  • qanunvericiliyə uyğun qaydada gəlirlər haqqında bəyannamə təqdim etməmək;
  • gəlirlərin həcmini azaldıb, xərclərin həcmini artırması;
  • əmlakların uçotdan gizlədilməsi;
  • fəaliyyətlərin, əlavə gəlir mənbələri haqqında məlumatların dəyişdirilməsi;
  • vergi güzəştlərini əldə etməkdən ötrü saxta sənədlər təqdim etməklə və sair.

Fiziki şəxslərin gəlir vergisi üzrə vergidən yayınma hallarının sayının artmasının digər səbəbi işəgötürənlər tərəfindən əmək müqaviləsi olmadan işçilərin əmək fəaliyyətinə cəlb edilməsidir.  Son illərdə qeyd edilən istiqamətdə mübarizə tədbirləri gücləndirilib. Belə tədbirlər çərçivəsində işçiləri qanundan yayınaraq çalışdıran bəzi müəssisə rəhbərlərinə qarşı cinayət işləri açılmışdır.

Qeyd edək ki, fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisini VM-in 67.5 maddəsinə əsasən hesablaya bilər.

Gəlir vergisi üzrə maliyyə sanksiyaları

Respublikamızda vergidən yayınma hallarının qarşısının alınması məqsədilə müxtəlif mexanizmlər fəaliyyət göstərməlidir. Belə mexanizmlərdən biri nağdsız ödəniş sisteminin genişləndirilməsi, təkmilləşdirilməsidir. Beləki nağd əməliyyatlar adətən izsiz əməliyyatlar olur.

Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

Elə bəri başdan onu qeyd edək ki, Vergi Məcəlləsinin maliyyə sanksiyalarından bəhs edən bölməsi hansısa konkret qrup vergi ödəyicilərinə yönəlik hazırlanmamışdır. Bu səbəblə maliyyə sanksiyaları ümumi xarakter daşıyır, hansısa maliyyə sanksiyasında nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halı edilən zaman vergi ödəyicisinin vergi mükəlləfiyyətindən asılı olmayaraq (sadələşdirilmiş, gəlir, mənfəət), eyni tədbir görülə bilər.

Məsələn, istər sadələşdirilmiş vergi ödəyin, istər gəlir (mənfəət) vergisi, fərq etməz, əgər siz VM-in 89.3 maddəsinin tələblərini pozmusunuzsa, sizə yüz manat maliyyə sanksiyası hesablanır (VM, maddə 57.2).

Gəlir vergisi martın sonunadək ödənilməlidir. Həmin müddətdə ödənilmədikdə, hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğə əlavə 0,1 faizi cərimə hesablanır.

Nümunə1: Fərdi sahibkar gəlir vergisinin bəyannaməsini gecikdirərək aprel ayının 23-ü təqdim etmiş,  hesablanmış 530 AZN vergi məbləğinin yarısını aprel ayının 30-u ödəmişdir.

Belə təşkilata yuxarı vergi orqanın qərarıyla hesabatı gec təqdim etdiyi üçün 40 azn maliyyə sanksiyası hesablana bilər. Eyni zamanda bununla yanaşı martın 31-indən sonrakı ötmüş 30 gün üçün 15.9 azn məbləğində faizləri ödəməlidir.

Maliyyə sanksiyaları haqqında ətraflı məlumat Vergi Məcəlləsində 57 və 58-ci maddələrdə geniş şərh edilib.

Gəlir vergisindən yayınmaya görə cəza tədbirləri

Qanunvericiliyin tələblərinə əməl etməyən vergi ödəyicilərini yalnız maliyyə sanksiyaları deyil, qanunla müəyyən edilmiş cərimə, habelə digər islah tədbirləri də gözləyir. Məsələn, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş bir sıra cərimələrə baxaq.

Gəlir vergisi ödəyicisi 50000 AZN-i aşmayan məbləğdə vergini ödəməkdən yayınarsa, ona vergi məbləğinin 30 %-dən başlayaraq cərimə məbləği hesablana bilər. Hesablanan cərimənin maksimum məbləği yayındırılan vergi məbləğinin 70%-ini təşkil edə bilər (İXM, maddə 460).

Nəzərə almaq lazımdır ki, vergidən yayınmaya görə həm Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun maliyyə sanksiyası,  həm də inzibati cərimə tətbiq edilə bilməz.

Gəlir vergisini ödəməkdən xeyli miqdarda yayınmaya görə Cinayət Məcəlləsinə əsasən aşağıdakılardan biri tətbiq edilə bilər:

  • verginin 2-3 misli qədər cərimə;
  • 3 ilədək müddətə azadlıqdan məhrumetmə;
  • islah işlərinin tətbiqi.

Xeyli miqdar deyəndə əlli min manatdan iki yüz min manatadək olan məbləğ nəzərdə tutulur (CM, maddə 213).  Qeyd etmək lazımdır ki, maliyyə sanksiyaları, İXM və CM üzrə cəzalar eyni vaxtda tətbiq edilə bilməz.


Print Friendly, PDF & Email