Muzdlu işlə əlaqədar gəlir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Əməkhaqqı nədir?

Muzdlu iş əmək müqaviləsi bağlayaraq haradasa çalışdığınız işdir. Belə əmək münasibətlərində iki tərəf var – siz işçisiniz, qarşı tərəf isə işəgötürən. Müqaviləyə əsasən sizə müəyyən vəzifə maaşı müəyyən edilib. Adətən ayın sonu əməkhaqqı alırsınız (Vergi Məcəlləsi, maddə 13.2.34).

Bu proses hamımıza tanışdır, eyni zamanda nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinə əsasən muzdlu işdən gəlir yalnız əməkhaqqı deyil. Sizin iş yerindən əldə etdiyiniz hər hansı fayda, məsələn, ola bilər sizə ödəmə edilsin, ola bilər hansısa ödəməniz  sizə bağışlansın – bunlar muzdlu işdən gəlir hesab edilir.

Ümumiyyətlə, elə bəri başdan, vəzifə maşı ilə əməkhaqqı anlayışlarını fərqləndirsək yaxşı olar. Vəzifə maaşı stabildir, müqavilə ilə müəyyən edilir. Maaşınız, habelə əlavə aldığınız hansısa mükafat, bonus məbləğləri əməkhaqqını formalaşdırır:

Əməkhaqqı = Tarif (vəzifə) maaşı + Əlavələr + Mükafatlar + Digər ödənclər

Yuxarıda qeyd edilənlər əməkhaqqının həm pul, həm də natura formasında ödənişinə aiddir. Qanunvericiliyinə görə natura formasında hal-hazırda yalnız əməkhaqqının 20%-i ödənilə bilər.

Bəzi mühasiblər yanlış olaraq işçinin vergi tutulan gəliri kimi yalnız əməkhaqqını nəzərə tutur. İşçi ilə işəgötürən arasında təsərrüfat fəaliyyəti zamanı çox saylı fərqli hallar yarana bilər. Məsələn:

  • müəssisə öz işçisinə hansısa malı hədiyyə edir, yaxud aşağı qiymətə təqdim edir;
  • əməkdaşın ona olan borcunu bağışlayır;
  • onun hər hansı xərcinin əvəzini qarşılayır.

Bu halların hər biri işçinin muzdlu işlə bağlı gəliri hesab edilərək gəlir vergisinə cəlb edilə bilər, yəni muzdlı işlə əlaqədar gəlir əməkhaqqı anlayışından daha geniş anlayışdır.

İşçinin muzdlu işlə əlaqədar gəlirinə nümunələr

İşçinin işlədiyi yerdən əldə etdiyi gəlirlərin tərkibini bilmək onlara gəlir vergisini düzgün tətbiq etmək üçün vacibdir. Əmək müqaviləsi ilə işlədiyiniz yerdən olan gəlirlərinizdən (əməkhaqqıdan başqa) vergi tutularkən sizin ödədiyiz hansısa məbləğlər, xərclər nəzərə alınmalıdır.

İş yerindən sizə pulsuz edilən hər hansı hədiyyə, yaxud pulsuz yararlandığınız xidmət, bazar qiymətinə uyğun dəyərindən vergiyə cəlb edilməlidir. Bunlar sizin gəlir sayılır

Nümunə 1:  Şirkət  işçisinə  bazarda  dəyəri  120  manat  olan  ayaqqabını  hədiyyə etmişdir. Bu zaman 120 manat muzdlu işlə əlaqədar əldə edilmiş aylıq gəlirə əlavə olunacaq. 

Keçmişdə baş vermiş hadisəyə görə çalışdığınız müəssisəyə borcunuz, öhdəliyiniz sonradan sizə güzəşt edilərsə, yəni sizdən daha istənilməzsə, səmərə axınının qarşısı alındığı üçün bu sizdə gəlir kimi tanınır. Həmin məbləğdən vergi hesablanmalıdır.

Nümunə 2:  İşçinin aylıq maaşı 640 manatdır. Sözügedən işçi bir neçə ay öncə şirkətdən 200 manat borc götürmüşdü. Onun işə can yandırması, ümumi satışın qalxmasıyla əlaqədar şirkət rəhbəri o pulun bağışlanmasıyla bağlı əmr tərtib edir. Deməli əməkdaşın maşı 640 olsa da, muzdlu işdən gəliri 840 təşkil edir. 

Nümunə 3:  Kassir axşam kassasını təhvil verib getmək istəyəndə, məlum olur ki, 390 manat pul çatmır. Hər nə qədər axtarılsa da səbəb, habelə pulun özü tapılmır.

Hal qeydə alınır, rəhbərliyə məlumat verilir. Ayın sonu işçidən həmin pul tutulmalıdır. Lakin ayın sonuna bir neçə gün qalmış rəhbərlik o pulu işçiyə bağışlamaq qərarına gəlir, maaşı ona tam ödənilir. 390 manatında olan məbləğ onun gəlirlərinə daxil edilir.

Çalışdığınız firma hansısa xərcinizi qarşılayıbsa, bu sizin gəlirinizdir.

Nümunə 4: Fərdi sahibkarın köməkçisinin aylıq vəzifə maaşı 600 manatdır. Fərdi sahibkar köməkçisinin sıxıntılarını qarşılamaq məqsədi ilə onun evinin bir aylıq kirayə pulunu (350 manat) işçiyə verir. Bu zaman həmin məbləğ muzdlu işlə əlaqədar əldə edilmiş aylıq gəlirə əlavə olunacaq. Deməli işçinin muzdlu işdən gəliri 600 + 350 = 950 manatdır.

Burada maraqlı bir məqam var: kirayə pulu işçiyə verilməyib qarşı tərəfə ödənilsəydi, gəlirə daxil edilməyəcəkdi.

Sizin işlədiyiniz müəssisə sığorta təşkilatı ilə müqavilə bağlayıb sizi sığortalayıb. Sizə görə sığorta təşkilatına sığorta haqqı ödənilir. Sığorta haqqının məbləği sizin gəlirinizdir.

Nümunə 5: Şirkət özünün menecer heyətini sığortalamaq qərarına gəlir. Menecer heyətinə daxil olan işçini həyatın yığım sığortasıyla sığortalayır, menecerlərə görə aylıq olaraq sığorta şirkətinə 140 AZN ödəniş edir. Deməli sığortalanmış işçilərin muzdlu işdən gəlirləri 140 AZN artmışdır.

Nümunə 6: Müəssisə öz işçisini əmək qanunvericiliyinin tələbinə uyğun icbari sığortalamışdır. Bu zaman müəssisənin sığorta təşkilatına ödənilən sığorta haqqı muzdlı işlə əlaqədar gəlirlərə daxil edilir.

Yuxarıda qeyd edilənlər fiziki şəxsin muzdlu işlə bağlı əldə etdiyi gəliri təyin edir. Bu o anlama gəlmir ki, maddədə qeyd olunan bütün gəlirlərdən vergi tutulur. Məsələn, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə görə sığorta haqlarından gəlir vergisi tutulmur.

Şirkətiniz təhtəlhesab şəxs olaraq sizə avans pul verib. Siz 3 gün ərzində avans hesabatı təqdim etməsəniz, sizə verilmiş vəsait gəliriniz hesab ediləcəkdir. Avans hesabatı versəniz, bununla belə pulun bir hissəsinin xərcləndiyini təsdiq edən sənəd təqdim etməsəniz həmin hissə gəlirinizdir.

Nümunə 7: “A” MMC öz işçisinə ofis ləvazimatları almağa 500 AZN, bank hesabına yatırmaq məqsədi ilə 2500 man. vəsait verir. Lakin işçi 400 manatlıq qəbz gətirir, bank hesabına qoymalı olduğu vəsaiti isə salıb itirdiyini bildirir. Həmin gəlir təhtəlhesab şəxsdən geri qaytarılmadığına görə muzdlu işdən gəlir kimi dəyərləndirilir.

Şirkətin öz işçisini ezamiyyətə yola salmasıyla bağlı çəkdiyi xərclər, o cümlədən işçinin faktiki olaraq xərclədiyi məbləğlərin dəyərinin ödənilməsi onun muzdlu işdən gəliri hesab edilə bilməz.

Nümunə 8: İşçi Sumqayıt şəhərinə 1 günlük ezam edilmişdir. Sumqayıt şəhərində ezamiyyə xərcinin günlük norması 70 manatdır.

Hesab edək ki, işçiyə 120 AZN avans pul verilmişdi. Sumqayıtdan qayıtdıqdan sonra o 100 AZN pul xərclədiyini bildirir. Lakin yalnız otellə bağlı xərc sənədi vardır. Mühasibatlığın tələbiylə avans hesabatını təqdim edir. 20 manatı şirkətə qaytarır.

Deməli otel üçün norma 56 AZN, gündəlik xərclərə görə isə 14 manatdır. Faktiki ezamiyyə xərci sənədlərlə təsdiqlənən xərc olduğuna görə. Burada onun həqiqətən nə qədər vəsait xərclədiyini təsbit etmək çətinləşir.

Qaydalara əsasən norma daxilində olan məbləğ ondan tutulmur. Amma normadan artıq xərclədiyini bildirdiyi 30 manatın sənədləri olmadığı üçün onun gəlirlərinə aid edilir.

Bilmək lazımdır ki, işəgötürən, əmək müqaviləsi ilə işlətdiyi işçinin xərclərini qarşıladığı zaman qarşı tərəfə ƏDV, aksiz və s. vergi ödəmiş olsaydı, həmin məbləğlər də muzdlu işdən gəlirə daxil ediləcəkdir.

İşəgötürənin işçilərinə verdiyi yemək, yaxud onların əyləncəsinə xərclədiyi vəsaitlər istisnadır, belə ki, həmin məbləğlər işçinin vergi tutulan gəlirinə aid edilmir (VM, maddə 98.5).

Beləliklə, əməkhaqqı anlayışı muzdlu işlə əlaqədar gəlirin sinonimi kimi deyil, onun tərkib hissəsi kimi baxılmalıdır. Vəzifə maaşı isə əməkhaqqını formalaşdıran əsas elementdir.


 

Print Friendly, PDF & Email