Mənfəət vergisinin ödəyiciləri

posted in: Vergi, Xəbər | 1
birbank biznes

Vergi ödəyiciləri

Mənfəət vergisinin ödəyiciləri və vergitutma elementlərinin (onun obyekti, bazası, dərəcəsi və sair) müəyyən edilməsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsinə görə,  mənfəət vergisinin  müəyyən olunması üçün əsas şərtdir. Bu məqalədə “Azərbaycanda mənfəət vergisi ödəyiciləri kimlərdir?” sualına cavab verməyə çalışacağıq. Digər vergitutma elementləri ilə buradan daha ətraflı tanış ola bilərsiniz.

Nəzərə almaq lazımdır ki, qeyd edilən maddədə sadalananlar hər bir vergiyə xas olan məcburi vergitutma elementləridir. Tutulmanın növündən asılı olaraq onların dəyərləri fərqlidir. Elementlərdən ən azı biri yoxdursa, vergini hesablamaq, ödəmək mümkün deyil.

Hər bir vergi yaxud rüsumla bağlı onların ödənməsinə cəlb edilən şəxslərin müəyyən dairəsi – onların ödəyiciləri müəyyən edilir. Ümumiyyətlə,  vergi ödəyiciləri – “vergi daşıyıcıları”,  vergitutmanın subyektləridir.

Vergitutma subyekti = “vergi daşıyıcısı”

Beynəlxalq təcrübədə, bir qayda olaraq, mənfəət vergisinin ödəyiciləri gəlir əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya müəssisələri – səhmdar cəmiyyətlər, şirkətlər, holdinqlər, kooperativlər və s. təsərrüfat subyektləridir. Büdcə, həmçinin qeyri-kommersiya (dövlət, bələdiyyə) təşkilatları əsas fəaliyyətlərinə əlavə olaraq kommersiya ilə məşğul olduqda mənfəət vergisi ödəyirlər. Ümumiyyətlə, əksər ölkələrdə mənfəətdən vergi ödəyiciləri hüquqi şəxslərdir, amma, məsələn Yaponiyada, həmin kateqoriyaya aid olmayan fərdi sahibkarların da bu vergini ödədiyi hallar mövcuddur.

Azərbaycanda mənfəət vergisi ödəyiciləri kimlərdir?

Mənfəətdən ödənən verginin iqtisadi mahiyyəti ondan ibarətdir ki, o, birbaşa vergidir, onun dəyəri birbaşa alınan mənfəətdən asılıdır. Onun ödəyicilərini  hüquqi şəxslər, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar təşkil edir.   

Mənfəət vergisi ödəyiciləri aşağıdakı kimi qruplaşdırılır:

AR VM-in 13.2.39-cu maddəsi müəssisə anlayışını sahibkarlıqla məşğul olan, yaxud bu məqsədlə yaradılan qurum kimi şərh edir.  Qurumlar dedikdə aşağıdakı şəxslər başa düşülür:

  • ölkəmizin qanunvericiliyinə uyğun şəkildə yaradılmış hüquqi şəxs;
  • hər hansı xarici dövlətin qanunvericiliyinə müvafiq şəkildə yaradılmış hüquqi şəxs: belə hüquqi şəxslərə korporasiyaları, şirkətləri, firmaları, digər analoji qurumları misal olaraq göstərə bilərik. Onların filialları yaxud daimi nümayəndəlikləri də bu kateqoriyaya daxildir.
  • AR qanunvericiliyinə uyğun şəkildə yaradılmış hüquqi şəxslərin cari, digər bank  hesabları olan, sərbəst balansa malik  filial, struktur yaxud digər bölmələri.

Nümunə 1: Yardımsevərlər” QHT sosial sahədə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. 2022-ci ildə təşkilat əsas fəaliyyət məqsədlərinə çatmaq üçün ödənişli seminarlar keçirib. Həmin seminarlardan əldə etdiyi gəlirlərdən,  gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxıldıqdan sonra qalan mənfəətdən mənfəət vergisi ödəməlidir.

Gördüyümüz kimi Azərbaycanda mənfəət vergisi ödəyiciləri həm rezident, həm də qeyri-rezident şəxslər ola bilərlər.

Eyni zamanda, əgər siz qeyri-kommersiya təşkilatısınız, lakin, nizamnamənizə uyğun olaraq əsas fəaliyyət məqsədlərinə çatmaq üçün, sahibkarlıq fəaliyyəti ilə məşğul olursunuzsa, həmin fəaliyyətdən əldə etdiyiniz gəlirlərdən mənfəət vergisi verməli olacaqsınız. Yalnız bundan sonra xalis mənfəəti nizamnamə yaxud digər qeyri-kommersiya məqsədləri üçün istifadə edə bilərsiniz.

Bəs niyə görə, ikinci şərt kimi biz müəssisə olmağı deyil, hüquqi şəxs olmağı qeyd etdik? Çünki, filiallar, struktur bölmələr müəssisə sayılsalar da, mənfəət vergisinin ödəyiciləri sayılmır.

Mənfəət vergisinin ödəyicisi olmağın əsas şərti sahibkarlıq fəaliyyətini həyata keçirmək və hüquqi şəxs olmaqdır.

Azərbaycan vergi qanunvericiliyinə görə fiziki şəxs olmayan istənilən xaricin şəxsin buradakı fəaliyyətində sahibkarlığın mövcudluğunu müəyyən etmək, nəticədə ona müəssisə kimi baxıb- baxmamaq önəmlidir. Belə ki, onun mənfəət vergisi öhdəliyinin yaranması üçün həmin xarici şəxsin hüquqi şəxs statusunda olması zərurəti yoxdur. Əgər burada hansısa bir şirkətlə yaxud şəxslə birgə fəaliyyəti varsa, AR VM-in 103.2 maddəsinə uyğun olaraq, bu fəaliyyətin sahibkarlıq olmadığın sübut etməyənə qədər, ona da mənfəət vergisi məqsədləri üçün müəssisə kimi baxılacaq və mənfəət vergisinin ödəyiciləri kateqoriyasına aid ediləcək.

Əgər siz Azərbaycanda mənfəət vergisi ödəyiciləri kimlərdir, bəyannamələr necə hazırlanır, mənfəət vergisi necə ödənir kimi suallar daha praktik cavab almaq istəsəniz, bizim kurslara müraciət edə bilərsiniz.


Print Friendly, PDF & Email

  1. kanan
    |

    salam