Torpaq vergisi nədir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Torpaq ilk vergitutma obyektlərindən biridir. Torpaq vergisinin tarixi vergitutmanın formalaşması ilə bağlıdır, o, qədim dünya və orta əsrlər dövlətlərinin vergi sistemində mərkəzi yer tuturdu. Bunun səbəbi natural təsərrüfatın üstünlük təşkil etməsi, kənd təsərrüfatı istehsalının iqtisadiyyatda aparıcı rolu ilə bağlı idi. Bu məqalədə Azərbaycanda torpaq vergisi haqqında melumat verilir.

Azərbaycanda torpaq vergisinin tarixi

Qədim Misirdə, Yunanıstanda, Romada mövcud olan torpaq ve əmlak vergisi, qədim dövrlərdə, xüsusilə də orta əsrlərdə dövlət gəlirlərinin formalaşmasında mühüm yer tutub. Başlanğıcda natural formada alınan vergi torpaq sahələrinin böyüklüyünə görə müəyyənləşirdi. Sonralar torpaq kadastrı əsasında müəyyən edilən məhsuldarlıq da nəzərə alınmağa başladı.

Müasir Azərbaycanda torpaq vergisi haqqında məlumat verməzdən öncə tarixə qısa bir nəzər salaq. Bütün dövrlərdə torpaq ve emlak vergisi dövlətin, onun əhalisinin  iqtisadi və sosial vəziyyətinə birbaşa təsir edib. Respublikamızın mövcud ərazisində tarix boyu formalaşmış dövlətlər, rejimlər onu “xərac”, “üşr” və digər müxtəlif adlar altında toplayırdılar. Hələ Sasanilərin dövründə xaraq adlı vergi növü var idi ki, bu da əslində torpaq vergisi idi.

XIX əsrin ortalarında bütün torpaqlara şamil edilən “zemski” rüsumu Azərbaycanda torpaq vergisinin tarixi inkişafında yeni mərhələ idi. Bu dövrdə paralel olaraq mülkiyyətdə olan torpaqlara görə də adi qaydada alınırdı.

Torpaqdan alınan vergi XVll – XlX əsrlərdə tam şəkildə formalaşdı. Həmin dövrdə ev, sənətkarlıq vergisi, eləcə də birbaşa vergilərin əsasını torpaq ve emlak vergisi təşkil edirdi. XIX əsrin sonlarında torpaq vergisinin rolu fiskal sistemdə azalmağa başladı. Kadastrın tərtib edilməsi torpağın qiyməti, məhsuldarlığının artımından geri qalırdı. Torpaq vergisinin tarixi inkişafının müasir dövrü, onun vergi yığımlarında xüsusi çəkisinin nisbətən azalması ilə xarakterizə olunur, bir çox ölkələrdə bu vergi növü gəlir vergisi və ya əmlak vergisinin tərkibinə daxil edilir.

Torpaq vergisi nədir?

Azərbaycanda torpaq vergisi haqqında qanunvericiliyin əsasını AR Vergi Məcəlləsi təşkil edir. Məcəllədə verilmiş torpaq vergisi haqqında məlumata əsaslanıb deyə bilərik ki, o:

  • birbaşa vergi növüdür;
  • vergi ödəyiciləri mülkiyyətində yaxud istifadəsində (icarə və ya digər əsaslarla) torpaq sahəsi olan fisiki şəxslər və müəssisələrdir;
  • vergitutma obyekti torpaq sahələridir;
  • vergi dərəcəsi kvadrat metrə tətbiq edilən illik sabit ödənişlər şəklində müəyyən edilir.

Fiziki şəxslərin, fərdi sahibkarlar istisna olmaqla torpaq ve emlak vergisi üzrə vergi dərəcələrinin tətbiqi mexanizmi oxşardır. Müəssisələr və fərdi sahibkar faizlə ifadə olunan faiz dərəcəsindən istifadə edir.

Azərbaycanda torpaq vergisi üzrə qanunvericilik

Azərbaycanda torpaq vergisi haqqında qanun iki dəfə – 1993-cü il fevralın 2-də, 1996-cı il dekabrın 24-də qəbul edilib. 01 yanvar 2001-ci ildən sonuncu qüvvədən düşmüş, onun müddəaları bir qədər dəyişdirilərək Vergi Məcəlləsinin XlV fəslinə daxil edilmişdir.

Torpaq vergisi renta tipli əmlak vergisi xarakteri daşıyır

Azərbaycanda torpaq vergisinin tarixi inkişafına nəzər salsaq, onun əmlak vergisi ilə paralel formalaşdığını görə bilərik. Bu təbiidir, çünki hər ikisi ta qədimdən sərvət növü hesab edilib. Bu səbəbdən də torpaq və əmlak vergisi arasında oxşar cəhətlər var. Vergi dərəcəsi haqqında yuxarıda qeyd etdik. Digər oxşarlıq vergitutma obyektləri ilə bağlıdır: belə ki, torpağın yaxud əmlakın mövcudluğu verginin tutulması üçün kifayət edir. Bu zaman onun gəliri olub-olmaması nəzərə alınmır. Amma fərz edilir ki, münbitliyinə və yerləşməsinə görə daha yaxşı torpaq sahələrindən daha çox gəlir əldə edilir yaxud əldə etmək imkanı var. Odur ki, verginin miqdarı bu meyarlardan asılı olur. Hər vahid torpaq sahəsinə uyğun olaraq sabit məbləğdə torpaq vergisi təyin olunur.

Azərbaycanda torpaq vergisi mülkiyyətçilərin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin torpaq sahəsinə görə hər ilə (bərabər) sabit məbləğlər şəklində hesablanır.

Torpaqdan istifadə hüququ nədir?

Torpaq vergisinin tarixi inkişafının ilkin mərhələsində bu vergi onun sahiblərinə tətbiq olunurdu. Sonrakı mərhələdə, insan azadlığı məsələləri həll edildikcə, istifadəçilər də onu ödəməyə başladı. Yuxarıda, Azərbaycanda torpaq vergisi haqqında məlumat verərkən torpaq istifadəçilərini qeyd etmişdik. Onlar kimlərdir? Ola bilər torpaq mülkiyyətçisi deyilsiniz, lakin bağlanmış müqaviləyə (icarə və s.) əsasən müəyyən müddət ərzində konkret torpaq sahəsindən istifadə edəcəksiniz. İstifadə hüququ:

  • həm müvəqqəti;
  • həm də daimi ola bilər.

Daimi istifadə dedikdə əvvəlcədən konkret müddət müəyyən edilməmiş istifadə hüququ nəzərdə tutulur.

Torpaq sahəsi:

  • dövlətə;
  • bələdiyyələrə;
  • ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus ola bilər.

Adi icarə münasibətlərində torpağın daimi istifadəyə verilməsi halına rast gəlinmir. Daimi əsasla istifadəyə əsasən dövlət, həmçinin bələdiyyə torpaqları verilə bilir. Səbəb isə hər hansı işlərin görülməsi, vətəndaşların mənzil hüququnun həyata keçirilməsi və s. ola bilər.

Daimi əsaslarla söz açdığımız halda torpaqlar əsasən bələdiyyələrə, dövlət hakimiyyət orqanlarına, büdcə təşkilatlarına, dini qurumlara, mənzil istismar sahələrinə, həmkarlar ittifaqlarına verilir.

Bəzən qurumun müvəqqəti yaradıldılması səbəbindən, torpaqdan istifadə hüququ ona müvəqqəti verilir. On beş ilədək istifadəyə verilmiş torpaqlar qısamüddətli, doxsan doqquz ilədək istifadəyə verilmiş torpaqlar isə uzunmüddətli istifadəyə verilmiş hesab edilir. Hansı müddətə verilməyindən asılı olmayaraq qanunvericiliyin tələblərinə uyğun torpaq vergisi ödənilir.

Beləliklə, biz sizə torpaq vergisinin tarixi inkişafı, ümumiyyətlə Azərbaycanda torpaq vergisi haqqında qısa məlumat verdik. Buraya keçid etməklə daha ətraflı məlumat ala bilərsiniz.


Print Friendly, PDF & Email