Vergi öhdəliyi və vergi hesabatları

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi öhdəliyi nədir?

Vergi öhdəliyi (tax obligation – ingiliscə) – vergi ödəyicisinin dövlət qarşısında qanunvericiliyə uyğun yaranan öhdəliyidir. Vergi öhdəliyini yerinə yetirərkən vergi ödəyicisi aşağıdakı hərəkətləri həyata keçirir:

  • vergi ödəyicisi uyğun qurumlarda qeydiyyata alınır;
  • vergitutma obyektlərinin uçotunu aparır;
  • büdcəyə ödənməli vergiləri, digər icbari öhdəlikləri hesablamalı;
  • vergitutma bazası, dərəcələr, büdcəyə ödənilməli olan icbari ödənişlərin məbləğini hesablayır;
  • vergi uçotunu aparmalı, habelə qanunvericiliyə uyğun formaları (vergi bəyannamələri) vergi orqanına təqdim etməlidir;
  • vergi hesabatlarını tərtib edərək müəyyən edilmiş qaydada təqdim edir;
  • büdcəyə icbari ödənişlər üzrə avans və cari ödənişləri ödəyir.

Vergi öhdəliyi vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətlərdə yerinə yetirilməlidir. Vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirmək hüququna malikdir. Vergi öhdəliyi anlayışı Vergi Məcəlləsinin 77-ci maddəsində şərh olunub.

Vergi ödəyicisinin hesablarında yaxud kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq öhdəliklərin yerinə yetirilməsi məcburidir. Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər.

Vergi öhdəliyi və hesabatlılıq

Dəqiq, etibarlı vergi uçotunun aparılması istənilən biznes üçün mühasibat uçotunun vacib aspektidir, vergi öhdəliyinin izlənməsi və sənədləşməsi üçün zəruridir. O, maliyyə uçotunda öhdəlikləri qiymətləndirməyə, düzgün uçota almağa, habelə mövcud vergi qanunlarına uyğun olaraq ödənilməli olan vergi ödənişlərinin məbləğini müəyyən etməyə imkan verir. Düzgün uçot vergi orqanlarına təqdim ediləcək hesabatların tərtib edilməsi zamanı da əhəmiyyətli rol oynayır.

Vergi hesabatlarının tərtibi – qanunvericiliyin tələblərinə uyğun olaraq vergi öhdəlikləri haqqında məlumatların hazırlanması və təqdim edilməsi prosesidir. Vergi hesabatları təkcə uyğun qurumlar üçün deyil, həm də daxili istifadə üçün hazırlanır. Buraya reyestrləri, arayışları, vergi bəyannamələri, habelə vergi orqanlarına təqdim edilən digər formaları aid etmək olar.

Vergi hesabatlarının düzgün, vaxtında verilməsi vacibdir. Vergi hesabatında səhvlər yaxud natamam məlumatlar maliyyə sanksiyalarına, nəzarətedici funksiyalara malik orqanlar ilə problemlərə səbəb ola bilər. Bu da sonradan əlavə öhdəliklər yarada bilər. Ona görə də vergi hesabatlarını qanunvericiliyin tələblərinə əməl etməklə diqqətlə yoxlamaq və hazırlamaq lazımdır.

Mühasibat uçotunun avtomatlaşdırılmasına imkan verən müasir texnologiyalar vergi uçotu və vergi hesabatı prosesini əhəmiyyətli dərəcədə sadələşdirir. İxtisaslaşdırılmış proqram təminatı:

  • hesablamaları avtomatlaşdırmağa;
  • lazımi sənədləri formalaşdırmağa;
  • hesabatların verilməsi müddətləri, habelə qanunvericiliyin tələbləri barədə vaxtında məlumat verməyə imkan verir.

Uçotunun və vergi hesabatlarının optimal idarə edilməsi müəssisəyə qanunvericiliyə əməl etməklə vergi öhdəliyini optimallaşdırmağa, lazımsız xərclərdən, problemlərdən qaçmağa imkan verir.

AR VM-ə görə vergi bəyannamələri vergi məqsədləri üçün vergi hesabatı sayılır (VM, maddə 72.1).

Vergi hesabatları üzrə müddətlər

Vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri hesabatı göstərilən müddətlərdə vergi orqanına təqdim etməlidir. Təqdim edilmə müddəti ayrı-ayrı vergi növləri üzrə Məcəllənin uyğun maddələri əsasında müəyyən olunur.

Vergi bəyannaməsi vergi ödəyicisi tərəfindən

  • şəxsən;
  • rabitə təşkilatına təhvil verilməklə;
  • elektron sənəd formasında göndərilməklə təqdim edilə bilər.

Məcəllənin 74-cü maddəsi hesabatın verilmə müddətinin uzadılma hallarının şərhinə həsr olunub. Bəyannamələrin verilmə müddəti gəlir yaxud mənfəət vergisi üçün üç ayadək uzadıla bilər. Bunun üçün vergi ödəyicisi bu barədə müvafiq qaydada müraciət etməli və uyğun vergiləri tamamilə ödəmiş olmalıdır. Müddətin uzadılması verginin ödənilməsi müddətinə təsir etmir.

Vergilərin ödənilməsi yaxud bəyannamənin təqdim edilməsi müddətinin sonuncu günü qeyri-iş günü olarsa, növbəti iş günü sonuncu gün sayılır.


Print Friendly, PDF & Email