Vergidən yayınmaqla bağlı cəzalar tarixindən (2-ci hissə)

posted in: Məqalə, Vergi | 0
birbank biznes

Planeta jurnalında vergilərdən yayınmaya görə ən qədim zamanlardan, indiki dövrə qədər tətbiq edilən cəzalardan bəhs edən məqalə dərc edilib. Maraqlı olacağını nəzərə olub, onu hissə-hissə sizin diqqətinizə çatdırırıq.

2-ci hissə

İlk müstəmləkə koloniyalarının meydana gəlməsi ilə ticarətlə bağlı vergilər dövlətlərə böyük gəlirlər gətirməyə başladı. Eləcə də Yeni torpaqlara köç edən adamlar üçün vergi güzəştləri tətbiq edilir və pulsuz torpaqlar paylanırdı. Bu isə ona gətirib çıxardı ki, müstəmləkə ərazilərində köhnə dünyadakına nisbətən xeyli yumşaq vergi mühiti formalaşdı və təbii olaraq işgüzar insanlar öz aktivlərini tədricən okeanın o tayına köçürməyə başladılar. Bu həm də ondan irəli gəlirdi ki, müstəmləkə ərazilərində gəlirləri gizlətmək daha asan idi. Müstəmləkə administrasiyaları öz mülkiyyətlərinə tam nəzarət edə bilmir və gəlirlər sözün əsl mənasında gizlədilirdi. Lakin, bu əbədi olaraq davam edə bilməzdi. Çox tezliklə Yeni dünyada da əhalinin gəlirləri üzərində nəzarət sistemi quruldu.

Növbəti vergi bumu Birinci dünya müharibəsi zamanı başlandı. Müharibə aparmaq üçün pul tələb olunurdu və dövlət yığımları kəskin artdı. Böyük Britaniyada gəlir vergisi dörd il ərzində 5 dəfə yüksəldi. Ümumu yığımlar 1905-ci illə müqayisədə 17 dəfə artmışdı və müharibə başa çatdıqdan sonra da onu aşağı salmadılar.

Belə bir çətin şəraitdə kiçik Lixtenşteyndən olan hiyləgərlər, cırtdan knyazlıqda qeydə alınan, lakin onun sərhədlərindən kənarda kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələrə mülkiyyətdən gələn gəlir və mənfəətdən vergi tutulmaması ilə bağlı qanun qəbul etmişdilər. Bundan sonra onlar yalnız qoyduqları sərmayəyə görə vergi ödəməli idilər.  İş o yerə çatmışdı ki, Landtaqın (parlament) sədri Vilhelm Bek əsas fəaliyyətindən asudə vaxtlarda əcnəbi müəssisələrə hesab açmaqda kömək edirdi.

Yeri gəlmişkən, hər bir hiyləgərə qarşı başqa bir çoxbilmiş ortaya çıxa bilər. Bir Amerika şirkəti Lixtenşteyn sxemindən faydalandıqdan və törəmə şirkətlərin səhmlərini yerli müəssisələrə köçürdükdən dərhal sonra ABŞ maliyyə nazirliyi ona qarşı vergidən yayınma ilə bağlı iş qaldırdı. Özü də çox böyük məbləğ idi, 13 milyon dollar. Söhbət müharibədən əvvəlki dollar kursundan gedir. Düzdür, şirkət vəkilləri həmin məbləği 5 milyon dollara qədər endirə bildilər. Lakin, bu da az kömək etdi. Çünki maliyyə naziri Henri Morqentau şirkət sahibinə belə bir seçim təklif etdi: ya könüllü şəkildə American Viscose Corporation şirkətini dövlətə verməlidir, ya da lendliz proqramı çərçivəsində sözügedən şirkət maliyyə yardımı almağa layiq deyil. Courtlands şirkəti seçim qarşısında törəmə müəssisədən imtinanı üstün tutdu.

Yeri gəlmişkən, baxmayaraq ki, müasir anlayışa görə İsveçrə və Lixtenşteyn offşora çevrilmişdilər, bu terminin özü bir qədər sonra, 50-ci illərdə peyda oldu. Sahilsiz mənası verən bu termin ilk dəfə qəzetdə işlədilmişdi, hansı ki, yazıda amerikalı müştərilərlə işləmələrinə baxmayaraq, yüksək vergi ödəməsinlər deyə ABŞ sahilləri yaxınlığındakı adalara köçürülmüş biznes şirkətlərindən söhbət açılırdı.

Offşor sxeminin özü yumşaq desək, heç də yeni bir şey deyildi. Hələ qədim Yunanıstanda malların idxalı və ixracı ilə bağlı vergi tətbiq edilmişdi, o zaman bir çox tacirlər öz mallarını qaçaqmalçılıq yolu ilə qonşu adalara gətirib, ticarəti orada reallaşdırırdılar. Oxşar sxemlərdən sonralar da istifadə olunmuşdu. Məsələn, orta əsrlərdə Flandriya offşora çevrilmişdi, burada öz sərmayələrini ingilis tacirləri xilas edirdilər.

Vergilərin toplanması ilə bağlı dövlətlərin offşorlarla qarşıdurma mərhələsi məhz, həmin dövrə təsadüf edir. Baxmayaraq ki, burada hər hansı bir yenilik yox idi. Qədim Çində olduğu kimi, vergi ödəyən öz mülkiyyətini daha uzaqlara daşıyırdı ki, vergi toplayan onu tapa bilməsin, ikinci isə öz növbəsində həmin mülkiyyətin axtarışı üçün böyük səy göstərirdi. Düzdür, indi maliyyə orqanlarında əlavə alətlər peyda olub.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email