Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti

posted in: Xəbər | 0
birbank biznes

Əmək məzuniyyətinin müddəti

İşçilərin istirahət hüququnun təmin edilməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş əmək məzuniyyətinin müddəti, onun verilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Qanunvericiliyə görə məzuniyyət ödənişlidir, işçinin işlədiyi iş yeri, vəzifəsi saxlanılır. Onun müddəti 21 təqvim günündən az olmamalıdır. Bu, minimum tələbdir, müxtəlif fərqli işçi kateqoriyaları üçün fərqli müddətlər təyin edilə bilər. Əmək münasibətlərinin tənzimlənməsində xüsusi hüquq normalarının tətbiq edilməsi zərurəti əmək münasibətləri subyektlərinin fizioloji, yaş, peşə şəxsi keyfiyyətlərinə və xüsusiyyətlərinə əsaslanır, məsələn:

  • məhdud iş qabiliyyəti;
  • yüksək emosional, zehni əməklə bağlı fəaliyyət;
  • məsuliyyətli iş və iş şəraitinin mürəkkəbliyi;
  • işçinin şəxsi xüsusiyyətləri və sair.

Məhdud əmək qabiliyyətinə görə daha uzun müddətli məzuniyyət hüququ 18 yaşına çatmamış işçiləri və əlilləri əhatə edir.

Emosional, zehni əməklə bağlı fəaliyyət  müəllim və elm adamları üçün xarakterikdir.

Teatr-tamaşa, habelə digər bu tipli müəssislərin bədii və artist heyətini, bilavasitə səhnəyə xidmət edən işçiləri də bu kateqoriyaya aid etmək olar. Həmin kateqoriya işçilərin məzuniyyət müddəti haqqında burada ətraflı verilib. 

Məsuliyyətli işlə bağlı işçilərə verilən əmək məzuniyyətinin müddəti Əmək Məcəlləsinin 114.3-cü maddəsinə əsasən 30 gün müəyyən edilib.

Daha uzun müddətli məzuniyyət tətbiq edilən digər kateqoriya Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərdir.

Qeyd edək ki, yuxarıda qeyd edilən kateqoriya işçilərə əmək məzuniyyətinin müddətini Məcəllənin 115-ci maddəsinin tələbləri ilə qarışdırmaq  lazım deyil. Həmin maddəyə əsasən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər təyin edilən zamanı AR NK tərəfindən təsdiq edilmiş siyahı nəzərə alınmalıdır.

Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti

Belə şəxslərə aşağıdakılar aiddir:

1) AR-nın azadlığı, suverenliyi, ərazi bütövlüyünə görə xəsarət alan şəxslər – buraya:

  • 1990-cı il yanvarında xəsarət almış şəxslər;
  • AR-nin bütövlüyü, azadlığı uğrunda aparılan döyüş və əməliyyatlarda xəsarət alan şəxslər aiddir.

Onlara məzuniyyətin verilməsi zamanı aldıqları xəsarətə görə əlil olub-olmamaları heç bir əhəmiyyət daşımır. Həmin şəxslərin məzuniyyət hüququndan istifadə etmələri üçün iş yerinə xəsarət almaları haqqında arayışı təqdim etmələri kifayətdir.

2) Vətən Müharibəsi Qəhrəmanları: bu kateqoriyaya aid olan şəxslərin əhatəsi 26.11.2020-ci il tarixində qəbul edilən  AR qanununa əsasən müəyyən olunur;

3) Azərbaycanın Milli Qəhrəmanlarına – AR qanununa əsasən ən yüksək fərqlənmə dərəcəsidir, xüsusi fərqlənmə nişanı “Qızıl Ulduz” medalı vasitəsilə təqdim edilir;

4) Sovet İttifaqı Qəhrəmanları – bu şəxslər İkinci Dünya müharibəsində bu ada layiq görülən azərbaycanlı şəxslərdir. 42 nəfər azərbaycanlı bu adla təltif olunmuşdur;

5) 1941-45-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak edən qulluqçular, habelə hərbi xidmətdə olub, döyüş əməliyyatlarında iştirak etməyən hərbi qulluqçular müharibə veteranı adı təyin olunur;

6) İstiqlal ordeni təqdim olunan işçilər;

7) Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə görə digər dövlət təltifləri verilən işçilərin əmək məzuniyyəti  həmin təltifləri təsdiq edən sənədlərə əsasən təyin edilir.

Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə əmək məzuniyyətinin müddəti Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən minimum 46 gün müəyyən olunur.


Print Friendly, PDF & Email