Sabit vergi necə hesablanır?

posted in: Vergi | 0
birbank biznes

Sabit verginin ödəyiciləri

Sabit vergi sadələşdirilmiş vergi növüdür, fərdi şəkildə, muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən fiziki şəxsin gəlir və dövriyyəsindən asılı olmayaraq ödədiyi sabit vergi məbləğidir. Sadələşdirilmiş vergini sabit vergi məbləği formasında ödəyən vergi ödəyicilərinin tərkibi və onları ödəməli olduğu aylıq sabit məbləğ AR Vergi Məcəlləsinin 220.10-cu maddəsi ilə tənzimlənir.

Sabit vergi ödəyicisi olmaq üçün fiziki şəxs bu maddədə qeyd edilən fəaliyyət növləri ilə fərdi qaydada, muzdlu işçi cəlb etmədən məşğul olmalıdır.

Sabit vergi ödəyicisinin qeydiyyatı üçün onlar vergi orqanında uçotda duraraq VÖEN almalıdır. Sonra isə  qanunvericiliklə onlara icazə verilən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün “Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”  almalıdırlar (Vergi Məcəlləsi, maddə 16.1.7-1).  Qəbzin alınması üçün yazılı yaxud elektron formada vergi qurumlarına müraciət edilir və sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı ödənilir.

Sadələşdirilmiş vergini sabit vergi məbləği formasında ödəyən fiziki şəxslər vergi bəyannaməsi təqdim etmir.

Sabit vergi məbləğinin müəyyən edilməsi

“Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”-in alınması üçün sadələşdirilmiş verginin hesablanması zamanı sabit məbləğ aşağıdakı cədvəl əsasında müəyyən edilir.

Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin ödəyiciləri. Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət Çəkməçi, pinəçi və sairlər

Yuxarıda qeyd edilən sabit vergi məbləği fiziki şəxslərin fəaliyyət göstərdikləri ərazi üzrə fərqlənə bilər, belə ki, onlara Vergi Məcəlləsinin 220.11-ci maddəsinə uyğun aşağıdakı ərazi əmsalları tətbiq edilir.

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
– Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
– Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0;
– Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.

Sabit verginin hesablanması nümunələri

Nümunə 1: Toy məclislərində aşıqlıq edən fiziki şəxsin respublikanın müxtəlif ərazilərində təqdim etdiyi xidmət üçün aylıq sabit vergi məbləği aşağıdakı kimi olacaq:
Bakı şəhərində – 20 * 2 * 1 ay = 40 manat;
Xırdalan şəhərində – 20 * 1,5 * 1 ay = 30 manat;
Yevlax şəhərində – 20 * 1 * 1 ay = 20 manat;
Zərdab şəhərində – 20 * 0,5 * 1 ay = 10 manat.

Əgər həmin aşıq eyni ayda iki müxtəlif ərazidə fəaliyyət göstərəcəksə, bu məbləğlərdən yüksək olanı ödənilməlidir ( məsələn, aşıq sentyabr ayında Yevlax və Zərdab şəhərində toy məclisi aparacaqsa, həmin  ay üçün sabit vergi məbləği kimi 20 manat ödəməlidir).

Nümunə 2: Gəncə şəhərində televizorların təmiri xidmətin göstərən fərdi sahibkar növbəti rüb üçün “Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaq üçün yazılı müraciət edir. Bu zaman o, 45 manat (10 manat * 1,5*3) sabit məbləğdə sadələşdirilmiş vergi ödəyir.

Əgər bu fərdi sahibkar qəbzin alındığı rübün son ayında fəaliyyət gəstərməsə belə, ödənilmiş sabit vergi məbləği geri qaytarılmır və digər dövrlər üçün əvəzləşdirilmir.

Nümunə 3: Zərdab rayonunda fərdi şəkildə foto çəkilişlər həyata keçirən fiziki şəxs
“Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaq üçün 7,50 manat (15 manat * 0,5 = 7.50) sadələşdirilmiş vergi ödəyir.

Yuxarıdakı nümunədə göstərilən fiziki şəxs öz fəaliyyətini fotostudiyada göstərdikdə sabit vergi məbləğinin ödəyicisi olmaq hüququnu itirir.

Nümunə 4: Qazax rayonunda fərdi şəkildə bərbər xidmətləri göstərən şəxs, həm də dərzilik xidməti göstərir. Hər iki fəaliyyət zamanı muzdlu işçi cəlb etmir. B zaman o, hər iki fəaliyyət növü üçün ayrılıqda qəbz almalı və uyğun olaraq 7,5 (15*0.5) və 5 manat (10*0.5) sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəməlidir.

Bu fiziki şəxs növbəti ayda yalnız bərbər fəaliyyəti göstərəcəksə, həmin ay üçün 7,5 manat sabit vergi məbləği ödəməlidir.

Sabit vergi ödəyicisinin digər öhdəlikləri

Qeyd etdiyimiz kimi sabit vergi ödəyicisi müvafiq fəaliyyətlə məşğul olmaq üçün “Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. Qəbzin adından da göründüyü kimi o, eyni zamanda məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını da ödəməlidir. Həmin ödənişlər aşağıdakı qaydada hesablanır:

  • dövlət sosial sığorta – haqqı fəaliyyət növlərinin qeyd edildiyi yuxarıdakı cədvəlin birinci və ikinci sətirləri üzrə minimum aylıq əməkhaqqına nisbətən 5 faiz, digər fəaliyyət növləri üzrə 3 faizi;
  • icbari tibbi sığorta haqqı – bütün fəaliyyət növləri üzrə minimum aylıq əməkhaqqına nisbətən 4 faizi.

Ödənilməli məcburi dövlət sosial sığorta haqqının hesablanması zamanı aşağıdakı ərazi əmsalları tətbiq edilir:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
– Abşeron rayonunda, Gəncə, Sumqayıt şəhərlərində – 1,5;
– Digər şəhər və rayonlarda – 1,0.
Nümunə 5: Bakı şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan fiziki şəxsin sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə aylıq məbləğləri aşağıdakı kimi olacaq:
sabit vergi məbləği – 30 manat (15 * 2,0);
aylıq məcburi sosial sığorta 20,70 manat (345 * 3%) * 2,0)
aylıq icbari tibbi sığorta 13,80 manat ( 345 * 4%)
cəmi ödəniləcək məbləğ 64,50 məbləğ.

Qeyd edək ki, şadlıq evləri, restoranlar, digər ictimai iaşə obyektləri musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirlərinin düzgün müəyyənləşdirilməsi və uçotunun aparılması üçün Qeydiyyat kitab aparırlar. Bu vergi qurumları tərəfindən həmin fiziki şəxslərin fəaliyyətlərinə nəzarət üçün vacibdir. Qeydiyyat kitabının aparılması “Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması Qaydaları” ilə tənzimlənir.


Print Friendly, PDF & Email