Azərbaycanda mühasiblərin dövlət reyestri yaradılacaq

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Azərbaycanda peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması planlaşdırılır.

Bu məsələ “Mühasibat uçotu” haqqında qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklərdə bildirilir ki, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdır.

Peşəkar mühasib sertifikatının verilməsi məqsədilə imtahanların keçirilməsi və sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Beynəlxalq standartlar əsasında hazırlanmış Milli Mühasibat Uçotu Standartlarında beynəlxalq standartlarla tənzimlənən bütün məsələlərin öz əksini tapması tələbini nəzərə alaraq, mövcud paralelliyin aradan qaldırılması üçün qanun layihəsində Milli Mühasibat Uçotu Standartları barədə müddəaların ləğvi nəzərdə tutulub.

Eyni zamanda, mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini özündə ehtiva edən müddəaların yeni redaksiyada verilməsi, maliyyə hesabatlarının tərtib edilməsi ilə əlaqədar tam olaraq beynəlxalq standartlara keçidin özündə əks etdirilməsi, habelə beynəlxalq standartlar üzrə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunan və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının sadələşdirilmiş forması olan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəxalq Standartlarının tətbiqi ilə bağlı müddəalar layihəyə daxil edilib.

Bununla da ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəxalq standartlara keçid təmin ediləcək.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Mənbə: trend.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email