İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

posted in: Xəbər | 0
birbank biznes

Müqavilə üzrə tərəflərin vəzifələri

Əmək münasibətlərinin mühüm elementlərindən biri müqavilə tərəflərinin – həm işəgötürən, həm də işçinin hüquqları, vəzifələridir. Əmək müqaviləsi müəssisə, yaxud təşkilatlarda tərəflərin hüquqları, vəzifələrini təyin edən, işəgötürənlə işçi arasında münasibətlərin rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. Sənəd tərtib olunan zaman tərəflər bir-birinin hüquqlarını, vəzifələrini nəzərə almalıdırlar. Bu hüquq, vəzifələr həm işçinin, həm də işəgötürənin faktiki fəaliyyətini əhatə edir. Hüquqların pozulması, yaxud öhdəliklərin yerinə yetirilməməsi qanunvericiliyin pozulmasıdır. Nümunə kimi İnzibati Xətalar Məcəlləsinin 192 maddəsini  nümunə göstərmək olar.  

Əmək Məcəlləsinin 12-ci maddəsində işəgötürənin əsas vəzifələri, məsuliyyəti şərh edilib.

Müqavilənin məzmunu üzrə işəgötürənin əsas vəzifələri

  • Müqavilənin məzmununu təşkil edən şərtlər qanunvericiliyin tələblərinə uyğun tərəflərin razılığına əsasən təyin edilir. Həmin şərtləri, onlarda nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək işəgötürənin vəzifəsidir. O, işçini müqavilə üzrə müəyyən olunan işlə təmin etməli, onun üçün sağlam, təhlükəsiz iş şəraiti yaratmalıdır.
  • Işəgötürən ƏM, digər hüquqi aktlarla tənzimlənən vəzifələrin yerinə yetirilməsini təmin etməlidir. Onun  fəaliyyətinə müdaxilə edib qanuni hüquqlarının pozulması yolverilməzdir (ƏM 11-ci maddə)
  • İşəgötürən tərəfindən müqavilə ləğv oluna bilər. Müqavilənin pozulması qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduqda, təyin edilmiş qaydalara əsasən icra oluna bilər. Bu qaydalar ƏM-də 70-ci maddə ilə tənzimlənir.
  • Kollektiv müqavilələrdə tərəflərdən biri olan işəgötürən qanunvericiliyin tələblərinə uyğun müəyyənləşən vəzifə və öhdəliklərinə əməl etməlidir. ƏM-nin 29-cu maddəsində qeyd edildiyi kimi kollektiv müqavilələrdə digər tərəf həmkarlar ittifaqı təşkilatıdır. Əgər müəssisədə HI təşkilatı yoxdursa, ikinci tərəf əmək kollektivi olur. Kollektiv müqavilənin icra olunması haqqında əmək kollektivinə hesabat verilməlidir. Onun icrasına tərəflər, icra hakimiyyəti orqanı nəzarət edir.

Əmək mübahisələrinin həlli üzrə məsuliyyət

  • Tərəflər arasındakı fikir ayrılığı, onların mənafelərinin bir-birinə zidd olması əmək mübahisələrinin yaranmasına səbəb olur. Bu mübahisələr həm fərdi, həm də kollektiv müqavilələrdə tərəflərin öz öhdəliklərini yerinə yetirdikləri zaman baş verə bilər. Həmin mübahisələrin məhkəmə yolu ilə həlli ƏM, digər hüquqi aktlarla nizamlanır. İşəgötürən qarşı tərəfin hüquqlarına hörmətlə yanaşmalı, məhkəmənin verdiyi qərarları yerinə yetirməlidir. Məhkəmə qərarı qanuni quvvəyə mindiyi gündə icra olunmalıdır, əks halda işəgötürən məsuliyyətə cəlb oluna bilər.
  • İşəgötürən işçilərin müraciətlərini mütləq qəbul etməli, qeydiyyata almalı, onlara baxılmasını təmin etməlidir. AR-nin “Vətəndaşların müraciətləri haqqında qanununa əsasən bəzi hallar istisna edilməklə, vətəndaşların müraciətlərinə 15 iş günü ərzində baxılmalı olduğu qərarlaşdırılıb. Əgər öyrənmək, yoxlamaq kimi tələbləri olan müraciətdirsə, bu müddət 30 iş gününə qədər uzadılır.

İşçilərin hüquqlarının qorunması üzrə öhdəliklər

  • Təhlükəsiz iş şəraiti yaratmaq, işçilərin həyat və sağlamlığını qorumaq, əməyin mühafizəsini təşkil etmək işəgötürənin vəzifəsidir. Həmçinin, müəssisə nizamnaməsinə, müqaviləyə uyğun olaraq işçilərin sosial müdafiə olunması, maddi, sosial-məişət şəraitinin yaxşılaşdırılması, güzəşt, imtiyazlarla təmin olunması həyata keçirilməlidir.
  • Əmək münasibətlərində işçilər arasında cinsinə, dinınə, milliyətinə və s. səbəblərə görə ayrı seçkiliyə yol verilməsi qəti qadağandır. AR “Gender (kişi və qadınların) bərabərliyinin təminatları barədə”  qanunun 7-ci maddəsinə əsasən cinsindən asılı olmayaraq işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığı, ya da əlavə təhsil aldığı zaman, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən işçilərə eyni  imkanlar yaratmaq  işəgötürənin vəzifəsidir.  Həmçinin, işçilərə bərabər iş şəraiti yaradılmalı, onlara  fərqli intizam tənbehi  təyin olunmamalıdır. Işçiyə qarşı  ayrı-seçkilik olduqda, o,  pozulmuş hüququnu məhkəmə vasitəsilə bərpa edə bilər.
  • AR “Uşaq hüquqları haqqında qanuna, digər hüquqi aktlara əsasən uşaqların hüquqlarının təmin olunmasına tam şərait yaradılmalıdır. Onların sağlamlığı, həyatı və mənəviyyatı üçün təhlükə yaradan işlərdə uşaq əməyinin tətbiqi yolverilməzdir.
  • Müqavilə bildirişi işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilməlidir. Həmin bildiriş qeydiyyata alındıqdan sonra işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra müqavilə hüquqi qüvvəyə minmiş hesab olunur. (ƏM 49-cu maddə).
  • İşçiyə ödənişlərin ödənilməsi AR “Nağdsız hesablaşmalar haqqında  qanuna uyğun tənzimlənməlidir. Həmin  tələbləri icra etməyən işəgötürən qanunvericiliyə  müvafiq olaraq məsuliyyətə cəlb olunur.
  • AR “Məşğulluq haqqında” qanunu məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi, təşkilati əsaslarını, eləcə də işaxtaran, işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanunda tələb olunan öhdəliklərin yerinə yetirilməsi işəgötürənin borcudur.
  • “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 21-ci maddəsində qeyd edilir ki, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyətilə məşğul olmaq, o cümlədən sərbəst olaraq fəaliyyət növü seçərək öz yaşayışını təmin etmək hüququ vardır. İşəgötürən onların bu hüququnu təmin etməyə bocludur. ƏM-nin 16-cı maddəsinə görə əlilliyi olan şəxslərə güzəştlərin, imtiyazların təyin edilməsi ayrı-seçkilik hesab olunmur.
  • İşçinin icbari tibbi sığortası təmin edilməli, bu barədə məlumatlar müqavilədə mütləq göstərilməlidir. AR Tibbi sığorta haqqında qanununun 15-4-cü maddəsinə görə sığortaolunan qarşı tərəfdən  tibbi sığorta etməyi, sığorta haqqının tam həcmdə, vaxtında verilməsini tələb edə bilər.

İşəgötürənin məsuliyyətə cəlb olunması

ƏM-də 11, 12-ci maddələrdə qeyd edildiyi kimi, işəgötürənin hüquq və vəzifələrinin icrasına istənilən müdaxilələr etmək qadağandır. Onun fəaliyyətinə hər hansı müdaxilə edərək hüquqlarını pozan şəxs qanunvericiliyə uyğun  məsuliyyət daşıyacaq. Həmçinin, ƏM-nin tələblərinə əməl etməyərək işçilərin hüquqlarını pozan, müqavilə üzrə öz öhdəliklərini icra etməyən işəgötürən də müvafiq məsuliyyətə cəlb olunur.


Print Friendly, PDF & Email