» » » 18 yaşına çatmayan işçilərin hüquqları – Çoxumuz bunları bilmirik

18 yaşına çatmayan işçilərin hüquqları – Çoxumuz bunları bilmirik

posted in: Xəbər | 0
Print Friendly, PDF & Email

Mövzuya keçməzdən əvvəl bildirmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyası və Əmək Məcəlləsinə əsasən 15 yaşı olan hər bir fərd əmək qabiliyyətli hesab olunur və onların əmək fəaliyyətinə cəlb olunmasına icazə verilir.

Bəs 15 yaşına çatmayanlar?

İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000-1500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3000-5000 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi qanunvericilik bu hissədə çox dəqiqdir.

Mövzu ilə əlaqədar ətraflı şəkildə 18 yaşı tamam olmayan işçilərin bilinməyən və ya az bilinən, lakin mütləq bilinməsi gərəkən hüquqlarını izah etməyə çalışacağıq.

Əvvəla bildirək ki, əksər müəssisələrin əmək müqaviləsində başlıca qeyd etdiyi sınaq müddəti şərti 18 yaşına çatmayan işçilərə aid edilmir.

Həmçinin yaşı 18-dən az olan işçilər işəgötürən tərəfindən attestasiya da oluna bilməzlər.

18 yaşına çatmayan işçilərin digər başlıca hüquqları aşağıdakı kimidir:

  • 16 yaşınadək işçilər üçün həftəlik 24 saat, 16 yaşdan 18 yaşınadək işçilər üçün isə 36 saatdan çox olmayaraq iş saatı tətbiq edilməlidir.
  • Bu iş saatlarını nəzərə almaqla 18 yaşına çatmayan işçilər həm əsas, həm də əlavə iş yerlərində çalışa bilər və bu iş yerlərində iş saatının cəmi yuxarıda göstərilən müddətləri ötməməlidir.
  • Yaşı 16-dan az olan işçilərə 1 iş ili üzrə 42, 16 yaşdan 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq məzuniyyət verilməlidir.
  • Bu kateqoriya işçilərin azyaşlı olması və ya peşə səviyyəsinin aşağı olması səbəbinə görə işə qəbulundan imtina qadağandır.
  • Əmək şəraiti ağır, zərərli işlər, yeraltı işlərdə, şaxta, tunellər, spirtli içki satan və ya daşınan, saxlanan, əxlaqi kamilliyə zərərli iş yerlərində, bar, kazino, gecə klublarında, həmçinin icbari ümumi orta təhsil almaq imkanından məhrum edən iş yerlərində çalışmaq bu kateqoriya işçilər üçün qadağandır.
  • yaşı 18-dən az olan işçilər mütləq tibbi müayinədən keçməklə işə qəbul olunur və 18 yaşı tamam olanadək hər il işəgötürənin hesabına tibbi müayinədən keçməlidir.
  • 16 yaşdan 18 yaşınadək kişi işçilər ümumi işlərlə yanaşı 15 kq-dan artıq yükü əl ilə daşımağa, 10 kq-dan artıq yükü 1.5 metr hündürlüyə qaldırmağa, xanım işçilər isə 10 kq-dan artıq yükü əl ilə daşımağa, 5 kq-dan artıq yükü 1.5 metr hündürlüyə qaldırmağa cəlb oluna bilməz.
  • 16 yaşdan 18 yaşınadək işçilər ümumiyyətlə bütün gün 10 kq-dan artıq yükün daşıma və qaldırılması işinə cəlb oluna bilməz.
  • yaşı 16-dan az olan xanım işçilər bütün iş günü yükün qaldırılma və daşınması işinə cəlb oluna bilməz.
  • yaşı 18-dən az olan işçi axşam saat 20:00-dan növbəti gün səhər 07:00-dək olan işlərə, iş vaxtından artıq işlərə, bayram və istirahət günü işləməyə cəlb edilə, həmçinin məzuniyyətə göndərilə bilməz.

Yekunda isə qeyd edək ki, yaşı 18-dən az olan işçilər qısaldılmış iş rejimində çalışsa da, əmək haqqı yaşlı işçilərlə gördükləri işə uyğun dərəcədə olmalı və onların əmək müqaviləsinə peşəkarlığına və ya ixtisasının kifayət dərəcədə olmadığına görə işəgötürən tərəfindən xitam verilə bilməz.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *