İşçilərin fizioloji keyfiyyətlərinə görə verilən əsas məzuniyyətlər və onların müddətləri

posted in: Xəbər | 0
birbank biznes

Məzuniyyət, əsas əmək məzuniyyəti anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində uzadılmış əmək məzuniyyəti anlayışı, onun hüquqi tərifi, habelə verilməsi məqsədləri və əsasları yoxdur. Bildiyimiz kimi AR Əmək Məcəlləsi işçilərə verilən əmək məzuniyyətinin müddətinin ən azı 21 gün olmasını tələb edir. Amma praktikada bəzi kateqoriya işçilərin:

  • yaşını,
  • sağlamlığını;
  • əmək funksiyalarının xüsusiyyətlərini və xarakterini nəzərə alaraq məzuniyyət müddətlərinin daha uzun müəyyən edildiyi hallara rast gəlirik.

Məhz bu halları biz şərti olaraq uzadılmış əmək məzuniyyəti adlandıracağıq. Belə hallar hansılardır?

İlk nümunə kimi hər il pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə verilən illik, ödənişli əsas əmək məzuniyyətini göstərmək olar. Bu məzuniyyət:

  • ildə bir dəfə verilir;
  • ödənişlidir, yəni orta əmək haqqı saxlanılır;
  • əsas əmək məzuniyyətidir, yəni müəyyən kateqoriya mütəxəssislərə əlavə məzuniyyət də verilə bilər.

Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən daha çox əmək məzuniyyəti verilən digər kateqoriya teatr-tamaşa, habelə bunlara uyğun digər müəssislərdə çalışan, bədii və artist heyəti, habelə səhnəyə xidmət edən işçilərdir. Həmin kateqoriya işçilər üçün əmək məzuniyyətinin müddətinin tənzimlənməsi burada verilib.

Hər bir dövlət, hər bir xalq onun azadlığı, ərazi bütövlüyü uğrunda vuruşmuş insanlara həssaslıqla yanaşmalıdır. Nəzərə almaq lazımdır ki, müharibə insanların sağlamlığına, psixologiyasına təsirsiz ötmür. Məhz bu səbəbdən belə işçilərin, digər əməkdaşlara nisbətən öz sağlamlığının bərpası, istirahəti üçün daha üzün müddətə ehtiyacı var. Əmək Məcəlləsinə belə işçilər üçün nəzərdə tutulmuş məzuniyyət müddəti minimum 46 gündür.

Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətləri

Fizioloji keyfiyyətlərə görə işçilərə verilən əsas məzuniyyətin müddəti fərqlidir. Həmin işçilərin məzuniyyət müddəti ƏM 119-cu maddə ilə tənzimlənir. Fizioloji keyfiyyətlərlə əlaqədar olaraq işçilər aşağıdakı kateqoriyalara ayrılır:

  • yaşı 18-dən az olan işçilər;
  • əlillər.

Həmin işçilərin məzuniyyət müddətləri müəyyən olunan zaman onların tutduğu vəzifəsi, peşəsi nəzərə alınmır, ƏM-nin 119.1-ci maddəsinə uyğun olaraq  işçinin yaş həddi və əlilliyi əsas götürülür.

18 yaşı tamam olmayan işçilər əlavə iki kateqoriyaya bölünür və onların əsas məzuniyyətinin müddəti aşağıdakı yaş aralığına görə təyin olunur:

  • 16 yaşdan kiçik olan işçilər – minimum 42  gün;
  • 16-18 yaş aralığında olan işçilər – minimum 35 gün.

İndi isə əlilliyi olan şəxslər hansı hüquqlara sahibdir, onlara nəzər yetirək.

Həmin şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyətinin istənilən növü ilə məşğul olmaq, öz yaşayışını təmin etmək hüququ vardır. Əlilliyi olan şəxs dedikdə fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs nəzərdə tutulur. Əmək qabiliyyətini qismən, ya da tam itirən həmin şəxslərin cəmiyyətdə həyat imkanları məhdud olur.

Azərbaycan Respublikası qanunvericiliyinə görə əlilliyi olan şəxslərin işəgötürən tərəfindən sağlam, təhlükəsiz işlə təmin edilməsi zəruridir.

Məcəllənin 119.2-ci maddəsinin ikinci bəndi əlilliyi olan işçilərin məzuniyyət müddətini ən azı 42 gün müəyyən edilir. Məzuniyyətin verilməsi zamanı  aşağıdakılar əhəmiyyət kəsb etmir:

  • orqanizmin funksiyalarının itirilmə faizi;
  • əlillik səbəbi;
  • əlillik müddəti.

Məzuniyyət hissələrə bölünərək verilə bilər, amma hissələrdən birinin müddəti 14 gündən az olmamalıdır. Məzuniyyətin işçinin razılığı olmadan işəgötürən tərəfindən  hissələrə bölünərək verilməsi qadağandır, yəni bu qayda yalnız  işçinin istəyinə əsasən yerinə yetirilə bilər.

ƏM-nin 116-cı (staja görə) və 117-ci (uşaqlı qadınlara əlavə məzuniyyət) maddələri ilə müəyyən edilən məzuniyyətlər 119-cu maddənin əhatə etdiyi şəxslərə aid edilmir.


Print Friendly, PDF & Email