Əmək müqaviləsinin müddəti

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsi

Əmək müqaviləsi işəgötürənin işçi ilə imzaladığı sənəddir. Onun nümunəvi forması Əmək Məcəlləsində verilib. Müqavilənin tərəfləri haqqında burada ətraflı məlumat verilib. Bu məqalədə isə əmək müqaviləsinin müddəti ilə bağlı tələblər haqqında bəhs edəcəyik.

Müqavilə müəssisə, yaxud təşkilatlarda işəgötürənlə işçinin münasibətlərinin rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. Onun vasitəsilə işəgötürən işçini işlə təmin edir, ona əməkhaqqı ödəyir. Bunun müqabilində işçi:

  • səmərəli işləməyi,
  • iş qrafiki qaydalarına əməl etməyi,
  • vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür.

Müqavilə yazılı formada imzalanaraq təsdiqləndiyi gündən etibarlıdır. Bu sənəd ƏM-nin 49-cu maddəsinə görə bəzi istisnalar xaric, dövlət portalında elektron şəkildə qeydiyyata alındıqdan sonra hüquqi cəhətdən qüvvədə olacaqdır.

Əmək müqaviləsinin müddəti

Müqavilənin müddəti barədə izahat Əmək Məcəlləsinin 45-ci maddəsində verilib. Müddətinə görə müqavilənin iki növü var:

  • müddətli;
  • müddətsiz.

Müqavilənin minimum və maksimum müddətləri təyin olunmayıb, bir günlük belə bağlana bilər.

Əgər müəyyən olunmuş vaxt ərzində çalışmaq niyyətiniz varsa, müqaviləni müddətli olaraq bağlamalısınız. Qeyd olunan müddət isə tərəflər arasında anlaşmaya əsasən təyin edilir. Müddətli əmək müqaviləsi 5 ilədək bağlanır.

ƏM-də 45-ci maddəyə əsasən, müqavilədə müddət qeyd edilməyibsə, həmin sənəd müddətsiz qəbul ediləcək. Müddət qeyd edilməyən sənədin tərəflərin istəyinə görə müddətli əmək müqaviləsilə əvəzlənməsi mümkündür.

Müqavilə bağlanarkən əmək funksiyasının  şərtlərinə uyğun olaraq həyata keçirilən vəzifələrin və ya göstərilən xidmətlərin daimi olması barədə əvvəlcədən məlumatlı olduqda, ƏM-nin 47-ci, yəni müddətli əmək müqaviləsi bağlanan halları istisna olmaqla, müqavilə müddət qeyd olunmadan bağlanmalıdır.

Müddətli  müqavilənin bağlanması haqqında buradan daha ətraflı oxuya bilərsiniz.

Əmək müqaviləsinin müddəti ilə bağlı təcrübədə yaşanan bəzi hallar

İşçinin xəstəliklə bağlı işə gəlmədiyi müddətdə əmək müqaviləsinin vaxtı başa catır. Belə hal yaşananda işçinin işə qayıtdığı günü gözləmək lazımdır. İşçi işə qayıtdığı gündən etibarən bir həftə ərzində həmin sənəd  işəgötürənin təyin etdiyi vaxtda ləğv edilə bilər.

Müddətli əmək müqaviləsinin hansı vəziyyətlərdə növbəti vaxta qədər uzadılması mümkündür?

  • sənədin ləğvi ilə bağlı heç bir addım atılmayıbsa, müqavilənin müddəti avtomatik olaraq artır;
  • əmək müqaviləsinin vaxtı bitən zaman yenidən müqavilə tərtib olunur;
  • hal-hazırda bağlanan müqavilənin müddətinin artırılması üçün əlavə hazırlanmalıdır.

Digər hal müddətli müqavilənin fasiləsiz beş ildən sonra da davam etməsidir. Bu zaman aşağıdakılara rast gələ bilərik:

  1. İşçi və işəgötürən arasında hər dəfə 1 və ya 2 il müddətinə müqavilə bağlanır. Həmin qayda ilə müqavilənin müddəti artıq beş ili keçmiş olacaqdır və işçi ilə təkrar müddətli müqavilə bağlamaq mümkün deyildir. Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi 5 ildən sonra müddətsiz kimi qəbul olunur.
  2. İşəgötürən işçi ilə iş şəraitinin şərtlərinə uyğun olaraq (məsələn, hər hansı tender üzrə işin təhvil verilməsi müddətinə uyğun) 6 illik sənəd imzalayır və həmin halda da müqavilə 5 ildən sonra müddətsiz sayılır.

Bu kimi hallarda işəgötürən müqavilənin müddəti başa çatdıqda Məcəllənin 68.2.3 maddəsinə əsasən əmək münasibətlərini sonlandırıb müqaviləyə xitam verə bilər. Əgər işəgötürən  müqaviləni ləğv etmək  istəməsə, fasiləsiz 5 ildən artıq davam edən müddətli əmək müqaviləsi  müddətsiz hesab olunur (maddə 45).


Print Friendly, PDF & Email