Əmək məzuniyyəti anlayışı

posted in: Xəbər | 0
birbank biznes

Əmək məzuniyyəti nədir?

Hər bir işçinin AR Konstitusiyası ilə təmin edilən istirahət, o cümlədən məzuniyyət hüququ var.  Əmək məzuniyyəti  işçiyə verilən məzuniyyət növlərindən biridir, Əmək Məcəlləsinin 113-cü maddəsində müəyyən olunub. Onun tətbiq məqsədi bir müddət işlədikdən sonra işçinin fiziki və zehni bərpasının, sağlamlığının mühafizəsi üçün istirahət ehtiyacının təmin edilməsidir. Əsas və əlavə məzuniyyət əmək məzuniyyətinin tərkib hissələridir.

İşçinin əmək məzuniyyət hüququ onun işə qəbul edildiyi gündən, ondan istifadə hüququ isə ilk iş ilinin 6 ayı bitdikdən sonra yaranır (müəyyən istisnalarla, ƏM, maddə 113). Altı ay minimal müddətdir, əmək məzuniyyəti 6-11 aydan sonra da verilə bilər.

Növbəti illərdə məzuniyyət işəgötürənlə işçi arasındakı qarşılıqlı razılaşmaya əsasən müəyyən edilmiş qrafikə uyğun verilir. Məzuniyyətlərin verilmə qaydası haqqında buradan ətraflı məlumat əldə etmək olar.

Əsas məzuniyyəti əmək məzuniyyətinin bir hissəsidir, minimum müddəti işçi kateqoriyasına uyğun dəyişir (21 yaxud 30 təqvim günü). İş yeri saxlanılmaqla il ərzində bir dəfədən az olmayaraq təyin olunur, ödənişlidir.

Əlavə əmək məzuniyyəti müəyyən xüsusiyyətlər (iş şəraiti, əmək funksiyası, əmək stajı və sair) nəzərə alınmaqla işçinin əsas məzuniyyətinə əlavə edilmiş təqvim günləridir (ƏM, maddə 134). Ondan əsas məzuniyyətlə birgə, yaxud ayrılıqda istifadə etmək olar.  

İşəgötürən işçiyə nə vaxt məzuniyyət verməlidir?

Bəzi hallarda kadr xidməti və mühasibatlıq  işçiləri əmək məzuniyyətinin hər təqvim ili üçün verildiyini güman edir, amma bu belə deyil. Məzuniyyət iş yeri və orta əməkhaqqı saxlanılmaqla hər il iş ili ərzində verilir.

İş ili müddəti təqvim ilinə bərabər olan, lakin hər bir işçi üçün, onun işə qəbul olunduğu gündən hesablanır.

Əmək məzuniyyətlərinin verilməsinin başqa vaxta keçirilməsi mümkündür, amma bu zaman hər iki tərəfin razılığı lazımdır.

Başqa vaxta keçirilmə dedikdə qrafiklə nəzərdə tutulmuş vaxtın:

  • bir aydan başqa aya;
  • cari iş ilindən növbəti iş ilinə;
  • növbəti təqvim ilinə keçirilməsi başa düşülür.

Cari iş ilində işçiyə tam əmək məzuniyyətinin verilməsi təşkilatın, fərdi sahibkarın normal fəaliyyətinə mənfi təsir göstərərsə, işçinin razılığı ilə məzuniyyətin bir hissəsinin növbəti iş ilində işçiyə verilməsinə icazə verilir.

İşçilərin məzuniyyətlərinin hesablanması zamanı onların iş günləri əsas götürülür. Lakin onun müddəti ƏM-nin 113-cü maddəsinə əsaslanaraq təqvim günləri ilə hesablanır. ƏM-də 114-cü maddəyə görə bayram günləri iş günü hesab edilmədiyi üçün həmin müddətə aid deyil və ödənilmir.

Məzuniyyətin müddəti qanunvericiliyə uyğun müəyyən edilməlidir. Məzuniyyətin tərəflərin razılığı ilə hissələrə bölünərək verilməsi mümkündür. Lakin bu halda həmin hissələrdən birinin müddəti 14 gündən az olmamalıdır. İşçinin məzuniyyətinin istifadə olunmamış hissəsi növbəti ildəki məzuniyyətlə birlikdə verilə bilər. ƏM-nin 135-ci maddəsinə görə işçiyə, müvafiq il ərzində istənilən səbəbdən istifadə edə bilmədiyi məzuniyyətə görə kompensasiyanın verilməsi təmin edilməlidir.

Qeyd edilənlər həm əsas iş yeri, həm də əvəzçilik üzrə işləyən şəxslərə aiddir.


Print Friendly, PDF & Email