» » » Dünya ölkələrində icarə qiymətləri (1-ci hissə)

Dünya ölkələrində icarə qiymətləri (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Dünya ölkələrində icarə qiymətlərinin hansı həddə olması böyük maraq doğurur. Məsələn, bizdəkindən fərqli olaraq əksər inkişaf etmiş Qərb ölkələrində yerli sakinlərin bir çoxu yaşamaq üçün şəxsi ev və ya mənzil əvəzinə icarə evlərə və ya mənzillərə üstünlük verirlər. Bu mənadə icarə qiymətləri maraq doğurmaya bilmir. Elə də olur ki, kimlərsə başqa ölkələrə hətta turist kimi səyahət etdikdə belə, oteldə qalmaq əvəzinə şəxsi mənzil kirayə götürməyə üstünlük verirlər. Həmçinin icarə şərtlərini öyrənmək də bizcə yerinə düşər.

Beləliklə, müxtəlif ölkələrdə icarə qiymətlərinə diqqət yetirək.

Öncə iqtisadi cəhətdən firavanlıq yaşayan Avropadan başlayaq.

icarəAlmaniya

Almaniyada harada yerləşməsindən və sahəsindən asılı olaraq icarə haqları bir neçə dəfə fərqlənə bilər. Misal üçün, prestijli olmayan bir rayonda birotaqlı kiçik mənzili ayda 200-300 avroya icarəyə götürmək olar. Şəhər mərkəzində isə geniş mənzillərin kirayə haqları 700-1000 avro təşkil edə bilir. Eləcə də şəhər ətrafında yerləşən kotteclər də elə bu qiymətə icarəyə verilir. Nəzərə almaq lazımdır ki, almanların orta aylıq əmək haqqı 3000 avro təşkil edir. Qərbi Avropada Almaniyanın paytaxtı Berlin şəhəri ən ucuz mənzil kirayə etmək baxımından ən əlverişli yer sayıla bilər. Belə ki, burada normal ikiotaqlı mənzili ayda 650-700 ABŞ dollarına kirayəyə götürmək mümkündür. Çünki, şərqi Berlin sakinlərinin  bir çoxu Almaniyanın qərb hissəsinə qazanc dalınca getdiklərindən, Berlinin şərq hissəsində boş qalan yaxşı mənzillər az deyil.

Almaniyada mənzilə ilkin tələbat kimi yanaşıldığından, mənzil kirayə edən hətta onun sahibindən daha çox hüquqlara malik olur. Mənzili kirayəyə götürən sakinləri oradan çıxarmağa icazə verilmir, ev sahibi isə mənzili yalnız müəyyən vaxtlarda ziyarət edə bilər. İcarəyə verən mənzil haqqını istədiyi zaman qaldıra bilməz, hətta bəzi çatışmazlıqlar üzündən oranın qiyməti əksinə aşağı salına bilər. İcarə haqqının vaxtında ödənilməməsi halında belə, kirayəşinin mənzildən çıxarılması prosesi çox uzun sürə bilər və mənzil sahibi kirayəşinlərin avadanlıqlarını yarım il ərzində qoruyub saxlamağa borcludur.

Fransa

icarəDünya dəbinin ürəyi sayılan Parisin mərkəzi rayonlarında yaşamaq ucuz başa gəlmir. Burada icarə qiymətləri kvadrat metrlə hesablanır və hər bir kv. metrə görə ayda 30-40 avro ödəməli olursan. Eyfel qülləsinə yaxın ən kiçik, 25 kvadrat metrlik bir guşəyə görə ayda təxminən 1000 avro pulundan keçməli olacaqsan. Mebel və lazımi texniki avadanlıqla təchiz olunmuş bir rayonda isə orta bir mənzildən ötrü 1500-dən 1800 avroya kimi ödəniş etməli olursan. Həmin qiymətə adətən telefon, İnternet və elektrik enerjisi istisna olmaqla, kommunal xidmətlərin bir hissəsi də daxil olunur. Tələbə rayonu sayılan Sarbonna, Panteon və Lüksemburq bağı  yaxınlığında qiymətlər bir qədər ucuzdur. Burada icarə haqqı ayda 600 avroya başa gələ bilər. Dəblər şəhərində orta aylıq əmək haqqı 2500-3000 avroya çatır. Müqayisə üçün qeyd edək ki, gözəlliyinə görə Parisdən heç də geri qalmayan Çexiya paytaxtı Praqada 50 kvadrat metrlik mənzili 450 avroya icarəyə götürmək olar. Baxmayaraq ki, burada aylıq maaşlar 900-1000 avro təşkil edir.

Fransanın dəniz sahilində yerləşən liman şəhəri olan və gözəl çimərlikləri ilə məşhur olan Marseldə yaşayış üçün bir aylıq mənzili 250-400 avroya kirayələmək olar. Nitse və Kannda 3 otaqlı mənzilin kirayə qiyməti 500 avrodan 800 avroya kimi ola bilir. Lion və Strasburqda birotaqlı mənzili 400 avroya da kirayələmək mümkündür. Noyabr ayından mart ayına kimi sakinləri mənzildən çıxarmaq ümumiyyətlə, qadağan edilib. Belə hesab olunur ki, həmin dövrdə mənzildən çölə atılan insanlar zərər görə bilərlər. Görünür, qiymətlər  məhz bu səbəbdən çox yüksəkdir: mənzil sahibləri belə risk hallarını da nəzərə alırlar.

İspaniya

icarəGünəşli İspaniyada müxtəlif məqsədlər – yaşayış və ya istirahər üçün icarəyə verilən fərqli daşınmaz əmlak növləri mövcuddur. İstirahət edənlərdən ötrü dəniz kənarında və ya kurort şəhərinin mərkəzində həftəlik kirayəyə verilən mənzillər daha əlverilşli variant hesab oluna bilər. Onu da qeyd etmək yerinə düşər ki, mənzilin mövsüm üçün kirayəsi, onun illik kirayəyə götürülməsindən xeyli baha başa gəlir. İspaniyada icarə qiymətləri ən yüksək həddə 2007-ci ildə çatmışdı. Belə ki, o zaman kirayə edilən mənzillərin bir kvadrat metrinə görə 10-12 avro ödəmək lazım gəlirdi. Həmin vaxtdan sonra icarə qiymətləri xeyli aşağı düşüb. İspaniya üzrə bu eniş ortalama 33,1 faiz aşağı enib. Bəzi yerlərdə bu enmə 37, bir sıra yerlərdə isə 42,5 faizə kimi aşağı düşüb.

Digər ölkələr haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *