Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi metodları

posted in: Xəbər | 0
birbank biznes

Ehtiyatların qiymətləndirilməsinin əsas metodları 

Mühasibat uçotu subyektlərində qiymətləndirilmə metodunu onlar müstəqil seçir. Bu zaman nəzərə almaq lazımdır ki, seçilmiş metod satılan ehtiyatların dəyərinə və onların dövrün sonuna qalığına təsir edir.

Ehtiyatların ilkin dəyəri üzrə qiymətləndirilmə zamanı tətbiq edilən əsas metodları aşağıdakılardır:

  1. Spesifik identifikasiya metodu – adətən qarşılıqlı əvəzlənməsi mümkün olmayan (məsələn, sifarişlə istehsal olunan məhsullar), habelə istifadəsi xüsusi layihələrdə nəzərdə tutulan mal və xidmətlər üçün tətbiq olunur.
  2. Çəkili orta dəyər metodu – ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi alışların orta çəki qiymətinin tapılması yolu ilə hesablanır. Orta qiymət alışların cəmi məbləğini alınan malların sayına bölməklə tapılır. Orta qiymət üzrə qiymətləndirmə vaxtaşırı yaxud hər bir alışdan dərhal sonra fasiləsiz olaraq həyata keçirilməlidir.
  3. FİFO metoduna əsasən, qiymətləndirmə vaxta görə birinci əldə edilən malların qiymətinin nəzərə alınmasına əsaslanır. Yəni satılan malların dəyəri anbara ilk daxil olan malların alış qiyməti nəzərə almaqla hesablanır.
  4. LIFO metodu FİFO metodunun əksidir, yəni ən son alınmış mal yaxud istehsal edilmiş hazır məhsul ilk növbədə satılacaq. Yəni hər bir satışın maya dəyəri anbara sonuncu daxil olan malın dəyəri ilə hesablanır.
  5. Normativ məsrəflər metodu nəticələr maya dəyərinə yaxın olarsa tətbiq edilir.
  6. Pərakəndə satış qiyməti metodu tez-tez dəyişən məhsulları qiymətləndirmək üçün pərakəndə satışda istifadə edilir.

2 saylı MUBS (IAS2) ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində daha dürüst nəticə almaq məqsədi ilə son iki metodun istifadəsini tövsiyə edir. Gəlin həmin metodları birgə araşdıraq.

Normativ məsrəflər metodu

Normativ məsrəflər metodu xammalın, materialların, sərf edilən əməyin, səmərəliliyin, habelə istehsal gücünün istifadəsinin normativ dərəcələrini nəzərə alır.

Materiallardan, işçilərin əməyindən səmərəli istifadə olunduqda, həmçinin müəssisə normal istehsal gücü ilə işlədikdə məhsul və ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində, normativ məsrəflər metodundan istifadə edilə bilər.

Lakin bu üsul yalnız normativ xərclərin faktiki xərclərə yaxın olduğu halda istifadə oluna bilər. Normativlər mütəmadi təhlil edilir, lazım gəldikdə, cari şərtlər nəzərə alınmaqla yenidən baxılır.

Normativ dəyərin hesablanması müəssisəinin faktiki səmərəliliyini normativ səmərəliliyi ilə müqayisə edilməsi yolu ilə rəhbərliyin nəzarət və idarəetmə məqsədləri ilə istifadə etdiyi uçot qaydalarını nisbətən qəlizləşdirir. Bunu  nəzərə alaraq, normativ dəyərin hesablanması yalnız belə qaydanı tətbiq etmək gücündə olan müəssisələr tərəfindən istifadə edilə bilər.

Normativ xərclər mütəmadi olaraq yeniləşdirilmədikdə yaxud normativlər müəssisənin faktiki gücünə uyğun olmadıqda (bu hal böyük və davamlı uyğunsuzluqlarla təsdiq edilə bilər), normativ məsrəflər metodu ehtiyatların dəyərinin hesablanmasında istifadə edilə bilməz.

Pərakəndə satış qiyməti metodu

Pərakəndə ticarətdə eyni marjalı çox saylı və tez-tez dəyişən mallardan ibarət olan ehtiyatların qiymətləndirilməsi üçün hər hansı digər metoddan istifadə edilməsi məqsədə uyğun olmadığı üçün pərakəndə satış qiyməti metodundan istifadə edilir.

Ehtiyatların ilkin dəyəri satış qiymətinin müvafiq faiz dərəcəsilə ifadə olunmuş ümumi marja dəyərinə azaldılması vasitəsilə müəyyənləşdirilir. Tətbiq edilən faiz dərəcəsi ilkin satış qiymətindən aşağı qiymətləndirilmiş ehtiyatların təsirini də özündə əks etdirir. Adətən, pərakəndə ticarətin hər bir bölməsi üçün orta faiz dərəcəsi tətbiq edilir.

Bu metod yalnız sonda alınacaq dəyərlərin faktiki ilkin dəyərlərə yaxın olduğu halda istifadə edilə bilər, əks halda normativ məsrəflər metodu tətbiq edilməlidir.

Pərakəndə satış metodu adətən oxşar mənfəətlilik dərəcəsinə malik olan bir çox mallar ilə xarakterizə olunan pərakəndə sahələrdə istifadə edilə bilər.

Məsələn, “Avanqard” şirkəti kişi və qadın geyimlərinin pərakəndə satışı ilə məşğul olur. Müəssisə mallarının qiymətləndirilməsində çox sadə üsuldan istifadə edir: kişi geyimlərinin ilkin dəyərinə 30%, qadın geyimlərinin ilkin dəyərinə isə 50% əlavə edir.
Belə halda, ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində pərakəndə satış metodu istifadə edilməlidir, çünki hər iki növ üzrə mənfəətlilik dərəcələri oxşardır.

Pərakəndə satış metodunda ilk olaraq ehtiyatın satış qiyməti təyin edilir (bu qiymətin müəyyən edilməsi çox asandır) və ondan normal mənfəətlilik dərəcəsi çıxılır.

Məsələn, 31.12.2023-cu il tarixində müəssisənin ehtiyatlarında pərakəndə dəyəri 50000 manat olan qadın geyimləri və pərakəndə dəyəri 60000 manat olan kişi geyimləri mövcud idi.
Beləliklə, bu ehtiyatların balans dəyəri aşağıdakı kimi olacaqdır:
Qadın geyimləri : 33333 (50000 / 150 * 100) manat
Kişi geyimləri : 46154 (60000 / 130 * 100) manat
Cəmi: 79487 manat.

Pərakəndə satış metodu, müxtəlif mənfəətlilik dərəcələrinə malik olan yaxud satışı zamanı mütəmadi olaraq güzəştlərin təqdim edildiyi geniş çeşiddə müxtəlif malları pərakəndə satan müəssisələrdə tətbiq edilə bilməz. Belə hallarda normativ məsrəflər metodu daha dəqiq nəticə verə bilər.

Məsələn, ”Min bir xırdavat” firması 400 növ müxtəlif malların satışını həyata keçirən mağazanı idarə edir. Bu malların mənfəətlilik dərəcəsi 9%-dən (siqaret satışının mənfəətlilik dərəcəsi) 150%-dək (ətriyyat satışının mənfəətlilik dərəcəsi) təşkil edir. Müəssisənin yürütdüyü siyasətə uyğun olaraq, mağazaya qoyulduqdan sonra bir ay ərzində satılmayan malların qiymətlərinə müəyyən güzəştlər tətbiq edilir. Hər hansı mallararın qiymətlərinə tətbiq ediləcək güzəştlər əvvəlcədən məlum deyil, mağazanın rəhbəri güzəştlərə dair qərarları müstəqil qəbul edir.

Ehtiyatların satış qiymətlərindən çıxılmalı olan məbləğin, habelə mənfəətlilik dərəcəsinin təyin edilməsi ilə bağlı bu cür praktiki çətinliklər burada pərakəndə satış metodunun tətbiqinin məqsədə uyğun olmayacağından xəbər verir. İxtiyari güzəştlərin tətbiqi ilə bağlı əlavə çətinlik də, həmçinin, qeyd edilmiş praktiki çətinliklərə əlavə olunur.

Ehtiyatların qiymətləndirilməsi üsulları

Print Friendly, PDF & Email