Torpaq, tikili və avadanlıqların xaric edilməsi

posted in: Xəbər | 0
birbank biznes

Əsas vəsaitin tanınmasının dayandırılması

“Torpaq, tikili və avadanlıqlar” adlı beynəlxalq mühasibat standartı (IAS 16) əsas vəsaitlərin dörd əsas sahəsini əhatə edir:

Qeyd edilən standarta görə, əsas vəsaitin tanınmasının dayandırılması (yəni “Torpaq, tikili və avadanlıqlar”ın tərkibindən çıxarılması) üçün aşağıdakı hallardan bir olmalıdır:

  • torpaq, tikili və avadanlıqların xaric edilməsi yaxud,
  • iqtisadi səmərə verməyi dayandırması (ləğv edilib silinmə).

Əslində qeyd edilən hər iki halda aktiv xaric edilir, sadəcə birinci halda onun iqtisadi fayda verməsi imkanı hələ də qalır.

Yeri gəlmişkən, “Torpaq, tikili və avadanlıqlar” və ”Əsas vəsaitlər” anlayışları sinonim kimi işlənir. Bunlardan birincisi beynəlxalq uçot standartlarında istifadə olunur. Digəri isə bizə uzun müddət təsiri altında olduğumuz Sovet mühasibatlığından yadigar qalıb. Bu barədə “Torpaq, tikili və avadanlıqlar yaxud əsas vəsaitlər” adlı məqalədə daha geniş şərh olunub.

Torpaq, tikili və avadanlıqların xaric edilməsi nəticəsində əldə edilən gəlirlə aktivin balans dəyəri arasındakı fərq (ilkin yaxud yenidən qiymətləndirilmə modelinin tətbiqindən asılı olmayaraq) xaric edilmədən əldə edilən gəlir yaxud zərər kimi tanınır. Əsas vəsaitin xaric edilməsi zamanı təmiz maliyyə nəticəsi maliyyə və zərərlər hesabatında əks olunur, yəni bilavasitə daxilolma gəlir kimi əks etdirilməməlidir.

Torpaq, tikili və avadanlıqların xaric edilməsi

Mühasiblərin tez-tez rastlaşdığı bu əməliyyatlara aşağıdakıları aid etmək olar:

  • əsas vəsaitin satılması;
  • əvəzsiz verilmə;
  • digər müəssisələrin kapitalında iştirak payı kimi verilmə (maliyyə qoyuluşu qaydasında);
  • inventarlaşma nəticəsində əskik gəlmələr.

Aktivin ləğv edilib silinməsi də (iqtisadi səmərə verməni dayandırması) əsas vəsaitin müəssisədən xaric edilməsi kimi xarakterizə edilə bilər.

Əsas vəsaitin xaric edilməsi üzrə müxabirləşmələr

Torpaq, tikili, avadanlıqlar müəssisənin uzunmüddətli aktivlərinə aiddir və Hesablar Planının 11-ci maddəsi üzrə uçota alınır. AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” -na əsasən əsas vəsaitlərin hərəkəti, o cümlədən xaric edilməsi 111 saylı “Torpaq, tikili və avadanlıqların dəyəri” adlı hesabda aparılır.

111-ci hesabda torpaq, tikili və avadanlıqların xaric edilməsi üzrə müxabirləşmə nümunələri eyni adlı məqalədə verilib.

Torpaq, tikili və avadanlıqların silinməsi  

Əsas vəsaitin xaric edilməsi səbəbindən asılı olmayaraq, mühasibatlıqda torpaq, tikili, avadanlıqların silinməsinin düzgün yerinə yetirilməsi zəruridir. Necə ki, avtomobil sürməyi öyrənən biri üçün sürməklə yanaşı park etmək, yəni avtomobili düzgün, ideal saxlamaq önəmlidir, eləcə də mühasib bu məsələni yaxşı bilməlidir. Çünki torpaq, tikili, avadanlıqlar elə vəsaitlərdir ki, onların gec ya da tez silinməsi mümkündür.

İstənilən avadanlıq özü ömür müddətini gec tez başa vurur. Bəzən hətta əsaslı təmir belə avadanlığı işlək vəziyyətdə saxlaya bilmir, yaxud təmir iqtisadi əlverişli hesab edilmir. Əlbəttə, avadanlığın sıradan çıxdığı, faydalı istifadə müddətini başa vurduğu hallarda, müəssisə gərək əsas vəsait kimi onu ləğv etsin, torpaq, tikili və avadanlıqların xaric edilməsinə uyğun müxabirləşmələr verməklə balansdan silsin.

Əsas vəsaitlər normalda satılmaq üçün deyil, istifadə məqsədi ilə alınır. Əsas etibarı ilə əsas vəsait müəssisənin uzun müddətli fəaliyyətində tam istismar edilsin, müəssisəyə iqtisadi səmərə gətirsin deyə alınır. Hər hesabat dövrünün sonu ona amortizasiya hesablanır. Tam amortizasiya olunduqdan sonra isə dəyəri sıfıra bərabər əsas vəsait olaraq saxlanılır.

Əsas vəsait sıradan çıxarsa, onun təmiri mümkün və ya sərfəli olmazsa, o zaman akt ilə silinir.

Bəzən əsas vəsaitlərdən tam istifadə etmək mümkün olmur. Bu zaman müəssisənin əsas vəsaiti ləğv etmək və  ya torpaq, tikili və avadanlıqların xaric edilməsinə uyğun müxabirləşmələr verməklə balansdan silmək hüququ var.

Əsas vəsaitin satış üçün buraxılması zamanı, ona cavabdeh olan maddi-məsul şəxs əmtəə-nəqliyyat qaiməsi tərtib edir və vəsaiti  alan müəssisə nümayəndəsindən vəkalətnamə alaraq buraxılış əməliyyatını icra edir. Əmtəə-nəqliyyat qaiməsində əsas vəsaitin adı, texniki göstəriciləri, ilkin, bərpa dəyəri, istismar dövründə hesablanmış amortizasiya məbləği əks olunmalıdır.

Silinmənin digər halları

Müəssisə əsas vəsaiti fərqli səbəblərdən də silmək məcburiyyətində qalır. Torpaq, tikili, avadanlıqlar ümumən satılmaq üçün nəzərdə tutulmur, bununla belə satılması tamamilə mümkündür.

Hətta təşkilat fəaliyyətini dayandırmış olsa belə, görsə ki, ona əsas vəsait lazım deyil, onu satmaq barədə qərar qəbul etmək iqtidarındadır. Satış prosedurları, əməliyyatın rəsmiləşdirilməsi ümumi qaydada həyata keçirilir. Satış qiymətinə gəlincə konkret haldan, müəssisə rəhbərliyinin qərarından asılı olaraq satış dəyərinin torpaq, tikili, avadanlığın alış dəyərindən yuxarı yaxud aşağı olması mümkündür. Torpaq, tikili və avadanlıqların xaric edilməsi zamanı satış sənədlərinə həmin aktivin texniki xarakteristikası, habelə digər zəruri sənədlər əlavə edilə bilər.

Satılmaqdan savayı, torpaq, tikili və avadanlıqlar qrupuna aid olan aktivin sıradan çıxması halları az-az olmur. Hər iki halda onların silinməsi baş verir. Bundan başqa əsas vəsait əvəzsiz olaraq kiməsə verilər, yaxud iştirak payı kimi digər müəssisənin kapitalına əlavə edilər, hətta adi inventarlaşma zamanı əksik gəlmiş olar.

Biz nizamnamə kapitalı kimi başqa müəssisəyə qoyulmanı dedik, amma unutmayaq, əksində də ola bilər, yəni konkret təşkilatdan əsas vəsaitin çıxışı payçının (səhmdarın) öz payını geri götürməsi formasında da ola bilər. Təşkilat ləğv edilən zaman bütün payçıların belə bir hüququ yaranır və torpaq, tikili və avadanlıqların xaric edilməsi qaydalarına uyğun olaraq bu hüquqdan istifadə edə bilər.

İtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?

Print Friendly, PDF & Email