Əlavə dəyər vergisinin dərəcəsi

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanda ƏDV dərəcəsi

ƏDV-nin bir vergi növü kimi müəyyən edilməsi üçün ilk növbədə əlavə dəyər vergisi üzrə vergitutma elementləri müəyyən edilməlidir. Əlavə dəyər vergisi – ƏDV dərəcəsi belə vergitutma elementlərindən biridir (AR Vergi Məcəlləsi, maddə 12).   

ƏDV dolayı vergidir. Onun hesablanması malların (işlərin, xidmətlərin) alıcıya satışı zamanı satıcı tərəfindən aparılır. Hüquqi və fiziki şəxslər əlavə dəyər vergisi ödəyicisi ola bilər. Şərti olaraq bütün ƏDV ödəyicilərini iki qrupa ayırmaq olar:

  1. “Daxili” əlavə dəyər vergisinin ödəyiciləri – Azərbaycan Respublikası ərazisində malların (işlərin, xidmətlərin) satışı zamanı ƏDV ödəyənlər;
  2. “İdxal” əlavə dəyər vergisinin ödəyiciləri – respublika ərazisinə malların idxalına görə ƏDV ödəyənlər.

Satış zamanı ƏDV vergitutma bazasının vergi dərəcəsinə hasili kimi tapılır. AR VR 173-cü maddəsinə görə Azərbaycanda ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın yaxud idxalın 18 faizi kimi müəyyən edilib.

Bəzi əməliyyatlar  əlavə dəyər vergisinə sıfır (0) dərəcə ilə cəlb edilir.

ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması

Sıfır (0) dərəcə ilə ƏDV-nin  hesablanması qanunvericilikdə  müəyyən edilmiş hallarda istifadə olunur, onların arasında Azərbaycan Respublikasından kənarda satışlar, habelə respublika sərhədinin keçməsi ilə əlaqədar göstərilən xidmətlər üstünlük təşkil edir. Belə halların tərkibi AR VM-in 165-ci maddəsi ilə tənzimlənir. Düzdür, bu tərkibdə artıq aktual olmayan hallar da var, amma onlar hələ də siyahıda qalır. Söhbət  Məcəllənin 165.1.8-ci maddəsindən, UEFA 2020 Futbol çempionatının oyunları ilə bağlı müddəalardan gedir.

Vergi Məcəlləsində sadalanan ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması hallarını aşağıdakı kimi qruplaşdıra bilırik:

  • beynəlxalq təşkilatlarla bağlı hallar;
  • qrant müqaviləsi əsasında aparılan əməliyyatlar;
  • bəzi idxal əməliyyatlarında 0 dərəcə ilə ədv; 
  • beynəlxalq yükdaşımalar və xidmətlər.

Sıfır dərəcə ilə əlavə dəyər vergisinin tutlması halları ilə daha ətraflı buradan tanış olmaq olar.

Əlavə dəyər vergisindən azadolmalar

AR Vergi Məcəlləsi 0% dərəcə yaxud ƏDV olmadan satış həyata keçirərək vergi yükünü qismən azaltmağa imkan verir. Onları fərqləndirən cəhət birinci halda vergi ödəyicisinin ƏDV ödəyicisi olması, ikinci halda isə olmamasıdır.

Hər iki halda vergi ödəyicisindən büdcəyə vergi ödənməsi tələb edilmir. Bu, onların oxşarlığıdır.  Fərq isə əməliyyatların mahiyyətindən irəli gəlir:

sıfır dərəcə ilə aparılan əməliyyatlarda vergitutma obyekti var, onlar əlavə dəyər vergisi tutulan əməliyyat sayılır və ƏDV əvəzlədirilməsi aparılır. Əlavə dəyər vergisi olmadan satış zamanı güzəşt onu əvəzləşdirməyə imkan vermir. Sıfır (0) dərəcə ƏDV və əlavə dəyər vergisindən azadolmalar arasında fərq haqqında burada verilib.

ƏDV-ni geri qaytarılması

Qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər verişinin geriyə, ödəyiciyə qaytarılması ƏDV  dərəcəsinə təsir edən amillərdəndr. Məlumdur ki, ƏDV-si dolayı vergidir, onu faktiki olaraq son istehlakçı ödəyir. Məhz bu səbəbdən dövlət bəzən ödənmiş ƏDV-nin geri alınması üçün müəyyən tədbirlər həyata keçirir. Belə tədbirlərə aşağıdakıları nümunə göstərmək olar:

  • yaşayış və qeyri-yaşayış sahələrinin alınması məqsədi ilə vətəndaşların ödədiyi ƏDV məbləğinin  30%-ni qaytarırlır;
  • ticarət və ictimai iaşə obyektlərindən alınan mallara, habelə tibbi xidmətlərə ödənilən ƏDV-nin  geri qaytarılması – geri qaytarılma ödənilmiş əlavə dəyər vergisi məbləğinin 17, 5 (nağdsız hesablaşma) yaxud 5 faizini (nağd ödəniş) təşkil edir;
  • əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aldığı mallara görə (tax free) əlavə dəyər verigisinin geri qaytarılması;
  • əvəzləşdirilən vergi məbləği ilə hesablanmış vergi məbləği arasındakı müsbət fərqin qaytarılması ƏDV-yə sıfır dərəcə ilə cəlb edilən vergi ödəyicilərinə tətbiq edilir;
  • əvəzsiz köçürmələr olduqda –nadir hallarda olsa da təcrübədə vergi ödəyicisinin  beynəlxalq müqaviləyə əsasən əvəzsiz köçürmə etməsi halına rast gəlinir. Belə halda əlavə dəyər vergisi 45 gün ərzində geri qaytarıla bilər.

ƏDV-nin geri qaytarılması qaydaları, bu zaman tətbiq edilən ƏDV dərəcələri ilə buradan ətraflı şərhi ilə buradan tanış ola bilərsiniz.


Print Friendly, PDF & Email