Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı QAYDALARI

posted in: muhasibat, Vergi, Xəbər | 0
birbank biznes

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının
2017-ci il 12 iyun tarixli 1717050000009300 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı 

QAYDALARI

1. Ümumi müddəalar

 

“Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları (bundan sonra – Qaydalar) “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin 14-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsi qaydalarını müəyyənləşdirir.

2. Əsas anlayışlar

 

2.0. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. Beynəlxalq müqavilə – Azərbaycan Respublikasının ikiqat vergitutmanın aradan qaldırılması haqqında dövlətlərarası və ya hökumətlərarası müqaviləsi;

2.0.2. Razılığa gələn digər dövlət – Azərbaycan Respublikası ilə beynəlxalq müqavilə bağlamış xarici dövlət;

2.0.3. Müvafiq vergi orqanı:

1.  Azərbaycan Respublikasında fəaliyyətini daimi nümayəndəlik vasitəsilə həyata keçirən qeyri-rezident üçün – daimi nümayəndəliyin uçotda olduğu vergi orqanı;

2.  Azərbaycan Respublikasında vergi uçotuna alınmamış qeyri-rezident üçün – ona gəlir ödəyən şəxsin (vergi agentinin) uçotda olduğu vergi orqanı.

2.0.4. Rezidentlik dövləti – şəxsin beynəlxalq müqaviləyə əsasən vergi məqsədləri üçün rezident hesab edildiyi dövlət;

2.0.5. Gəlir ödəyən şəxs (vergi agenti) – qeyri-rezidentə gəlir ödəyən və həmin gəlirdən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş vergiləri hesablamağa, onları qeyri-rezidentdən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxs;

2.0.6. Rezident – Vergi Məcəlləsində və beynəlxalq müqavilənin müddəalarına əsasən vergi məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs;

2.0.7. Qeyri-rezident –beynəlxalq müqavilənin müddəalarına əsasən vergi məqsədləri üçün razılığa gələn digər dövlətin rezidenti hesab edilən şəxs.

2.0.8. Bu Qaydalarda istifadə edilən digər anlayışlar aidiyyəti normativ hüquqi aktlarda müəyyən edilmiş mənaları ifadə edir.

2.0.9. Rezidentlik sertifikatı –vergi məqsədləri üçün Azərbaycan Respublikasının və ya digər dövlətin rezidentliyini təsdiq edən sənəd.

 

3. Rezidentlik sertifikatının verilməsi

 

3.1. Azərbaycan Respublikasının rezidentinə beynəlxalq müqavilənin tətbiqi məqsədilə Azərbaycan Respublikasının vergi orqanı tərəfindən rezidentlik sertifikatı verilir.

3.2. Rezidentlik sertifikatı əldə etmək istəyən şəxs tərəfindən vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Rezidentlik sertifikatının alınması haqqında” Ərizə (bundan sonra – DTA-01 forması) (Əlavə №–1) ilə müraciət edilməlidir.

3.3. Rezidentlik sertifikatı almaq üçün müraciət edən şəxs tərəfindən, həmin rezidentlik sertifikatının təqdim ediləcəyi xarici dövlət və həmin dövlətin müvafiq orqanı və ya şəxsi və sertifikatın təqdim edilmə məqsədləri barədə məlumatlar DTA-01 formasında dolğun və ətraflı şəkildə əks etdirilməlidir. Bu məlumatların təqdim edilmədiyi halda müraciət edən şəxsə rezidentlik sertifikatı verilmir. Əgər rezidentlik sertifikatı razılığa gələn digər dövlətdə hər hansı gəlirə beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin tətbiqi məqsədilə istənilirsə, DTA-01 formasında həmin gəlirin əldə edilməsinə əsas verən müqavilənin tarixi, nömrəsi, həmçinin əldə ediləcək gəlirin müvafiq valyuta ilə məbləği (əgər məlumdursa) də göstərilməlidir.

3.4. Xarici dövlətdə gəlir əldə edən və rezidentlik sertifikatını əldə etmək istəyən fiziki şəxslər DTA-01 formasını uçotda olduqları vergi orqanına təqdim etməlidirlər.

3.5. Vergi uçotunda olmayan fiziki şəxs rezidentlik sertifikatının alınması üçün DTA-01 formasını yaşadığı yer və ya olduğu yer üzrə vergi orqanına təqdim edə bilər. Vergi Məcəlləsinə əsasən həmin şəxsin vergi uçotuna alınması tələb olunarsa rezidentlik sertifikatı vergi uçotuna alındıqdan sonra verilir.

3.6. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində müraciət edən şəxsin Azərbaycan Respublikasının rezidenti olması təsdiqlənərsə, Vergilər Nazirliyinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №– 2) üzrə kodlu rezidentlik sertifikatı tərtib edilir və Vergilər Nazirliyinin əsasnamə ilə səlahiyyət verilmiş müvafiq struktur vahidinin (bundan sonra – müvafiq struktur vahidi) məsul şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir.

3.7. Müraciət edən şəxs vergi orqanından sertifikatın kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda sertifikatın kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir.

3.8. Razılığa gələn digər dövlət rezidentliyin yalnız həmin dövlətin qaydalarında nəzərdə tutulmuş forma üzrə təsdiq olunmasını tələb etdiyi halda vergi orqanı rezidentliyi həmin dövlətin forması üzrə təsdiq edir. Bunun üçün, müraciət edən şəxs bunu öz müraciətində xüsusi olaraq qeyd etməli və təqdim etdiyi DTA-01 formasına xarici dövlətin formasını və onun notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də əlavə etməlidir. Bu halda vergi orqanı müraciət edən şəxsin rezidentliyini həm digər dövlətin təsdiq etdiyi formanın xarici dildə olan əslində, həm də onun Azərbaycan dilində olan tərcüməsində təsdiq edir.

3.9. Razılığa gələn digər dövlətlə Azərbaycan Respublikası arasında elektron imzaların tanınması barədə razılaşma olduğu təqdirdə vergi orqanının səlahiyyətli şəxsi tərəfindən elektron qaydada imzalanmış rezidentlik sertifikatı birbaşa olaraq razılığa gələn digər dövlətdə müvafiq şəxsə və ya dövlət orqanına da göndərilir.

3.10. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində rezidentlik sertifikatının verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.10.1.şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinə və beynəlxalq müqavilənin tələblərinə əsasən rezident hesab edilmədiyi halda;

3.10.2. DTA-01 formasında təhrif olunmuş məlumatlar olduğu halda.

Vergilər Nazirliyinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə №– 9) üzrə imtina haqqında bildiriş tərtib edilir və şəxsin seçiminə əsasən elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir.

3.11. Müraciət etmiş şəxs rezidentlik sertifikatının alınması ilə bağlı imtina haqqında bildiriş aldıqdan sonra yenidən vergi orqanına müraciət edə bilər.

 

4. Razılığa gələn digər dövlətdə ödənilmiş və Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmalı olan vergi məbləğinin təsdiq edilməsi

 

4.1. Razılığa gələn digər dövlətdə ödənilmiş vergilərin həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 127-ci maddəsinin, həm də beynəlxalq müqavilənin müddəalarına müvafiq qaydada Azərbaycan Respublikasında hesablanan vergidən çıxılması üçün rezident tərəfindən özünün uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (bundan sonra –DTA-02 forması) (Əlavə №–3) təqdim edilməlidir.

4.2. DTA-02 forması rezident fiziki şəxslər tərəfindən gəlir vergisinin bəyannaməsi, rezident hüquqi şəxslər tərəfindən isə mənfəət vergisinin bəyannaməsi ilə birlikdə digər dövlətdə vergilərin ödənilməsini təsdiq edən sənədlər əlavə edilməklə təqdim edilməlidir.

4.3. Müraciət elektron formada edildiyi halda, elektron formatda təqdim edilmiş təsdiqedici sənədlərin əsli vergi ödəyicisi tərəfindən saxlanılmalı və müvafiq hesabat dövrü üzrə vergi nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.

4.4. Vergi orqanı tərəfindən bəyannamələrin kameral qaydada yoxlanılması zamanı DTA-02 formasındakı məlumatlar və təsdiqedici sənədlər əsasında xarici dövlətdə ödənilmiş və Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmalı olan verginin bəyannamədə düzgün əks etdirilib-etdirilmədiyi yoxlanılır.

 

5. Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin qeyri-rezidentə münasibətdə tətbiq edilməsi

5.1. Əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (bundan sonra – DTA-03 forması) (Əlavə №– 4) təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

5.2. DTA-03 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir.

5.3. DTA-03 forması gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

5.4. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (bundan sonra-internet vergi idarəsi) vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.) malik olsun.

5.5. Tələb olunan azadolma və ya aşağı vergi dərəcəsi qeyri-rezidentə münasibətdə tətbiq edilməlidirsə, Vergilər Nazirliyinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №– 5) üzrə razılıq məktubu tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, eyni zamanda həm müraciət edən şəxsə, həm də gəlir ödəyən şəxsə (vergi agentinə) göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir.

5.6. Gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından bu Qaydaların 5.5-ci bəndində qeyd olunmuş razılıq məktubunu, gəliri əldə edən qeyri-rezidentdən isə vergi orqanına təqdim edilmiş bütün sənədlərin əslini əldə etdikdən sonra qeyri-rezidentə ödəniş edərkən beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsini tətbiq edə bilər. Adı çəkilən razılıq məktubu alınanadək qeyri-rezidentə edilən ödənişlərə münasibətdə azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsinə yol verilmir.

5.7. DTA-03 forması vergi orqanına təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən ödəniş tarixinədək razılıq məktubu alınmadıqda, gəlir ödəyən şəxs (vergi agenti) qeyri-rezidentə etdiyi ödənişdən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində vergi tutmalıdır. Bu halda ödəmə mənbəyində artıq tutulmuş vergi bu Qaydaların 7-cihissəsində göstərilən qaydada qeyri-rezidentə qaytarılır.

5.8. Sənədlərin qeyri-rezident tərəfindən təqdim edilmiş əsli gəlir ödəyən şəxs (vergi agenti)  tərəfindən saxlanılaraq, müvafiq dövr üzrə vergi nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.

5.9. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində aşağı vergi dərəcəsi və ya azadolmanın tətbiq edilməsi qanunamüvafiq hesab edilmədiyi təqdirdə, Vergilər Nazirliyinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə №– 9) üzrə imtina haqqında bildiriş tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir.

 

6. Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi

 

6.1. Qeyri-rezident razılığa gələn digər dövlətdə vergi ödəyərkən Azərbaycan Respublikasında ödənilmiş vergilərin nəzərə alınması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq vergi orqanına  elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında” Ərizə (bundan sonra – DTA-04 forması) (Əlavə №– 6) təqdim etməklə, onun tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergi məbləğlərinin təsdiq edilməsi ilə bağlı müraciət edə bilər.

6.2. DTA-04 formasına Azərbaycan Respublikasında əldə edilmiş gəlir və həmin gəlirdən ödənilmiş (tutulmuş) vergilərlə bağlı bütün təsdiqedici sənədlərin (müqavilələr, ödəniş tapşırıqları və s.) bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

6.3. DTA-04 forması həm işəgötürən tərəfindən (hər bir qeyri-rezident muzdlu işçi üzrə ayrılıqda), həm də qeyri-rezident muzdlu işçinin özü tərəfindən işəgötürənin uçotda olduğu vergi orqanına təqdim edilə bilər. Bu halda qeyri-rezidentin aldığı əmək haqqı və ona bərabər tutulan ödənişlər, habelə, həmin ödənişlərdən vergilərin tutularaq aidiyyəti üzrə köçürülməsinə dair bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri formaya əlavə edilməlidir.

6.4. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin internet vergi idarəsi vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.) malik olsun.

6.5. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində DTA-04 formasında göstərilmiş məlumatlar təsdiqlənərsə, Vergilər Nazirliyinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №– 7) üzrə “Ödənilmiş vergilər haqqında” arayış tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, müraciət edən şəxsə göndərilir. Bu Qaydaların məqsədləri üçün vergi ödəyicisinin şəxsi hesab vərəqəsində olan ödəmələr hesabına əvəzləşdirilən vergi məbləği də ödənilmiş vergi hesab edilir və qeyri-rezident tərəfindən ödənilmiş vergilər haqqında arayışda əks etdirilir.

6.6. Müraciət edən şəxs vergi orqanından arayışın kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir.

6.7. Razılığa gələn digər dövlətlə Azərbaycan Respublikası arasında elektron imzaların tanınması barədə razılaşma olduğu təqdirdə vergi orqanının səlahiyyətli şəxsitərəfindən elektron qaydada imzalanmış ödənilmiş vergilər haqqında arayış birbaşa olaraq razılığa gələn digər dövlətin səlahiyyətli orqanına da göndərilə bilər.

6.8. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində müraciətin nəzərə alınmaması barədə qərar qəbul edilərsə, Vergilər Nazirliyinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə №– 9) üzrə imtina haqqında bildiriş tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir.

 

7. Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması

 

7.1. Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (bundan sonra – DTA-05 forması) (Əlavə №– 8) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.

7.2. DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir.

7.3. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir.

7.4. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin internet vergi idarəsi vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.) malik olsun.

7.5. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılmalı olması təsdiqlənərsə, Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə Rəy” hazırlanaraq, müraciət edən şəxsə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yerli bölmələrinə (bundan sonra- maliyyə orqanı) göndərilir.

7.6. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılması qanunamüvafiq hesab edilmədiyi təqdirdə, Vergilər Nazirliyinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə №– 9) üzrə imtina haqqında bildiriş tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir.

7.7. Artıq ödənilmiş vergilərin maliyyə orqanları tərəfindən qeyri-rezidentə qaytarılmasının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş Qaydalarla tənzimlənir.

 

8. Beynəlxalq müqavilənin tətbiqi ilə bağlı müraciətlərin vergi orqanlarına təqdim edilməsi və onlar tərəfindən baxılmasının ümumi qaydaları

 

8.1. Bu Qaydaların 3.2-ci, 4.1-ci, 5.1-ci, 6.1-ci və 7.1-ci bəndlərində nəzərdə tutulmuş ərizə formaları elektron və ya kağız daşıyıcısında qəbul edildiyi zaman müraciət edən şəxsə bildiriş göndərilir (Əlavə №– 10).

8.2. Bu Qaydalara əsasən daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 20 iş günü ərzində baxılır.

8.3. Daxil olmuş müraciətin araşdırılması üçün əlavə vaxt tələb olunduğu halda, səbəbi əsaslandırılmaqla, müraciətə baxılma müddəti 20 iş günündən artıq olmayan müddətə uzadıla bilər. Bu halda müraciət edən şəxsə icra müddətinin uzadıldığı tarixdən gec olmayaraq məlumat verilməlidir.

8.4. Ərizədə təqdim edilmiş məlumatların düzgünlüyünə və ya təsdiqedici sənədlərin həqiqiliyinə şübhə yarandıqda, vergi orqanı tərəfindən digər dövlətlərin səlahiyyətli orqanlarına sorğu göndərilməsi üçün Vergilər Nazirliyinin müvafiq struktur vahidinə müraciət edilə bilər. Bu halda, müraciətə baxılması müddəti xarici dövlətdən sorğuya cavab daxil olanadək uzadılmalı və müraciət edən şəxsə icra müddətinin uzadıldığı tarixdən 2 iş günündən gec olmayaraq bununla bağlı məlumat verilməlidir.

8.5. Ərizənin doldurulması zamanı müraciət edən şəxs tərəfindən səhvlərə yol verilmişdirsə, həmin səhvlər aşkar edildiyi gündən 2 (iki) iş günü ərzində yol verilmiş səhvlər qeyd olunmaqla, ərizə düzəlişlər edilməsi üçün müraciət edən şəxsə qaytarılmalıdır. Bu zaman müraciətin icrasına xitam verilir və düzəlişlər edilmiş ərizə daxil olduqdan sonra 20 günlük icra müddəti yenidən hesablanır.

8.6. DTA – 05 forması üçün qeyri-rezidentin rezident olduğu dövlətin vergi orqanları tərəfindən təsdiq edilmiş rezidentlik sertifikatı vergilərin artıq ödənildiyi dövrü əhatə etməlidir.DTA – 03 forması üçün isə rezidentlik sertifikatı onun təsdiq edildiyi tarixdən bir (1) il ərzində etibarlı hesab edilir.

8.7. Müraciət təmin edildiyi halda müraciət edən şəxsə məsələnin mahiyyətindən asılı olaraq, bu Qaydalarda nəzərdə tutulmuş rezidentlik sertifikatı, razılıq məktubları və ya arayış göndərilir, təmin edilmədiyi halda isə müraciət edən şəxsə müraciətin təmin edilməməsinin səbəbi ətraflı izah edilməklə cavab məktubu göndərilir.

8.8. Müraciət edən şəxsdən müraciətin mahiyyətinə aid olmayan məlumatların və sənədlərin tələb edilməsinə yol verilmir.

8.9.. Müraciətə əlavə edilən və razılığa gələn digər dövlətin səlahiyyətli orqanı tərəfindən həmin dövlətin milli qanunvericiliyi və inzibatçılığına müvafiq qaydada verilmiş təsdiqedici sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları tərəfindən leqallaşdırılmaqla təqdim edilməlidir.

8.10. Bu Qaydaların 8.9-cu bəndindən asılı olmayaraq, razılığa gələn digər dövlət “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə həmin digər dövlət arasında tətbiq edildiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda, sənədlərə həmin dövlətin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil vurulur.

8.11. Bu Qaydaların 8.9-cu və 8.10-cubəndlərindən asılı olmayaraq, razılığa gələn digər Dövlət Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlər arasında «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə həmin digər dövlət arasında tətbiq edildiyi halda, həmin dövlətin səlahiyyətli orqanı yaxud şəxsi tərəfindən öz səlahiyyəti çərçivəsində verilmiş və gerbli möhürlə təsdiqlənmiş sənədlər leqallaşdırılmadan və apostil vurulmadan qəbul edilir.

8.12. Həm Azərbaycan Respublikasının, həm də razılığa gələn digər dövlətin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdə bu Qaydaların 8.9.-cu, 8.10.-cu və 8.11-ci bəndlərində göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, sənədlərin rəsmiləşdirilməsi həmin müddəalara müvafiq qaydada həyata keçirilir.

8.13. Müraciətə əlavə olunan sənədlər xarici dildə olduğu halda onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi də təqdim edilməlidir.

8.14. Bu Qaydaların tələblərinə əsasən vergi orqanına təqdim edilən ərizə müraciət edən şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq, təqdim edildiyi halda, həmin səlahiyyətli nümayəndənin müraciət edən şəxsi təmsil etmək səlahiyyətlərinə malik olması barədə etibarnamənin Azərbaycan Respublikasında notariat qaydasında təsdiq edilmiş surəti də ərizəyə əlavə edilməlidir.

8.15. Bu Qaydaların tətbiqi zamanı hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və onların tətbiqi ilə bağlı müvafiq sənədlərin xüsusiyyətləri nəzərə alınmalıdır.

8.16. Vergi orqanı tərəfindən bu Qaydaların 3.6-cı bəndinə əsasən verilmiş bütün rezidentlik sertifikatlarının, 5.5-ci bəndə əsasən verilmiş bütün razılıq məktublarının və 6.5-ci bəndə əsasən verilmiş bütün arayışların elektron versiyaları eyni şəxslər tərəfindən sonrakı müraciətlər zamanı istifadə edilməsi və gələcək vergi nəzarəti tədbirlərinin məqsədləri üçün Vergilər Nazirliyinin elektron məlumat bazasında saxlanılmalıdır.

Print Friendly, PDF & Email