Əmək məzuniyyətlərinin verilməsi qaydası

posted in: Xəbər | 0
birbank biznes

Əmək məzuniyyətinin verilmə qaydası

İşçinin normal istirahəti, iş qabiliyyətini möhkəmləndirmək, eləcə də sağlamlığını mühafizə etmək məqsədilə ona müəyyən vaxt aralığında məzuniyyətin verilməsi təmin edilir. əzuniyyətlər və onların növləri haqqında ətraflı məlumatı buradan əldə etmək olar. Bu məqalədə isə məzuniyyətin verilmə qaydaları, həmçinin bəzi işçilərə edilən istisnalar barədə bəhs ediləcək.

Əmək məzuniyyəti işçiyə iş ilinə görə təyin edilir. Lakin işçinin iş ilini təqvim ilindən fərqləndirmək lazımdır, yəni məzuniyyətə görə təqvim ilinə yox, müvafiq iş ilinə diqqət etmək lazımdır.

İşçinin müqavilə bağlayaraq işə başladığı gündən növbəti ildəki həmin günə qədər olan müddət onun iş ili hesab olunur.

Təqvim ili dedikdə isə yanvarın 1-dən başlayaraq dekabrın 31-nə qədər olan dövr nəzərdə tutulur. Məzuniyyətin müddəti isə Əmək Məcəlləsində 113-cü maddəyə əsasən təqvim günləri ilə hesablanır. Əgər bayram günlərinin hər hansı biri məzuniyyət müddətinə düşərsə, iş günü hesab edilmədiyi üçün həmin müddətə aid edilmir, ödənilmir (ƏM maddə 114).

Nümunə 1: “A” MMC-də mühasib vəzifəsində çalışan Həsənov Adil 01.03.2022-ci ildən etibarən 10 günlük məzuniyyət hüququndan istifadə etmək istəyir. Lakin 10 gün içərisində olan 8 mart Beynəlxalq Qadınlar günü bayram günü olduğuna görə həmin müddətə daxil edilmir. Belə olan halda, Adilin işə qayıtma tarixi necə olacaq?

Həlli: Adil martın 1-dən martın 10-na qədər olan müddətdə məzuniyyətdə olmalı, 11.03.2022-ci il tarixində işə qayıtmalıdır. Amma martın 8-i bayram gününə düşdüyü üçün Adilin məzuniyyəti 11 mart bitir, 12 mart isə işə qayıdır.

Məzuniyyətlərin verilmə qaydaları Məcəllənin 131-ci maddəsi ilə tənzimlənir. Hansı iş ilinə – birinci, yaxud sonrakı ilə verilməsindən asılı olaraq məzuniyyətlərin verimə qaydaları fərqlidir. İşçinin məzuniyyət hüququ tərəflər arasında müqavilənin bağlandığı vaxtdan yaranmış hesab olunur. Lakin ilk iş ilində işçi 6 ay işlədikdən sonra ilin sonunadək məzuniyyətdən istifadə edə bilər, yəni ona məzuniyyətin təyini üçün ən azı 6 ay əmək stajının olması zəruridir. Sonrakı illərdə isə eyni şərt tələb edilmir. Bu zaman məzuniyyət işəgötürənlə işçi arasındakı qarşılıqlı razılaşmaya əsasən müəyyən edilmiş vaxtda təyin edilə bilər. Təbii ki, bu ümumi normadır və bəzi  istisnalar mövcuddur.

Məzuniyyətin verilməsi qaydasında istisnalar

ƏM-nin 131-ci maddəsinə əsasən bəzi işçilər üçün ilk altı aylıq şərti tələb olunmur. Belə ki,  həmin işçilər işin birinci ilində müqavilənin bağlandığı vaxt  nəzərə alınmadan məzuniyyətdən istifadə hüququna malikdirlər. Bu kateqoriyadan olan işçilər aşağıdakılardır:

  • qadınlara hamiləliklə əlaqəli verilən sosial məzuniyyətdən əvvəl, ya da sonra;
  • 18 yaşı tamam olmayan işçilər;
  • hərbi xidməti bitirdikdən  sonra 3 ay müddətində işə başlayan işçilər;
  • əsas iş yerində məzuniyyətə buraxılan əvəzçiliklə işləyənlər;
  • hərbi qulluqçuların həyat yoldaşları;
  • təhsil alan şəxslər-imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
  • əlillər.

Həmçinin, pedaqoji işçilər üçün də müqavilənin bağlanma tarixinin heç bir əhəmiyyəti yoxdur. Təlim-tədris prosesində iştirak edən pedaqoji işçilər uşaqların yay tətilinə çıxdığı dövrdə əmək məzuniyyətindən istifadə edirlər.

Məzuniyyətlər növbəlilik cədvəli şəklində hər təqvim ili üçün tərtib olunmalıdır. Məzuniyyətin işçiyə təyini istənilən vaxt mümkündür, bir şərtlə ki, müəssisənin normal  işinin pozulmasına səbəb olmasın.

Məzuniyyətin verilməsinin rəsmiləşdirilməsi

Məzuniyyətin rəsmiləşdirilməsi ƏM-də 138-ci maddəyə uyğun müəyyən olunur. İlk olaraq işçi məzuniyyətə çıxması barədə ərizə ilə müraciət edir. Məzuniyyət ərizəsinin xüsusi forması Əmək Məcəlləsi və ya başqa qanunlarla tənzimlənməyib. Ərizə zəruri faktları (məsələn, məzuniyyətin başlanması tarixi, məzuniyyətin müddəti, hansı dövrlər üçün verilməsi) əks etdirsə, sadə olsa kifayətdir.

Məzuniyyət işəgötürənin əmrinə əsasən rəsmiləşdirilir. Əmr məzuniyyətin başlamasından ən azı 5 gün əvvəl verilməlidir. İşçiyə məzuniyyət müddətində əməkhaqqının (“məzuniyyət pulu”) verilməsi qanunvericiliklə müəyyən olunan təminatlardan biridir. Əməkhaqqı məzuniyyətin başlamasına ən azı 3 gün qalmış ödənməlidir.


Print Friendly, PDF & Email