Mədən vergisi və onun proqnozlaşdırılması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Mədən vergisi nədir?

Azərbaycan Respublikasında yerin təkinə mülkiyyət hüququ Azərbaycan Respublikasına məxsusdur, yerin təkindən çıxarılan faydalı qazıntılardan istifadə dövlət tərəfindən tənzimlənir. Mədən vergisi yerin təkindən faydalı qazıntıların hasilatı zamanı yerin təkinin istifadəçilərindən məcburi, fərdi qaydada əvəzsiz tutulan ödənişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə “Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur” (maddə 213).

Dövlət vergisi kimi təsnifləşdirilən bu vergi növü ən yeni ödənişlərdən biri olsa da, tarixən faydalı qazıntıların hasilatına ödənişlər müxtəlif adlar altında tətbiq olunub.

Bizim eranın əvvəllərində indiki Şimali Azərbaycanın və Cənubi Dağıstanın ərazisini əhatə edən Albaniya dövlətinin ərazisi neft, təbii qaz, dəmir, mis və s. kimi qiymətli ehtiyatları ilə zəngin olub. Sonradan bu faydalı qazıntılar ticarət subyektlərinə çevrilirdilər və onlara tutulmalar tətbiq edildi. Məsələn, Şirvanda (Bakıda) neft və duz məhsullarının üzərinə vergi qoyulmuşdur. Bu da müasir dildə mədən vergisi və aksiz vergisi kimi dəyərləndirilir.

Vergi Məcəlləsi üzrə 2022-ci ildə qüvvəyə minən dəyişikliklərə qədər aşağıdakı yerli əhəmiyyətli tikinti materialları üzrə vergi ödənişləri bələdiyyə büdcəsinə ödənilirdi:

  • kərpic-kirəmid gillər;
  • tikinti qumları;
  • çınqıl xammalı.

Dəyişikliklərdən sonra bu ödənişlər də dövlət büdcəsinə daxil edilərək, büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli rol oynamağa başladı.

Mədən vergisi üzrə büdcə proqnozlaşdırılması

Hər bir ölkədə büdcəylə bağlı əməliyyatlar büdcə qanunvericiliyi ilə tənzimlənir. AR büdcə qanunvericiliyinə bunlar daxildir:

  • AR Konstitusiyası,
  • “Büdcə sistemi haqqında qanun,
  • dövlət büdcəsi barədə qanunvericilik aktları
  • normativ hüquqi aktlar, həmçinin AR tərəfdar çıxdığı beynəlxalq müqavilələr.

Büdcəyə daxil olan məbləğlərin həcm proqnozu respublika ərazisində, həmçinin Xəzər dənizinin ölkəmizə aid olan hissəsindən əldə edlən faydalı qazıntılara görə müəyyən edilmiş vergi dərəcələrinin əsasında hesablanır. Bu zaman müxtəlif modellər tətbiq edilə bilər.

Ekonometrik modelləşdirmə zamanı yerin təkindən çıxarılan faydalı qazıntılardan illik hasilat əsas götürülür. Həmçinin ümumi iqtisadi səviyyəni xarakterizə edən ÜDM də nəzərə alınır.

Mədən vergisi üzrə daxilolmaların proqnozlaşdırılmasında səmərəli vergi dərəcələri metodologiyasının tətbiqi zamanı aşağıdakı məlumatlardan istifadə edilir:

Səmərəli vergi dərəcələri metodologiyasında neftin və qazın topdansatış qiyməti, mədən vergisinin dərəcələri, geri vurulan neftin və qazın həcmi, mədən vergisinə cəlb olunan dövriyyə kimi göstəricilər nəzərə alınır

Dövlət büdcəsinə daxilolmalara faydalı qazıntılara görə verginin təsirinin proqnozlaşdırılması qaydası, tətbiq olunan modellər AR NK tərəfindən təsdiq edilmiş metodologiya əsasında seçilir.

Mədən vergisinin büdcə gəlirlərinin formalaşmasında rolu

2021-ci il üçün statistik göstəricilərə  əsasən büdcəyə toplanmış vergilərin tərkibində fiziki şəxslərin gəlir vergisi 9,45%, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 23,39%, torpaq vergisi 0,36%, əmlak vergisi 1,67%, əlavə dəyər vergisi 41,23%, aksizlər 8.74%, mədən vergisi 1.09%, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 10.75%, digər vergilər 3.31% təşkil edib. Son illərin statistik göstəricilərinə əsasən, deyə bilərik ki, bu verginin ümumi vergilərin tərkibində xüsusi çəkisində güclü dəyişiklik olmamışdır (2019-cu il 1,1%, 2020-ci il 1,3%, 2021-ci il 1,1%).

Büdcə gəlirlərinin tərkibində mədən vergisinin xüsusi çəkisi. 2021-ci ilin statistik göstəriciləri

Rəsmi məlumatlar mədən vergisi ödənişlərinin artım tempindən xəbər verir. Məsələn 2022-ci ilin doqquz ayında daxilolmalar əvvəlki dövrlə müqayisədə 2 dəfə çox olub.


Print Friendly, PDF & Email