Mühasib fırıldaqları (2-ci sxem)

birbank biznes

 

Mühasibat – istənilən biznesin mühüm tərkib hissəsidir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan da əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

2-ci sxem
Personalın uçota alınması zamanı və ya “ölü canların” saxlanması ilə bağlı fırıldaqçılıq

Hətta rus yazıçısı Qoqolun yazdığı “Ölü canlar” əsəri də tamah məqsədilə saxta sənədlər düzəltmək yolu ilə bu növ fırıldaqçılıqların mövcud olduğunu təsdiq edir.

Qeyd etmək lazımdır ki, dünyada günümüzdə də bu tip saxtakarlıqlardan heç də məşhur klassikin yaşadığı dövrdəkindən az istifadə olunmur. Bu cür bədəməl rollarda daha çox mühasiblər və kassirlər çıxış edirlər və işçilər üçün nəzərdə tutulan, amma faktiki olaraq müəssisədə çalışmayan adamların adına pul vəsaitləri yazaraq, mənimsəyirlər.

Bu dələduzluq növü üçün ən primitiv sxemdən istifadə olunur – maaş cədvəlinə uydurma işçilərin adını yazmaqla, onlara saxta məvacib təyin edirlər.  Sonra özləri də imzalayaraq, həmin nağd pulları mənimsəyirlər.

Elə də böyük olmayan müəssisə rəhbəri üçün bu cür fırıldaqçılığı aşkara çıxarmaq çətinlik törətmir. Bunu aşkar etməkdən ötrü hər ay mühasibin işçilərə maaş vermək üçün bankdan aldığı nağd pullara nəzarət etmək, yetərlidir. Əgər cari ayda ötən aya nisbətən əmək haqqı məbləği yüksəlibsə (eyni zamanda əməkdaşların sayı olduğu kimi qalıbsa) deməli, bunun izahı üçün mühasibə müraciət etmək lazımdır.

Əgər mühasib qeyri-qanuni bir iş görməyibsə, o faktı asanlıqla izah edəcək: məsələn, qadın əməkdaş körpə uşağına baxmaq üçün çıxdığı məzuniyyətdən geri qayıdıb və  müavinət əvəzinə tam məvacib almağa başlayıb. Yox, əgər fırıldaqçılıq edibsə, bunun üstü dərhal açılacaq.

Çox vaxt mühasib daha hiyləgər hərəkət edir. O, hər hansı bir əməkdaşın işdən çıxmasını gözləyir və sonra sadəcə onun adını mühasibat sənədlərindən silməyi “unudur”, əsasən də maaş cədvəlindən. Belə halda həmin əməkdaş əvvəl olduğu kimi yenə “məvacib” almaqda davam edir ki, həmin məbləğ də mühasibin cibinə gedir. İşçinin əvəzinə isə təbii ki, mühasib özü imza atır.

Bəzi hallarda isə həmin əməkdaşın özü də mühasiblə razılığa gəlir – hər ay maaş cədvəlinə özü qol çəkir və sözügedən məbləğdən öz “payını” alır. Elə də olur ki, mühasib həmin cədvəldən bir neçə belə “ölü canı” silməyi “unudur” – bu fırıldaqdan onun kifayət qədər əlavə gəlir götürdüyünü təsəvvür etmək etmək elə də çətin deyil.

Eyni yolla mühasib digər cinayətkar sxemlərdən də istifadə edə bilər. Məsələn, qadın əməkdaş dekretə və uşağa baxmağa görə məzuniyyətə çıxır, sənədləşməni həyata keçirən mühasib, bunu çox asanlıqla “yaddan çıxara” bilər. Bu zaman əməkdaş qanunvericilikdə nəzərdə tutulan qədər (təbii ki, bu məbləğ tam maaşdan az olur) müavinət alır.

Mühasib isə həmin işçiyə maaş yazmaqda davam edir – təbii ki, qadın əməkdaş yalnız müavinəti alır, fərq isə fırıldaqçının cibinə gedir.

Saxta sənədləşmə yolu və ya uydurma səbəblər vasitəsilə həyata keçirilən bu qrup növündən olan qanun pozuntularına müxtəlif növ kompensasiyaları, müavinətləri və s. aid etmək olar.

Bu cür “ölü canlar” kimi müxtəlif  və qeyri-qanuni sxemlər ucbatından müəssisə xeyli miqdarda maliyyə itkisi ilə üzləşir, çünki bu təkcə məvacibin verilməsi ilə nəticələnmir, həmin saxta maaşlar, müavinətlər, kompensasiyalara görə müəssisənin vergi yükü də artır.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email