Mühasiblərin bayramı

Mühasiblər GünüBeynəlxalq Mühasiblər Günü

Mühasib – xüsusi peşədir, bütün zamanlarda tələbat və hörmət duyulan bir peşə. Məhz, bu səbəbdən demək olar ki, hər bir Avropa ölkəsində və eləcə də ABŞ-da mühasibat işçilərinin milli bayramının olmasına baxmayaraq, 2008-ci ildə YUNESKO tərəfindən irəli sürülən ideya – mühasib Günü ilə bağlı daha bir bayramın, bu dəfə beynəlxalq bayramın təsis olunması təklifi dərhal icra edildi.

Bir çox ölkələrdə mühasib günü ilə bağlı milli bayramların qeyd olunmasına baxmayaraq, bu sahədə beynəlxalq bayramın təsis olunması üçün də dəfələrlə müzakirələr aparılmışdı. Təqvimdə bu bayramın qeyd olunması üçün 10 noyabr günü heç də təsadüfi seçilməyib. Tarixə kiçik bir ekskurs edib, 15-ci əsr İtaliyasına, daha dəqiq, 1494-cü ilə keçid edək. Məhz, noyabrın 10-da Venetsiyanın mədəni həyatında əhəmiyyətli bir hadisə baş vermişdi. Həmin gün Venetsiyada Luka Paçolinin “Hesab, həndəsə və nisbətlər barədə hər şey” (Summa de Arithmetica, Geometria, Proportioni et Proportionalita) kitabının nəşri sözügedən bayram üçün tarixin seçilməsinə xidmət etdi ki, orada müəllif riyaziyyatla bağlı həmin dövrə aid bilikləri cəmləşdirməyə cəhd etmişdi.Kitabın fəsillərindən biri “Hesablar və digər qeydlər barədə” (Partikularis de computis et skripturis) adlanırdı və Venetsiyada mövcud olan mühasibat uçotunu ətraflı təsvir edirdi Bu, kommersiya mühasibatlığına dair bir sıra geniş işlərin yaradılmasına əsas verən ikili mühasibat uçotu metodu üzrə ilk çap işidir.

Mühasibat işinin əsasları orada elə dəqiq və izahlı verilmişdi ki, hətta bizim günlərdə belə Paçolinin mühasibat uçotunun aparılması metodu öz əhəmiyyətini qoruyub saxlaya bilib. Bundan əlavə, onların baza prinsipləri  və terminlərindən, mühasibatlıqla bağlı son nəsil kompüter proqramlarında belə istifadə olunur.

Mühasiblər GünüKitabda uçot silsiləsinin böyük hissəsi hazırda məlum olan formada qələmə alınmışdı. Luka Paçoli – mühasibatlıq haqda ilk kitabın yaradıcısıdır. Paçoli jurnal-orderlərin və mühasibat uçotunun cədvəlindən istifadə barədə yazıb, o, həmçinin debet və kreditin uyğun gələcəyi ana qədər işçinin rahat yata bilməyəcəyini proqnozlaşdırmışdı. Kitabda eləcə də bir çox digər terminlər və nümunələr də verilmişdi, bir sözlə, bu kitab mühasibin mükəmməl çalışması yönündə tələb olunan xüsusi biliklərdən ibarət idi.

Buna baxmayaraq, Luka Paçolini müasir yüksək texnoloji kommersiya mühasibatlığının atası hesab etmək düzgün olmazdı. Luka Paçoli “mühasibatın atası” adlandırılsa da, o mühasibat sistemi sahəsində nə ixtiraçı, nə də yaradıcı idi.  Axı, o öz kitabında sadəcə malların uçotunun aparılması ilə bağlı venetsiyalı tacirlərinin bir neçə əsr ərzində uğurla istifadə etdikləri metodları dəqiqliklə təsvir edib. Və onlar da öz növbəsində, qədim Roma kitablarında mühasibat uçotunun əsas metodlarının necə “araşdırılmasına” göz yetirmişdilər.

Həmin dövrə aid və Paçoli tərəfindən təsvir edilmiş bir çox mühasibat üsulları, sonrakı dörd əsr ərzində mühasibatla bağlı xüsusi mətnlər və əsərlərdə istifadə olunmuşdu. İlk Roma mühasibat kitabı hesab olunan Adversaries (Memorial),  əsasında təsərrüfat qeydləri aparılan kitab rəsmi, hüquqi mühasibat kodeksi hesab olunurdu. Ədalət naminə deməliyik ki, qədim Misir və Yunanıstan (E.ə V əsrdə bank sistemi mövcud idi), eləcə də şərq ölkələrinin mühasibatlığı aparmaq üçün öz sistemləri olub. Amma… beynəlxalq mühasib günü  məhz, Luka Paçolinin kitabının işıq üzü gördüyü gün kimi qəbul edildi.  Paçolinin bu əməyinin əhəmiyyətliliyini belə bir fakt da təsdiq edir ki, onun kitabı 1494-cü il noyabrın 10-da çap edilmişdi. Bundan 50 il əvvəl isə İohan Gutenberg çap maşınını icad etmişdi və kitab çapının o zaman necə baha başa gəldiyi, heç kimə sirr deyildi. Hər halda onun bu əməyi təşəkkürə layiqdir.

Mühasiblər GünüLuka Paçolinin bioqrafiyası

Luka Paçoli 1445-ci ildə İtaliyanın Borgo-San-Sepolkro şəhərciyində anadan olub. Uşaqlıq dövründə o, yerli tacir Folko de Belfolçiyə işgüzar qeydləri aparmaqda kömək edib, həm də Pyero della Françesko adlı rəssam və riyaziyyatçının emalatxanasında təhsil alıb. 19 yaşı tamam olduqdan sonra  Luka Paçoli Venetsiyaya köçür və orada tacir Antonio de Rompiazinin köməkçisi kimi çalışmağa başlayır. İşdən asudə vaxtlarda o, de Rompiazinin uşaqlarına mühasibatlığı öyrədir və 1470-ci ildə onlar üçün ilk kitabını – kommersiya riyaziyyatı əsərini yazır. 1472-ci ildə fransiskan yoxsulluq əhd-peymanını qəbul edən Paçoli, fra Luka di Borqo-San-Sepolkro adı altında doğma şəhərinə qayıdır. Burada o, “Arifmetik və həndəsi cəm, nisbətlər və münasibətlər elmi haqqında”  əsəri üzərində çalışmağa başlayır ki, onun da tərkib hisəsindən biri “Hesablar və qeydlər traktatı” idi.

1494-cü il noyabrın 10-da venetsiyalı pretor Marko di Sanutanın dəstəyilə onun kitabı Paqanino di Paqanininin nəşriyyatında çap edilir və dərhal da Paçoliyə məşhurluq gətirir. 1496-cı ildə o, mühazirələr oxumaq üçün Milana, 1499-cu ildə isə Avropanın ən qədim universiteti olan Bolonyaya dəvət alır. Burada Paçoli Leonardo da Vinçi ilə tanış olur. “Arifmetik və həndəsi cəm, nisbətlər və münasibətlər elmi haqqında” kitabı oxuduqdan sonra məşhur rəssam həndəsə ilə bağlı üzərində işlədiyi əsəri bir kənara qoyaraq, Paçolinin qələmə aldığı yeni fundamental əsəri üçün illüstrasiyalar hazırlamağa başladı. 1508-ci ildə nəşr olunmuş kitab “İlahi nisbət” adlanırdı və müəllif Leonardo da Vinçi ilə söhbətlərini də  həmin əsərə salmışdı. Sonralar Paçoli daha bir neçə əsər yazır (o cümlədən Şahmat oyunu haqda traktat), hansı ki, müəllifin sağlığında işıq üzü görmür. Paçoli öz doğma şəhərində vəfat edir. Onun ölümünün dəqiq vaxtı yalnız XX əsrdə müəyyən edilə bilib. Luka Paçoli 1517-ci il iyunun 19-da vəfat edib.

Mühasiblər GünüBeynəlxalq Mühasiblər Günü ilə bağlı ənənələr

Bizim günlərdə heç bir kommersiya və dövlət müəssisəsi mühasiblər ştatı olmadan keçinə bilməz. Eləcə də yaxşı mühasib istənilən şirkətdə – birinci şəxsdir! O səbəbdən noyabrın 10-u bir çox müəssisə və şirkətlərdə peşə bayramı münasibətilə mühasibləri təbrik etmək, xoş bir ənənə xarakteri alıb. ABŞ-da yaxşı mütəxəssisləri mütləq şəkildə pul və ya digər qiymətli hədiyyələrlə həvəsləndirirlər. İngiltərədə mühasiblərə suvenirlər və ya onların əməyini əks etdirən mövzuda tortlar (kompüter və ya mühasib sayğacları formasında) hədiyyə etmək ənənəsi mövcuddur.

Siz də noyabrın 10-da mühasibat sahəsində çalışan tanışlarınızı bu gözəl bayram münasibətilə təbrik edin. Və onlara debet və kreditin həmişə uyğun gəlməsini arzu edin. Belədə onların işində və şəxsi həyatlarında tam tarazlıq yaranacaq. Belə desək – ən başlıcası da elə budur!


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *