Mühasibat uçotu standartı nədir?
Müasir dünyada iqtisadiyyat müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlərin fəaliyyətindən daha çox asılıdr. Bu da öz növbəsində maliyyə hesabatlarının bütün aspektlərini əhatə edən, müxtəlif ölkələrdə şirkətlərin hesabatlarında şəffaflığı və ardıcıllığı təmin edən mühasibat uçotu standartlarının mövcudluğunu şərtləndirir.
Mühasibat uçotu sistemlərinin standartlaşdırılması beynəlxalq iqtisadiyyatın inkişafına təsir edən ən mühüm amilidir. Bu proses:
- ümumi qəbul edilmiş standartlara uyğun olaraq maliyyə hesabatları hazırlamağa imkan verir;
- şirkətlərin maliyyə göstəricilərinin beynəlxalq təhlili prosesini sadələşdirir.
Mühasibat uçotu standartları maliyyə uçotu və hesabatı üçün bir sıra qaydalar, prinsiplər və minimum tələblər müəyyən edən tənzimləyici sənədlərdir. Onlar şirkətlərin maliyyə göstəricilərini investorlar, kreditorlar və vergi orqanlarına şəffaf, obyektiv və başa düşülən formada təqdim etmək üçün hazırlanır.
Standartların əsas məqsədləri hansılardı?
Mühasibat uçotu standartlarının yaradılmasında əsas məqsəd müəssisələrdə uçot qeydlərinin unifikasiyası, tənzimlənməsi və şəffaflığın təmin edilməsidir.
- Unifikasiya müxtəlif şirkətlərin maliyyə nəticələrinin müqayisəsinə, fərqli dövrlər üzrə təhlilinə imkan verir.
- Tənzimləmələr biznes əməliyyatlarının təsnif edilməsi, vergilərin hesablanması kimi məsələləri müəyyən edir.
- Şəffaflıq dedikdə şirkətin gəlirlər, xərc və aktivlərinin dəqiq əks olunmasını təmin edilməsi başa düşülür.
Beynəlxalq standartlara uyğun mühasibat uçotu xidmətləri üçün müraciət edin!
Mühasibat uçotu standartları hansı qruplara bölünür?
Beynəlxalq və regional təcrübədə mühasibat uçotu standartlarının aşağıdakı bölgüsündən istifadə edilir:
1.Maliyyə Hesabatlarının Beynəlxalq Standartları MHBS (IFRS) vahid beynəlxalq qaydalar toplusudur. Bu qaydalar transmilli korporasiyalar və beynəlxalq bazarlara daxil olan şirkətlər üçün hesabatların müqayisəliliyini təmin etmək üçün tətbiq edilir.
- Milli standartlar (yaxud daxili standartlar) beynəlxalq təcrübəni yerli qanunvericiliyə uyğunlaşdırmaq üçün müəyyən bir ölkədə qəbul edilmiş, ölkə daxilində istifadə üçün nəşr olunan qaydalar toplusudur.
- Sənaye standartları dar bir çərçivədə tətbiq edilən sahəvi xarakterli ixtisaslaşmış qaydalar toplusudr (məsələn, banklar, sığorta şirkətləri, investisiya şirkətləri).
Daxili və beynəlxalq standartlar arasında sıx əlaqə vardır. Bir qayda olaraq, daxili standartlar ilkindir. Beynəlxalq standartlar işlənib hazırlanarkən daxili standartlar təhlil edilir, müxtəlif ölkələrdə bu və ya digər şeylərin ucotunun aparılması üzrə formalaşmış praktika öyrənilir, daha sonra beynəlxalq xarakter daşıyan uçot üzrə tövsiyələr yazılır. Eyni zamanda, uçotun daxili standartları beynəlxalq standartların bazasında hazırlanmalıdır.
Beynəlxalq mühasibat uçotu standartları necə qurulub?
İstənilən standart özündə aşağıdakı əks etdirir:
- aktivlərin qiymətləndirilməsi metodlarını;
- konkret aktivlərin (əsas vəsaitlər, inventar, qeyri-maddi aktivlər) uçota alınması qaydalarını;
- tələb olunan hesabat formalarını.
Mühasibat uçotu standartlarının hazırlanması, uçotun tənzimlənməsi həm dövlət, həm də qeyri-dövlət səviyyəsində həyata keçirilir. Tənzimləyici qurumların əsas vəzifələri:
- standartların hazırlanması;
- hesabatların uyğunluğunun monitorinqi;
- metodiki dəstəyin təmin edilməsidir.
Dövlət tənzimləyici qurumlarına Maliyyə Nazirliyini, Mərkəzi Bankı, vergi orqanlarını nümunə göstərmək olar. Bu qurumlar ümumi metodoloji rəhbərliyi həyata keçirir, tənzimləyici bazanı təsdiq edir, mühasibat uçotu məlumatları əsasında vergilərin hesablanamsı və qanunvericiliyə əməl edilməsini tənzimləyir.
Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) mühasibat uçotu standartlarının müəyyən edilməsi, maliyyə hesabatlarının hazırlanması, auditi və ya istifadəsi, eləcə də mühasibat uçotu təhsili sahəsində son praktik təcrübənin müvafiq qarışığına malik müstəqil ekspertlər qrupudur.
GAAP, ABŞ-da maliyyə hesabatlarının hazırlanması, təqdim edilməsi və hesabat verilməsi üçün meyarları müəyyən edən ümumi qəbul edilmiş mühasibat uçotu prinsiplərini ifadə edir.
Beynəlxalq qurumlar tərəfindən hazırlanmış mühasibat uçotu standartları ayrı-ayrı ölkələrdə uçotun aparılmasına və maliyyə hesabatlarının tərtib edilməsinə olan milli tələbləri təkzib etmir.
