E-qaimənin tətbiqindən yayınan sahibkarlar üçün qanunvericilikdə cərimə və sanksiyalar müəyyənləşdirilmişdir

posted in: Xəbər | 0
birbank biznes

Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il aprelin 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2018-ci il yanvarın 1-dən elektron qaimə-faktura tətbiq edilir.

Nazirlər Kabinetinin təsdiqlədiyi «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»na əsasən, Azərbaycanda elektron qaimə-fakturanın təsdiq edilmiş forma və rekvizitlərə uyğun mərkəzləşdirilmiş qaydada uçotunun aparılmasını və tətbiqini Vergilər Nazirliyi həyata keçirir. Bununla əlaqədar Vergilər Nazirliyinə elektron qaimə-fakturanın tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlərin görülməsi tapşırılmışdı. Elektron qaimə-fakturanın tətbiqi ilə bağlı vergi ödəyiciləri ötən dövrlərdə kifayət qədər məlumatlandırılıb, sual doğuran məsələlər onlara izah olunub. Ancaq bəzi məqamlar da var ki, onların izahı üçün daha çox vaxta ehtiyac olur. Məsələn, sahibkarların tez-tez soruşduqları məsələlərdən biri elektron qaimə-fakturanın təyinatı ilə bağlıdır.

Sahibkarlıq subyektləri arasında əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə-fakturaların kağız formasından istifadə olunması əksər hallarda vergidən yayınma hallarına şərait yaratmaqla yanaşı, inzibatçılıq xərclərinin artmasına, əlavə vaxt sərfiyyatına səbəb olurdu. Bu baxımdan, e-qaimə-faktura inzibatçılıq xərclərinin aşağı salınmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu sistem təkcə vergi sahəsi ilə məhdudlaşmır. Hazırda maliyyə, bank sferasının elektron mühasibat sistemləri yeni əsaslar üzərində qurulur, ödəniş sistemlərində dəyişikliklər baş verir, digər sahələrdə hesablaşmaların strukturu təkmilləşdirilir. Bütün bunlar hüquqi çərçivədə də dəyişiklikləri və e-qaimənin tətbiqini labüd edir. Bu əməliyyatların şəffaflaşdırılması, rəsmiləşmə prosedurunun sadələşdirilməsi, operativliyin təmin edilməsi, inzibatçılıq xərclərinin azaldılması və sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaları məqsədilə Vergi Məcəlləsi təkmilləşdirilib. Məcəlləyə «Elektron qaimə-fakturalar» adlı 71-1-ci maddə və 16.1.11-6-cı və 16.1.11-7-ci maddələr əlavə olunub.

Digər tərəfdən, gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır. Ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə görə malların sənədsiz satılması qanunaziddir.

Digər bir üstünlük qaimə-fakturaların mətbəələrdə sifariş edilməsi və hazırlanması ilə əlaqədar xərclərin və vaxt itkisinin azaldılmasıdır. Elektron qaimənin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən, vaxt itkisinə yol vermədən, birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək olur. Bunlar isə vergi ödəyicisinin əməliyyatlarının şəffaflaşmasına şərait yaradır və vergi orqanı tərəfindən bu əməliyyatların real vaxt rejimində görmək imkanı olduğundan, həmin vergi ödəyicilərində nəzarət tədbirlərinin azalmasına gətirib çıxarır.

Onu da qeyd edək ki, e-qaimənin tətbiqindən yayınan sahibkarlar üçün qanunvericilikdə cərimə və sanksiyalar müəyyənləşdirilmişdir. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsindən ən azı biri olmadıqda alıcı təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi  miqdarında maliyyə sanksiyası ilə cəzalandırılır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email