Dövlət və Qeyri-Dövlət Sektoru

posted in: Xəbər | 0
birbank biznes

Dövlət və Qeyri-Dövlət Sektoru.

Nazirlər Kabineti tərəfindən gəlir vergisinin və sosial sığorta haqqlarının tutulması məqsədləri üçün dövlət və qeyri-dövlət sahələrinin müəyyən edilməsi ilə bağlı qərarı ətrafında müxtəlif müzakirələri nəzərə alaraq, məsələ ilə bağlı fikirlərimi açıqlamağa çalışdım.

Beləliklə kimlər dövlət sektoruna aid olub vergini və sosial sığorta ödəmələrini əvvəlki qaydada ödəməlidir? Kimlər isə qeyri-dövlət sektoru-na aid olub vergiləri Vergi Məcəlləsinin 101.1-1-ci və sosial sığortanı “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə uyğun ödəməlidir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər – qeyri-dövlət sektoru-na aiddir. Kimlərin bu kateqoriyaya aid olmasını müəyyən etmək üçün ilk növbədə qanunvericilikdə nəzərdə tutulmuş bəzi anlayışları təhlil etmək lazımdır. Beləliklə:

1. Büdcə təşkilatı – “Büdcə sistemi haqqında” Qanuna əsasən maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Yəni bu təşkilatların fəaliyyətinin əsas məqsədi dövlətin funksiyalarını birbaşa icra etməkdir və bunlar dövlət büdcəsindən başqa digər mənbələrdən maliyyələşməli deyil və onların adları dövlət büdcəsinin icrasının təşkili haqqında fərmanda olur (Məsələn Milli Məclis, mərkəzi icra hakimiyyəti orqanları)

2. Dövlət büdcəsindən maliyyələşən digər orqan və qurumlar (göründüyü kimi bu kateqoriyaya fiziki və hüquqi şəxslər aid deyil, yalnız 1-ci bənddə göstərilənlərdən başqa qalan orqan və qurumlar aiddir.) Bu kateqoriya da dövlət büdcəsindən tam maliyyələşir, lakin onların maliyyələşdirilməsi dövlətin məqsədi deyil, sadəcə başqa gəlir mənbələri olmadığı üçün dövlət onları maliyyələşdirir. (dövlət büdcəsi haqqında qanunda, eləcə də maliyyə qanunvericiliyində, həm birinci, həm də ikinci kateqoriya dövlət büdcəsindən maliyyələşən təşkilatlar adlanır.) Məsələn: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın işçi qrupu və s.

3. Dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar – göründüyü kimi bu kateqoriyaya da fiziki və hüquqi şəxslər aid deyil, bura Dövlət Sosial Müdafiə Fondu, Sahibkarlığın İnkişafı Fondu və s daxildir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu kateqoriyaya aid deyil, çünki Nizamnaməsinin 6.24-cü bəndinə əsasən saxlanma xərcləri dövlət büdcəsindən maliyyələşir. Eləcə də, həmin Fondun qrant və maliyyə yardımı verdiyi fiziki və hüquqi şəxslər də anlayışda qeyd olunduğu kimi digər orqan və qurumlar olmadıqları üçün bu kateqoriyaya daxil deyildir.

Həmçinin, səhmlərinin 50 faizi dövlətə məxsus olan hüquqi şəxs qeyri-dövlət sektoru-na aid olduğu halda, dövlətdən dövriyyəsinin cəmi 5 faizi həcmində yardım alan hüquqi şəxsi dövlət sektoru kimi qəbul etmək təbii ki, hüquqi düşüncəyə sığmır.

4. Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar – “Büdcə sistemi haqqında” qanunda dövlət büdcəsindən maliyyələşən təşkilatlar anlayışı ilə dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar anlayışı ayrılmışdır. Büdcə təsnifatı haqqında NK-nın qərarında büdcədən maliyyə yardımı alan təşkilatlar dövlət və qeyri-dövlət təşkilatlarına bölünür. Büdcədən maliyyə yardımı alan özəl təşkilatlar hazırda mübahisə doğuran qərarda dövlət sektoru kimi nəzərdə tutulmamışdır. Tutulması da mümkün deyil, əks halda Büdcə təsnaifatı haqqında qərarla paradoks yaradardı)) Büdcədən maliyyə yardımı alan dövlət təşkilatları isə növbəti anlayışla əhatə olunur.

5. Səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər – bu o hüquqi şəxslərdir ki, dövlət tərəfindən hüquqi şəxs formasında yaradılmışdır, lakin bilavasitə hər il dövlət büdcəsindən maliyyələşmir. Özünün dövriyyəsi vardır. Lakin bəzi illərdə gəlirləri xərclərini ödəməyəndə dövlət büdcəsindən maliyyə yardımı alırlar. Məsələn AZTV, “Azəristiliktəchizat” ASC və s.

Göründüyü kimi, qərarda hər hansı fiziki və ya hüquqi şəxsin dövlət satınalmasının qalibi olmasının, eləcə də dövlətdən maliyyə yardımı almasının onun avtomatik dövlət sektoru hesab olunması üçün əsas olması nəzərdə tutulmayıb. Eləcə də ümumiyyətlə qərarda fiziki və hüquqi şəxslər (publik və səhmləri və ya payları dövlətə aid olanlar istisna olmaqla) dövlət sektoruna aid edilmədiyinə görə onlar dövlət büdcsindən maliyyə yardımı almaqlarından və ya dövlət satınalmalarında qalib olmaqlarından asılı olmayaraq onlardan vergi və sosial sığorta dəyişikliyə uyğun olaraq, güzəştli qaydada tutulmalıdır.

Müəllif: Elnur Əliyev


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email