Ehtiyatların ilkin maya dəyərinin hesablanması metodologiyası

posted in: Xəbər | 0
birbank biznes

Biz “Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi metodları” haqqında danışdıq, tətbiqi mümkün olan metodları qeyd etdik. Sizə təqdim edilən bu məqalədə həmin metodları tətbiq etməklə ehtiyatların ilkin maya dəyərinin hesablanması qaydalarını nəzərdən keçirəcəyik.

Ehtiyatların maya dəyərinin hesablanmasına 4 yanaşma

Gəlin belə bir situasiyanı müzakirə edək. Sizin dükanınız var, kitab alıb satmaqla məşğulsunuz, kitab tacirsiniz. Mühasibat baxımından kitablar sizin mal ehtiyatlarıdır. Satışın səmərəliliyini ölçmək üçün ehtiyatların ilkin maya dəyərinin hesablanması metodlarını bilmək böyük önəm daşıyır.

Qeyd etdiyimiz dükanda eyni növ kitablar bəzən eyni, bəzən fərqli qiymətlərə alınır. Kitablar mütəmadi olaraq satılır, vitrinlərin boş qalmaması üçün yenisi alınır. Tutaq ki, vitrinində Lev Tolstoyun “Anna Karenina” kitabından 4 ədəd qalıb. Onların ilk ikisi 18 və 19 manata, digərləri isə 22 və 23 manata alınıb.

Avqust ayında aldığınız bu kitablardan noyabr ayında biri, dekabr ayında isə daha biri satılır. İl bitir, siz alışların, ehtiyatların ilkin maya dəyərinin məbləğini, satışları, kitablara çəkdiyiniz xərcləri müəyyən etmək, əlinizdə hansı kitabdan hansı dəyərdə qaldığını bilmək istəyirsiniz. 

Bu zaman müəyyən suallar yaranır:
Siz satılmış 2 kitab üçün 18 və 19 yaxud 22 və 23 manatı xərc tanıyacaqsınız?
Satdığınız kitabların məhz hansı partiya olduğunu təsbit edə biləcəkmisiniz? Təsbit etsəniz belə bu sizin üçün önəmlidirmi?

Təbii ki, mühasibat uçotunun beynəlxalq standartları bu məsələləri tənzimləyir. Amma, hələlik ehtiyatların ilkin maya dəyərinin hesablanması üzrə standartları bir kənara qoyaq, birlikdə düşünək: “Ümumiyyətlə, burada hansı məntiqli və mümkün hesablama metodları ola bilər?”

  1. Məntiqli olar ki, satılmış kitabları ilk alınmış kitablar olaraq dəyərləndirib, xərc kimi 18 + 19 manat tanıyaq. Bu halda anbarda 2 ədəd, biri 22 manat, digəri 23 manat mal qalmış olacaq.
  2. Başqa bir yanaşma: satılmış kitabları ən axırıncı alınmış kitablar kimi dəyərləndirib, xərc olaraq 22 + 23 manat tanıyaq. Anbar qalığımız biri 18, digəri 19 manat olmaqla 2 ədəd kitab olacaq.
  3. Əgər bu iki variant arasında tərəddüd ediriksə, başqa məntiqli yanaşma ədədi ortadan istifadədir, yəni onların qiymətlərini toplayıb saylarına bölüb, qiymətlərin ədədi ortasını tapırıq (18+19+22+23)/4 = 20,5 manat. 2 kitab üçün xərc 41 manat, qalıq 2 kitabın hər birinin dəyəri 20,5 manat olacaq.
  4. Digər tərəfdən, əgər satdığımız kitabın hansı partiyada alınmış olduğunu təsbit edə biliriksə, ona uyğun xərcləri nəzərə ala bilərik. Deyək ki, noyabrda satdığım kitabı 22 manata aldığıma, dekabrda satdığım eyni kitabı 18 manata aldığıma əminəm. Xərclər buna uyğun olacaq.

Göründüyü kimi, maya dəyərinin hesablanması üzrə adi məsələdə 4 mümkün yanaşma ola bilər. Hətta, daha bir yanaşma ortalığa qoymaq olar: satılmış 2 kitabın birini köhnə partiyadan, digərini yeni partiyadan silmək olar, lakin bu ağlabatan olmadığı qədər, əlverişli də deyil.

Bəs mühasibat uçotunun beynəlxalq standartları (MUBS) nə deyir?

MUBS maya dəyərinin hesablanmış ilə bağlı yuxarıdakı 4 yanaşmanı ortaya qoymur, mümkün dörd haldan yalnız üçünün istifadəsinə icazə verir.

Yuxarıda “Anna Karenina” kitabının dükanda olan bütün nüsxələrinin eyni olduğunu qeyd etmişdik. Hesab edək ki, kitabları anbardan vitrinə düzərkən, yerini dəyişərkən, müştərilərə satarkən, onların hər birinin hansı partiyadan olduğunu müəyyən edə bilmirik. Əslində vitrində necə düzəlməsindən asılı olmayaraq, kitabı alıcı özü seçir, özü götürür. Odur ki, satılmış kitabın hansı partiyadan olduğunu müəyyən etmək çətindir. Yəni satılmış kitabın hansı alışdan (partiyadan) olduğunu bilmirik, bunu bilmək də bizə heç nə verməyəcək. Deməli, hər dəfə ən birinci alınmış malı silə bilərik. Hər dəfə satışı daha əvvəlki partiyadan silməyi iş prinsipi kimi qəbul edib, işçilərə silinmədə “ilk daxil olan, ilk də çıxır” prinsipinə əməl etməyi tapşıra bilərik. Bu FİFO prinsipi adlanır (first in first out).

Əgər məsələyə 2-ci məntiq üzrə yanaşsaq, satdığımız kitablar ən sonuncu kitablar hesab ediləcək. Buna LİFO prinsipi deyəcəyik (last in first out).

3-cü mümkün yanaşmada biz ədədi ortanı hesablayırıq, yəni mallar üçün ümumi vahid orta dəyər tapırıq. Belə yanaşma AVERAGE prinsipi (orta çəkili dəyər) adlanır.

Son olaraq hesab edək ki, satdığımız kitabın məhz hansı alışdan olduğunu bilirik, bunu təsbit etmək bizim üçün önəmlidir. Malın satış vaxtı, onun digərlərinə bənzərliyi bizə maraqlı deyil. Satılan mala, həmin malın alışı zamanı çəkilən xərcin tanınması əsas tələbdir. Standartlarda bu spesifik indentifikasiya (Specific Identification) adlanır.

Ehtiyatların maya dəyərinin hesablanması zamanı bu qeyd edilənlərdən hansının hansı halda tətbiq edilməsi 2 saylı MUBS (IAS2) un 23-27 bəndləri ilə müəyyən edilir.

Dəyərin hesablanması düsturlarının tətbiqinə tələblər

Ehtiyatlarının maya dəyərinin hesablanması zamanı “ilk mədaxil – ilk məxaric” (FİFO) yaxud orta çəkili dəyər prinsiplərinin tətbiqində müəyyən istisnalar var. Bu metodun tətbiq edilmədiyi ehtiyatların siyahısı 2 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartının 23-cü maddəsində verilib.

Müəssisə ehtiyatların ilkin dəyərinin hesablanması zamanı tətbiq olunan düsturu, xüsusiyyəti və istifadə edilməsi baxımından eyni olan bütün ehtiyatlara tətbiq etməlidir. Yəni maya dəyərinin hesablanma qaydası və müvafiq düsturlar seçildikdən sonra müəssisə hər zaman bu metodu ehtiyatların bütün oxşar maddələrinə tətbiq etməlidir. Məsələn, mağazalar ehtiyatlarının qiymətləndirilməsi zamanı FİFO metodundan istifadə edə bilər. Belə olan halda, həmin mağaza bu metodu bütün ehtiyatlarına (çörək, pendir, süd, ərzaq və sair) tətbiq etməlidir.

Müxtəlif xüsusiyyətlərə malik olan, müəssisədə fərqli istifadə edilən ehtiyatların ilkin dəyərini hesablamaq üçün fərqli üsullardan istifadə edilə bilər. Yəni, müəssisənin mahiyyəti və xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənən ehtiyatlarının qiymətləndirilməsi zamanı müxtəlif metodlardan istifadəsi yolveriləndir.

Məsələn, kitab satışları üçün orta çəkili dəyər üsulundan istifadə etmək olar, bu daha rahatdır. Lakin kitab olmayan başqa mal satırsınızsa (məsələn, kofe yaxud gül), onlar üçün fərqli metoddan istifadə etməkdə problem yoxdur.

Başqa nümunəyə baxaq. ”Araz” şirkəti mağaza ilə yanaşı avtomobillərinin təmiri sexini idarə edir. Bu halda mağazanın ehtiyatlarının qiymətləndirilməsində bir metoddan (məsələn FİFO), avtomobil təmiri sexinin ehtiyatlarının qiymətləndirilməsində başqa metoddan (məsələn, orta çəkili dəyər) istifadə edə bilər.

Qeyd edək ki, ehtiyatların müxtəlif coğrafi məkanlarda yerləşməsi yaxud müvafiq vergiqoyma qaydalarında olan fərq, özü-özlüyündə, ilkin dəyərin hesablanması üçün müxtəlif üsulların tətbiqinə əsas vermir.

FİFO metodu yalnız hazır məhsulun, satış üçün alınmış malın maya dəyərinin tapılması zamanı deyil, həmçinin xammalın, yarımfabrikatın istehsala buraxılması zamanı onların silinməsinə tətbiq edilir.

Əlavə dəyər vergisinin dərəcəsi

Print Friendly, PDF & Email