Vergi Məcəlləsi: maliyyə sanksiyaları və faizlər

posted in: Xəbər | 0
birbank biznes

Maliyyə sanksiyası nədir?

İqtisadi hüquqpozmaların müəyyən edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərə maliyyə sanksiyalarının tətbiqi  bazar iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi üçün səmərəli mexanizmlərdən biridir. Azərbaycanda maliyyə sanksiyaları Vergi Məcəlləsinin ümumi hissəsinin V fəsli ilə tənzimlənir.

Sanksiya (latınca “sanctio” – ən sərt qərar) iqtisadi subyektə tətbiq edilən və müəyyən nəticələrə səbəb olan təsir vasitəsidir. İqtisadi subyekt dedikdə bunlar nəzərdə tutulur:

  • fiziki yaxud hüquqi şəxs;
  • iqtisadiyyatın hər hansı bir sahəsi;
  • dövlətlər.

Fiziki və hüquqi şəxslərə tətbiq edilən maliyyə sanksiyaları maliyyə-təsərrüfat fəaliyyəti prosesində mövcud qanunvericilin pozulması nəticəsində fiziki və hüquqi şəxslərə tətbiq edilən, pul ölçüsündə ifadə edilən məcburi təsir tədbirdir.

AR Vergi Məcəlləsi maliyyə sanksiyaları ( cərimələr) üzrə məbləğləri, onların tətbiq qaydalarını müəyyən edir. Məcəllədə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları, habelə ayrı-ayrı hallardı tətbiq edilən cərimə məbləğləri öz əksini tapıb.

Qanun pozuntuları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallarla bağlı olduqda   AR Gömrük Məcəlləsinə uyğun qaydada araşdırılır.

Maliyyə sanksiyalarının formaları

Formasına görə maliyyə sanksiyaları aşağıdakı kimi ola bilr:

  • cərimələr;
  • faizlər;
  • bank hesabları üzrə əməliyyatların məhdudlaşdırılması;
  • sair.

Cərimə öhdəliyi pozan tərəfə tətbiq edilən pul cəzasıdır, onun məbləği sabit pul məbləğində müəyyən edilir. AR Vergi Məcəlləsində maliyyə sanksiyaları və cərimə, demək olar ki, eyni mənada işlədilib. Bundan başqa Məcəllədə “inzibati cərimə” anlayışından istifadə edilir ki, bu da inzibati hüquqpozmalar zamanı tətbiq edilən sanksiyalarla bağlı işlədilir.

Faizlər pul öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə, gecikdirilməsinə görə tətbiq edilən pul sanksiyasıdır. Adətən vaxtı keçmiş öhdəliyin məbləğinin faizi kimi müəyyən edilir və müəyyən müddət ərzində hər gecikdirilmiş gün üçün hesablanır, bundan sonra birdəfəlik tutulur.

Bank hesabları üzrə əməliyyatların məhdudlaşdırılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə almaqla  35.3 və 35.3 maddələrə əsasında həyata keçirilir. Bu müddəalar aşağıdakı hallarda tətbiq edilir:

  • büdcə və büdcədənkənar fondlara vergi və digər məcburi ödənişlər üzrə borclu olduqda;
  • faizlər və maliyyə sanksiyaları müəyyən edilmiş müddətdə ödənmədikdə.

AR Vergi Məcəlləsində sanksiyalar

Vergi Məcəlləsində maliyyə sanksiyaları və faizlər tətbiq sahələrinə görə qruplaşıb:

  • hesabat və məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalar (maddə 57);
  • azaldılan vergilər, habelə digər hüquqpozmalar (maddə 58);
  • vaxtı keçmiş vergilərə görə faizlər (maddə 59);
  • bank əməliyyatı aparan şəxslərə tətbiq olunan sanksiyalar (maddə 60).

VM-in 57 və 57-ci maddələrinin şərhi ilə buradan ətraflı tanış ola bilərsiniz. Vergi ödəyicilərinə Vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən müxtəlif maliyyə sanksiyaları haqqında buraya keçid edərək oxuya bilərsiniz.

Qeyd edək ki, Vergi Məcəlləsində maliyyə sanksiyaları və faizlər əsasən ümumidir, yəni fərqli vergi növləri üçün eyni sanksiya nəzərdə tutulub. Məsələn, vergi hesabatı vaxtında təqdim edilmədikdə tətbiq edilən 40 manat məbləğində maliyyə sanksiyası (maddə 57.1) vergilərin bütün növünə aiddir.

Nümunələr

Maliyyə sanksiyalarına bəzi nümunələr aşağıda verilib:

  • aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (maddə 57.2);
  • sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə vergi orqanına təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə sənədlərin və ya məlumatların tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (maddə 57.3);
  • verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (58.1);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 2000-6000 manat arası məbləğində maliyyə sanksiyası tətbiq edilir (maddə 58.10).

Ayrı-ayrı vergi növləri üzrə tətbiqi Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyaları və faizlər haqqında saytımızın “Vergi” bölməsindən oxuya bilərsiniz.


Print Friendly, PDF & Email