Ehtiyatların ilkin dəyəri və onun ölçülməsi

posted in: Xəbər | 0
birbank biznes

Sizə təqdim edilən bu məqalədə ehtiyatların qiymətləndirilməsi zamanı istifadə edilən əsas prinsiplər, ilkin qiymətləndirməyə aid edilən xərc komponentləri, onların “Ehtiyatlar” adlı 2 saylı MUBS-a (IAS2) uyğun tənzimlənməsi şərh edilir.

Ehtiyatların ölçülməsinin əsas prinsipləri

2 saylı MUBS-a uyğun olaraq, ehtiyatlar ilkin dəyər yaxud mümkün xalis satış dəyəri ilə, onlardan aşağı olanı əsas götürməklə ölçülür. Ehtiyatların qiymətləndirilməsi üsulları bizim saytın eyni adlı məqaləsindən tanış olmaq olar.

Ehtiyatların ilkin dəyərinə aşağıdakılar daxil edilməlidir:

  • onların əldə edilməsilə bağlı bütün birbaşa xərclər yaxud alış məsrəfləri;
  • ehtiyatın istehsal yaxud emal məsrəfləri;
  • hazırkı vəziyyətə və yerləşdiyi əraziyə gətirilməsi üzrə digər məsrəflər.

Mümkün xalis satış dəyəri həm mallarda, hazır məhsullarda defekt, zədə olduqda, həm də onlar dəbdən düşəndə istifadə edilir.

Nümunə: “ABC” MMC avtomobil satışı ilə məşğul olur. Şirkətin bir müddət öncə 12000 manata aldığı avtomobilin hazırki bazar qiyməti 9500 manat təşkil edir. Avtomobilin bundan yuxarı qiymətə satışı mümkün deyil. Beləliklə, avtomobilin iki dəyəri mövcuddur: 12000 manat – ilkin dəyəri, 9500 manat – mümkün xalis satış dəyəri.
Mühasibat uçotu standartlarına əsasən ehtiyat kimi (mal ehtiyatı) avtomobili qiymətləndirərkən, ilkin dəyərdən və mümkün xalis satış dəyərindən ən kiçiyi (9500 manat) götürüləcək.

Ehtiyatların ilkin dəyəri yaxud mümkün xalis satış dəyəri ilə uçotda saxlamaq məsələsində:

  • ilk olaraq mümkün xalis satış dəyərilə dəyərləndirməyə əsas verən konkret hal nəzərə alınmalı;
  • yalnız bundan sonra isə ya ümumiyyətlə həmin qrup ehtiyat tam şəkildə, ya da konkret ehtiyat mümkün xalis satış dəyəri ilə qiymətləndirilməlidir.

Alış məsrəfləri

Ehtiyatların alış məsrəflərinə alış qiyməti, idxal rüsumları, habelə digər vergilər (vergi orqanları tərəfindən sonradan əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma, habelə hazır məhsulların, xammal-materialların, xidmətlərin əldə edilməsilə birbaşa bağlı olan digər məsrəflər daxildir. Ticarət endirimləri, güzəştlər və digər oxşar maddələr ehtiyatların ilkin dəyəri üzrə alış xərclərinin müəyyən edilməsində çıxılır (IAS2:11).

Emal məsrəfləri

Emal məsrəflərinə aşağıdakılar daxildir (MUBS 2:12)

  • məhsul istehsalıyla birbaşa əlaqəli xərclər;
  • dəyişən istehsal qaimə məsrəfləri;
  • daimi istehsal qaimə məsrəfləri.

Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi zamanı məhsulların istehsalıyla bilavasitə bağlı olan məsrəflərə birbaşa xərcləri (məsələn, xammal, əməkhaqqı xərcləri) aid etmək olar.

Dəyişən emal məsrəfləri

Dəyişən istehsal qaimə məsrəfləri (ing. – “variable production overheads”) istehsal həcmindən birbaşa yaxud demək olar ki, birbaşa asılı olan dolayı istehsal xərcləridir. Nümunə kimi dolayı xammal xərclərini yaxud dolayı əmək xərclərini göstərmək olar.

Ehtiyatların ilkin dəyərinə aid edilən bu məsrəflər MUBS 2:13-ə görə normal iş şəraitində istehsal gücündən faktiki istifadə əsasında hər bir istehsal vahidinə bölünür.

Normativdən yuxarı xammal və digər səmərəsiz məsrəflər yarandığı dövrdə xərc kimi tanınır (MUBMS2:16-a).

Daimi emal məsrəfləri

Daimi istehsal qaimə məsrəfləri (ing. “fixed production overheads”) istehsal prosesində istifadə olunan istehsalat binalarının, avadanlıqların, habelə istifadə hüquqlu aktivlərinin amortizasiyası və saxlanması kimi istehsal həcmindən asılı olmayaraq nisbətən sabit qalan dolayı istehsal xərcləri, habelə istehsalla bağlı idarəetmə və inzibati xərcləridir.

Daimi qaimə məsrəfləri normal iş şəraitində mövcud olan istehsal gücünə əsasən hər bir istehsal vahidinə bölünür. Təcrübədə normal istehsal gücü kimi faktiki istehsalat gücündən istifadə olunur.

Lakin faktiki istehsal gücünə boşdayanmalar (məsələn, sifarişlərin olmaması) yaxud binaların, avadanlıqların gözlənilməz təmiri zamanı düzəlişlər edilməlidir. Bu düzəlişlər ehtiyatların ilkin qiymətləndirilməsi kimi deyil, yarandığı dövr üçün mənfəət və ya  zərərdə tanınır (MUBS2:13).

Ehtiyatların ilkin dəyərinə daxil edilən digər məsrəflər

2 saylı MUBS sizə ehtiyatların ilkin dəyərinə birbaşa alış yaxud emal xərcləri olmayan digər xərcləri daxil etməyə imkan verir. Lakin bu digər xərclər “ehtiyatların cari yerini və vəziyyətini təmin edilməsi” ilə əlaqəli olmalıdır (MUBS 2:15).

Belə məsrəflərə misal olaraq qeyri-istehsal qaimə məsrəflərini yaxud konkret müştərilər üçün məhsulların hazırlanması xərclərini göstərmək olar.

Eyni zamanda MUBS2:16 bəndi ehtiyatların ilkin dəyərindən xaric edilən xərclərin siyahısını müəyyən edir:

  • normativdən artıq xammal, əmək, digər istehsal məsrəflər;
  • istehsalın növbəti mərhələsinə keçmək üçün zəruri olan xərclərdən başqa anbar (saxlama) xərcləri;
  • inventarların daşınması və onların cari vəziyyətinin təmin edilməsiylə bağlı olmayan inzibati məsrəflər;
  • satış xərcləri.

Borclar üzrə məsrəflərin ehtiyatların ilkin dəyərində tanınması meyarlarını “Borclar üzrə məsrəflər” adlı 23 saylı MUBS(IAS23) müəyyən edir.

Hansı halda maliyyə sanksiyası tətbiq edilən malların dəyərinin gəlirdən çıxılmasına icazə verilir?

Print Friendly, PDF & Email