Dəfn üçün müavinət necə təyin edilir?

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Yaxın bir insanın vəfatı zamanı dəfn xərclərini ödəmək üçün birdəfəlik ödəniş nəzərdə tutulub. Çox zaman dəfn pulu adlanan bu vəsait “Sosial müavinətlər haqqında” AR qanunu ilə müəyyən olunub və dəfn üçün müavinət adlanır.

Dəfn üçün müavinət kimə verilir?

Sığortaolunan, əmək pensiyaçısı vəfat etdikdə onun dəfnini öhdəsinə götürənlərə dəfn pulu ödənir. Həmçinin:

  • işsizlikdən sığorta ödənişini alan şəxs;
  • dövlət qulluqçularına ömürlük, yaşa görə, əlillik, ailə başçısının itirilməsi, əlilliyi olan 18 yaşı tamam olmayan uşaqlara verilən müavinətlərdən hər hansı birini alan şəxslər vəfat etdiyi zaman da dəfn xərclərini çəkmiş şəxslərə birdəfəlik dəfn üçün müavinət verilir.

Müavinətin mənbəyi və məbləği

Dəfn pulunun ödənişi məcburi dövlət sosial sığorta vəsaitləri hesabına həyata keçirilir. Sosial müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2023-cü il tarixli Fərmanı ilə 500 manat müəyyən edilib.

Əmək pensiyaçısının vəfatı zamanı pensiyaçının vəfatı tarixə əmək pensiyasının minimum məbləğinin 3 misli məbləğində dəfn üçün müavinət verilir.

Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən ölüm səbəbindən əmək müqaviləsinə xitam verilən zaman mərhumun varisinə ölən şəxsin aldığı orta aylıq əməkhaqqının 3 mislindən az olmayan dəfn pulu ödənilir.

Mərhum həm sığortaolunan, həm də əmək pensiyaçısı olarsa məbləğcə daha böyük olan dəfn üçün müavinət ödənir.

Müavinətin təyin edilməsi üçün müraciət

Dəfn üçün birdəfəlik müavinətin alınmasına müraciət müddətinə məhdudiyyət yoxdur. Mərhumun dəfni ilə bağlı xərcləri çəkmiş xərc zəruri sənədlərlə birgə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün sayılır.

Ölümlə bağlı əmək müqaviləsinə xitam verilmiş sığortaolunan üzrə dəfn üçün müavinətin təyin edilməsi işəgötürən (sığortaedən), sosial müavinətin təyin olunması hüququ yaranan digər hallarda isə yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə,“DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” vasitəsi ilə təyin olunur.

Sığortaedənə təqdim edilən sənədlər

Sığortaolunan öldükdə dəfn üçün müavinət verilməsi işəgötürənə aşağıdakı sənədlər təqdim edilir:

  • ölüm haqqında arayış (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan tərəfindən verilir);
  • dəfni öhdəsinə götürən şəxs haqqında bələdiyyənin arayışı.

Bu sənədlər əsasında müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən etməklə müvafiq qərar qəbul edir. Bunlar müavinətin təyin edilməsi haqda komissiyası iclasının protokoluna qeyd edilir.

Ölüm haqqında arayışın arxasında isə komissiyanin səlahiyyətli üzvü tərəfindən müavinətin müəyyən olunması və miqdarı barədə məlumatlar qeyd edilir.

Müavinətin alınması üçün təqdim edilən sənədlər

Sığortaedən dəfn pulunun alınması üçün tələb edilən sənədləri rəsmiləşdirdikdən  sonra  DSMF-nin yerli qurumlarına məktub vasitəsilə müraciət etməlidir. Həmin sənədlər aşağıdakılardır:

  • DSMF-yə məktub;
  • Müavinəti təyin edən komissiyanın protokolunun surəti;
  • ölüm haqqında arayış;
  • bələdiyyənin verdiyi arayış;
  • haqq-hesab cədvəli;
  • müavinəti alanların bank rekvizitləri (yaxud faktiki yaşayış ünvanı).

DSMF sənədləri 2 gün ərzində araşdıraraq müavinətin ödənişini təmin etməlidir.  Qanunvericiliyə uyğun olaraq dəfn üçün müavinətdən vergi və məcburi sosial sığorta haqqı tutulmur.

Müavinətlər

Print Friendly, PDF & Email