Aydın Kərimov: Bazar qiymətinin açıqlaması

posted in: iqtisadiyyat, Xəbər | 0

Mühasibat uçotuBazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan  qiyməti deməkdir.

Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.

Vergi Məcəlləsinin aşağıdakı «Transfer qiyməti» bölməsinin 1)-ci bəndində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:

– barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda;

– təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə;

– 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, aşağıdakı 4)-cü bəndin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxan) fərqləndikdə;

1) – müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda;

– daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda;

2) Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin.

Misal: «Pepsi Cola» şirkəti 1 kaset 0,5 L-lik qazlı içkini dekabrın 10-da 9,60 manata, dekabrın 28-də 6,70 manata satıb. Vergi hesablandıqda dekabrın 28-də satılan malın məbləği bazar qiyməti ilə hesablanır.

3) Bazar qiyməti müəyyənləşdirilərkən Vergi Məcəlləsinin  aşağıda göstərilən «Qarşılıqlı surətdə asılı olan şəxslər» maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun.

Yuxarıdakı 2)-ci və 3)-cü bəndlərin müddəalarını tətbiq etmək mümkün olmadıqda malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır.

4) Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

– göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);

– öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;

– mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən, istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);

– malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;

– malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;

– malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;

– marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;

– işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən, təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır.

Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqadar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır.

Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:

5) Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.

Misal: «Araz» MMC asılı olan «MARS» ASC-dən 1 ədədinin qiyməti 200,00 AZN (alış qiyməti 185,00 AZN+15,00 AZN sair xərclər) olan telefon alır və digər alıcıya 250,00 AZN-ə satır (200,00+25%).

Oxşar əməliyyatlara və müvafiq məlumat mənbələrindən əldə olunan məlumatlara əsasən, oxşar məhsulların satışı ilə məşğul olan 4 şirkətdə əlavə gəlir marjası intervalı 28- 32 faiz arasında dəyişir.

Nəticədə, intervalın orta həddi- 30% ((28%+29%+31%+32%):4) əlavə gəlir marjası kimi qəbul edilir. 

Bu halda, bazar qiyməti- 177,31 manat olur (250,00:(100%+30%)x100%-15,00) AZN olur.

6) Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.

Misal: «Araz» MMC özünün asılı şirkəti olan «MARS» ASC-yə istehsal dəzgahı satır. İstehsal xərci 60.000,00 manat, əlavə gəlir fərqi 15%, satış qiyməti 69.000,00 manatdır (60.000,00+15%).

Oxşar əməliyyatlara və müvafiq məlumat mənbələrindən əldə olunan məlumatlara əsasən, «Araz» MMC ilə eyni və ya oxşar məhsulların istehsalı və satışı ilə məşğul olan 3 şirkətdə əlavə gəlir marjası intervalı 18 – 22 faiz arasında dəyişir.

Nəticədə, intervalın orta həddi- 20% ((18%+20%+22%):3) əlavə gəlir marjası kimi qəbul edilir. 

Bu halda, bazar qiyməti-  72.000,00 AZN olur (60.000,00+(60.000,00×20%).

Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır.

Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır:

– alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda;

– malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda.

Misal: «MARS» MMC yanvarın 15-də sementin 1 tonunu  «Qaradağ Sement» ASC-dən 240,00 manata, fevralın 3-də isə bazardan (məlum olmayan satıcıdan) 315,00 manata alıb. Maya dəyəri (gəlirdən çıxılan xərclər) hesablandıqda 1 tonun qiyməti 315,00 manatdan yox, bazar qiymətindən hesablanır.

Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.

Hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir.

Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.

Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir.

Qiymətləri AR-nın Tarif (qiymət) şurası) tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün AR-nın Tarif (qiymət) şurası) tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *