Avropa İttifaqı vergi sistemini modernləşdirir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Avropa İttifaqıAvropa İttifaqının (Aİ) iqtisadiyyat və maliyyə nazirlərinin Avstriyanın Vyana şəhərində keçirilmiş qeyri-rəsmi yığıncağının əsas mövzusu elektron ticarət sahəsində daha ədalətli vergi tənzimlənməsi məsələsinin müzakirəsi olmuşdur. Avropa Komissiyası sədrinin müavini Valdis Dombroviskis Avropanın daha modern vergi sisteminə ehtiyac duyduğunu, tədbir iştirakçılarının rəqəmsal əməliyyatların vergi sisteminə ədalətli töhfələr verdiyi barədə həmfikir olduqlarını bildirmişdir. O, mətbuat konfransında verdiyi açıqlamada görüşlər çərçivəsində Avropa ərazisində iqtisadi islahatlarla bərabər, Aİ-nin büdcəsi və Avropaya investisiyaların qoyulmasının təşviqi istiqamətində rəy və təkliflərin müzakirə olunduğunu qeyd etmişdir.

Xüsusilə «Avropaya sərmayə qoy!» şüarı ilə bağlı fikir mübadiləsinin aparıldığı haqqında məlumat verən sədr müavini investisiyaların təşviq edilməsi üçün Avropa Strateji İnvestisiyalar Fondu tərəfindən 650 milyard avro məbləğində vəsaitin sərbəst buraxıldığını demişdir.

V.Dombroviskis komissiyanın innovasiyalar, araşdırmalar və infrastruktur sahələrində qoyulacaq sərmayələrə ciddi şəkildə dəstək göstərəcəyini bildirmişdir. Avropanın modern vergi sisteminə ehtiyacı olduğunu vurğulayan V.Dombroviskis diqqəti elektron ticarətin həcminin gündən-günə artdığına yönəltmişdir: «Yığıncaqda nitq söyləyənlərin hamısı elektron əməliyyatların vergi sisteminə ədalətli töhfə verdiyi barədə həmfikirdir. Məsələnin davamlı həlli üçün həm İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), həm də G20 səviyyəsində elektron vergi sisteminin tənzimlənməsi üzərində işləyirik».

Avstriyanın maliyyə naziri Hartviq Löger də Aİ-yə üzv olan bütün ölkələrin rəqəmsal sahədə vergi tənzimləməsi barədə həmfikir olduqlarına diqqət çəkərək, bu ilin sonuna qədər elektron ticarətə yönəldilmiş ədalətli vergi tənzimlənməsi üzərində texniki işlərin aparılacağını, komissiyanın mart ayında təqdim etdiyi elektron vergi tənzimləməsi ilə əlaqədar mətnin əsas götürülməklə bütün üzv ölkələrdə müvafiq qərar çıxarılacağını bildirmişdir. Elektron vergi tənzimləməsi sayəsində əməliyyatların vergi ödəməkdən yayınmaya şərait yaradacaq yollara əl atılmasının qarşısının alınacağını ifadə edən H.Löger demişdir: «Aİ-yə üzv olan 27 ölkənin bu məsələ ilə bağlı ümumi mövqeyi var. OECD ilə keçiriləcək görüşlərlə bağlı beynəlxalq miqyasda da qəbul edilə biləcək ortaq bir qərarın həyata keçirilməsinə çalışacağıq».

H.Löger Aİ-də bu ilin sonunda elektron vergi sisteminin qəbul ediləcəyini, bu sistemin Aİ üzvü olmayan tərəfdaşlarla görüşmələr nəticəsində əldə ediləcək beynəlxalq səviyyədə məqbul elektron vergi tənzimləməsinə qədər qüvvədə qalacağını qeyd etmişdir.

Print Friendly, PDF & Email