Mühasibat uçotunun təşəkkülü və inkişafı (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Əhdi-Ətiqdə çar Solomonun (Süleymanın) söylədiklərini oxuya bilərsiniz: “Kiminləsə daimi ticari münasibətlərdəsinizsə, hesabla və qiymətləndir: nə verirsən və nə alırsan – qeyd elə”. Belə demək olar ki, bu söylənilənlər kontokorrent (hesab, cari hesab) haqqında deyilən ilk sözlərdir. Qədim İudeydə (İsrail) Yerusəlim məbədinin kahinləri, Pasxa zamanı xüsusi qulluqçu bütün kontokorrent hesabları bağlamayana, hesabat hazırlayıb və həmin sənədi nəzarət orqanlarına təqdim edib, onlardan sanksiya almayana qədər öz xidməti vəzifələrinə başlaya bilməzdilər. Məbədə daxil olan bütün ianə və hədiyyələrin nəzərə alındığı təlimatlar mövcud idi. Mehrabın qarşısında duran sandığa ziyarətçilər öz ianələrini qoyurdular. Çar nəzarətçisi və məbədin kahini sonra həmin sandığı açır və orada olan gəlirlərin məbləğini müəyyən edirdilər.

Məlumdur ki, qədim İranda (Persopolda) əmək ödənişləri qismən pulla, digər hissəsi isə natura şəklində ödənilirdi. İşçi idarədən “tələb-sərəncam” alır və onu xəzinədara təqdim edirdi. Xəzinədar da öz növbəsində ödəniş cədvəli tərtib edir və orada pulun verilməsi barədə qeyd aparırdı. Oxşar tələb-sərəncama əsasən ərzaq da buraxılırdı. Fars uçotunun çiçəklənmə dövrü Daranın (e.əvvəl 522-486-cı illər) hakimiyyət illərinə təsadüf edir. Satraplıqlara bölünmüş nəhəng  və çoxmillətli imperiyada daimi əsasda fəaliyyət göstərən ordu, qəti nəzarət funksiyasını həyata keçirən bir  idarənin olmasını tələb edirdi. Bu imperiyada mühasib və nəzarətçilər yalnız üzdə olanları deyil, həm də gizlində olanların da uçotunu aparırdı. Təsərrüfat həyatındakı faktların qeydiyyatı ilə yanaşı, anonim məktubları qeydə alan jurnal da aparılırdı, uçotu aparan adamın özü isə rəsmi olaraq “çarın gözləri və qulaqları” adlandırılırdı.

Qədim Hindistanda isə uçotun təşkili barədə əsas mənbə Artxaşastra və ya “Dövlət quruculuğu haqda elm” – siyasi iqtisadi traktatı hesab olunurdu. Traktat Hindistanın dövlət siyasi quruculuğu ilə yanaşı, həm də mühasibat işləri ilə bağlı (e.ə 4-3-cü əsrlər) məlumatları əks etdirir.

Uçot sənədlərinə nəzarət edən baxıcı onları xüsusi ayrılmış yerdə saxlayırdı. Həmin sənədlərdə aşağıdakı istiqamətlər üzrə məlumatlar əks olunurdu:

  1. Müxtəlif idarələrin köçürmələri və onların fəaliyyətlərinin yekunu barədə;
  2. Gəlirlər, zərərlər, xərclər, itkilər, vergilər, əmək haqqı, emalatxanada ərzaqların emalı zamanı məcburi əməyin ödənişlərinin həcmi barədə;
  3. Qiymətli şeylərin, dəyərli və aşağı dəyərli xammalın qiyməti, ölçüləri, çəkisi, müxtəlifliyi və sayı barədə;
  4. Qanunlar, adətlər, ölkələrin, kəndlərin, cinslərin, ailələrin və icmaların vəziyyəti barədə məlumatlar;
  5. Verilən hədiyyələr, ərazilərdən istifadə hüquqları və vergidən azad olunma, çarın xidmətçilərinin saxlanılması və əmək haqları barədə;
  6. Alınmış qiymətli şeylər, çarın həyat yoldaşları və uşaqlarının torpaqları, onlara verilən güzəştlər, təsadüfi gəlirləri və maddi yardımlar barədə;
  7. Müttəfiqlər və düşmənlər arasında sülh sazişləri və qələbələr əsasında bağlanmış müqavilələrdə nəzərdə tutulan ödənişlər və daxil olan gəlirlər barədə.

Beləliklə, mühasibat uçotu çərçivəsində həm maliyyə, həm də qeyri-maliyyə xarakterli məlumatlar öz əksini tapmışdı.

Eramızın VII-VIII əsrlərində Çində maddi dəyərlərin hesablanmasını həyata keçirən çox inkişaf etmiş uçot sistemi mövcud idi, özü də həmin işlər bütün dövrlər ərzində birbaşa dövlətin  nəzarəti altında aparılıb. Uçotla məşğul olan imperator məmurları müxtəlif bölmələrdə çalışırdılar. Birinci və ikinci bölmələr qiymətli şeylərin daxil olması və xərclənməsini, üçüncü bölmə isə inventarlaşmanı həyata keçirir və qalıqları üzə çıxarırdı. Bu isə ona gətirib çıxarmışdı ki, həmin işlərin həqiqi gedişatı barədə yalnız ali hakimiyyət administrasiyasının təsəvvürü var idi.  Qiymətli maddi dəyərlərin uçotu zamanı Çində dörd sütunlu adlandırılan bir sistemdən istifadə olunurdu ki, onu da aşağıdakı formul şəklində yazmaq olar:

G – X – Q1 – Q2 , burada G – gəlirlər; X – xərclər; Q1 – qiymətli şeylərin son qalıqları; Q2 – başlanğıc dəyərlərin qalıqları.

Müasir Çin müəllifləri bu formulda ikili qeydiyyatın mövcudluğunu görməyə meyillidilər.   Bizim baxışlarımıza görə isə bu formul maddi balansın fərqli şəkildə tərtib edilmiş tənliyini göstərir. Bu ona görə tərtib olunmuşdu ki, daxil olan və buraxılan dəyərli vəsaitlərin hər biri üçün akt tərtib edilsin. Bu qeydiyyat “qırmızı siyahılarda” aparılırdı, hansı ki, ora sözügedən aktlar yazılırdı. Həmin yoxlamaların bir nüsxəsi mərkəzi idarəyə göndərilirdi.

 

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *