Dövlət bugünədək hansı borcları bağışlamışdır? – Maraqlı müəllif araşdırması

posted in: Xəbər | 0
birbank biznes
06 mart 2018-ci il tarixli “Məcburi dövlət sosial sığortası sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası qanununun 01.04.2018-ci il tarixdən qüvvəyə minməsi ilə Azərbaycan dövləti tərəfindən daha bir mütərəqqi addım atılmış və əsas olaraq sahibkarların vəziyyətini yaxşılaşdıran islahatlar həyata keçirilmişdir. Bu hissədə xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 15.2-ci maddəsinə əsasən dövlət iqtisadiyyatın inkişafına şərait yaradır və azad sahibkarlığa təminat verir. Bu kimi qanunlar isə sırf konstitusion normalardan irəli gəlir.
Mövzuya keçməzdən bildirək ki, adıçəkilən qanunun tətbiqi nəticəsində “Sosial sığorta haqqında” qanuna əsasən məcburi dövlət sosial sığorta haqqı ödəmək öhdəliyi olan şəxslər (işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s) tərəfindən Dövlət
Sosial Müdafiə Fonduna 01.01.2006-cı il tarixdən 01.04.2018-ci il tarixinədək ödənilməmiş sığorta haqları tam məbləğdə silinir.
Bu qanunun qəbulundan sonra xüsusilə sahibkarlıq subyektlərinin fəaliyyətinə bir daha dövlət dəstəyinin şahidi olduq.
Bəs 2018-ci ilə qədər dövlət tərəfindən başqa hansı güzəştlər olmuş və ya hansı borclar bağışlanmışdır?
Bu sualın cavabını vermək üçün xronologiyaya diqqət yetirmək kifayət edir.
Mövzu çərçivəsində xronologiya üzrə bağışlanmış bir sıra borclar barədə məlumatı təqdim edirik.
– 29.12.1992-ci il tarixli qanunla kənd təsərrüfatı təyinatlı bəzi müəssisələrin 170 milyon 559 min rubl məbləğində olan bank ssudaları üzrə borcları dövlət tərəfindən ödənilmişdir.
– 13.06.1997-ci il tarixli qanunla 1997-1999-ci illər üzrə vergi borclarını tam həcmdə ödəyən dövlət idarə, müəssisə və təşkilatların 01 yanvar 1997-ci il tarixədək olan borcları 50% azaldılmış, maliyyə sanksiyaları üzrə ödənməli olan məbləğlər isə tam həcmdə bağışlanmışdır.
– 09.12.1997-ci il tarixli qanunla isə büdcədən maliyyələşən idarə və təşkilatların məcburi dövlət sosial sığortası üzrə ödənilməmiş sığorta haqları və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə bağışlanmışdır.
– 26.03.1999-cu il tarixli qanunla sovxoz, kolxoz və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan emal müəssisələrindən başqa digər hüquqi və fiziki şəxslərin 01.01.1999-cu il tarixə olan vergi, peniya və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə silinməklə bağışlanmışdır.
– 16.05.2000-ci il tarixli qanunla sovxoz, kolxoz və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan, o cümlədən quşçuluqla məşğul olan emal müəssisələrindən başqa digər hüquqi və fiziki şəxslərin 01.01.2000-ci il tarixə olan məcburi dövlət sosial sığortası üzrə ödənilməmiş sosial sığorta haqları və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə bağışlanmış, həmçinin dövlət mülkiyyətində olan, nəzarət zərfi dövlətə məxsus olan və 01.01.2000-ci ilədək özəlləşdirilmiş müəssisə və təşkilatların 01.01.2000-ci il tarixə olan məcburi dövlət sosial sığortası üzrə ödənilməmiş sığorta haqlarının 50, 70 və 80 faizi ödənilibsə, qalan hissəsi və maliyyə sanksiyaları üzrə borcları bağışlanmışdır.
– 11.06.2001-ci il tarixdə verilmiş fərmana əsasən qanunvericiliklə ləğv edilmiş kolxoz və sovxozların, işğal altında olan rayonlarda olan təsərrüfat subyektlərinin, 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramına əsasən özəlləşdirilmiş, özəlləşdirilməsi aparılmış müəssisələrin dövlət büdcəsinə, büdcədənkənar dövlət fonduna, nəzarət zərfi dövlətə məxsus banka olan borcları tam həcmdə bağışlanmışdır.
– 26.09.2003-cü il tarixli fərmana əsasən 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramına və dövlət əmlakının özgəninkiləşdirilməsinin II dövlət proqramına uyğun olaraq özəlləşdirilməyə açıq elan edilmiş və idarəetməyə verilmiş dövlət müəssisələrinin sosial ödənişlərlə (pensiya və müavinətlərlə) bağlı fərmanın qüvvəyə minmə tarixinə olan borcları dövlət büdcəsi hesabına ödənərək bağışlanmışdır.
– 08.02.2006-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən qəzetlərin “Azərbaycan” nəşriyyatına olan 31.12.2001-ci ilədək olan borcları (398 046.2 AZN (keçmiş məzənnə ilə)) dövlət büdcəsi hesabına ödənərək bağışlanmışdır.
– 13.12.2007-ci il tarixli 199 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin pansionat və sanatoriyalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin 01.01.2002-ci il tarixədək istifadə etdikləri elektrik enerjisi, su, təbii qaz və kanalizasiya xidmətlərinə görə olan borcları, həmçinin suya görə “Azərbmingeokaptaj” respublika ekspedisiyasına olan 01.01.2007-ci il tarixə borcları tam həcmdə dövlət büdcəsi hesabına bağışlanmışdır. Həmin qərarla adı qeyd olunan şəxslərin digər xidmətlərə görə olan borcları da tam həcmdə bağışlanmışdır.
– 29.07.2008-ci il tarixli 173 saylı Nazirlər Kabinetinin qərarı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin 01.04.2008-ci il tarixə olan vergi, peniya və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə bağışlanmışdır.
–  29.12.2009-cu il tarixli 207 saylı fərmanla əhalinin təbii qazdan istifadə ilə əlaqədar 327 milyon AZN məbləğində olan borcu tam həcmdə dövlət büdcəsi hesabına ödənərək bağışlanmışdır.
– 09.08.2010-cu il tarixli 148 saylı Nazirlər Kabinetinin qərarına əsasən “Azərenerji” ASC və “Azərbaycan Hava Yolları” QSC-nin SOCAR-a olan 01.01.2010-cu il tarixə olan borcları tam həcmdə bağışlanmışdır. Həmin qərarla həmçinin “Azərenerji” QSC-nin bir sıra dövlət idarələri və nazirliklərə olan borcları da tam həcmdə silinərək bağışlanmışdır.
– 08.04.2011-ci il tarixli 405 saylı fərmana əsasən əhalinin 01.02.2011-ci il tarixə içməli su və kanalizasiya xidmətləri üzrə “Azərsu” ASC-yə olan 294.2 milyon AZN məbləğində borcları dövlət büdcəsi hesabına ödənilərək bağışlanmışdır.
– 10.08.2011-ci il tarixli 133 saylı Nazirlər Kabinetinin qərarı ilə “Azərsu” ASC-nin bir sıra dövlət müəssisələrinə olan 01.02.2011-ci il tarixə olan borcları dövlət büdcəsindən ödənilməklə tam həcmdə bağışlanmışdır.
– 30.12.2016-cı il tarixli qanuna əsasən vergi ödəyicilərinin 01.01.2017-ci il tarixə ödənilməmiş vergilər üzrə hesablanmış faizlərlə əlaqədar şəxsi hesablarındakı borcları tam həcmdə silinərək bağışlanmışdır.
Print Friendly, PDF & Email