Əmək hüququnu pozanlara qarşı mübarizə sərtləşdirilir

posted in: Xəbər | 0
birbank biznes

İşəgötürənlər tərəfindən işçi qəbulu zamanı əmək müqaviləsinin bağlanmaması və bu məsələdə  gizli razılaşmaların olması həm vətəndaşların hüquqlarının kobud şəkildə pozulması, həm də gəlir vergisinin və sosial ödənişlərin yerinə yetirilməməsi ilə nəticələnir. İqtisadiyyatın müxtəlif sektorlarında çalışanların bir qisminin qeyri-qanuni işləməsi, müəssisələrdə işçilərin adının olub, özünün olmaması və s. bu kimi neqativ hallar ölkənin sosial vəziyyətinin real əks etdirilməməsinə gətirib çıxarır.

Hökumət belə neqativ halların aradan qaldırılması məqsədilə daha etibarlı hüquqi bazanın formalaşdırılması üzərində iş aparır. Əmək müqaviləsi olmadan işçi qüvvəsindən istifadə etmək imkanları tamamilə məhdudlaşdırılacaq. Xüsusilə tikinti sahəsində qeyri-rəsmi məşğulluğa zəmin yaradan sifarişçi-podratçı-subpodratçı münasibətləri təkmilləşdiriləcək, bunlar arasında bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi, o cümlədən vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq. Bütün bunlardan sonra tikintidə, eləcə də digər sektorlarda işçilərin sayını gizlətmək həm qeyri-mümkün, həm də tamamilə mənasız olacaq.

Hazırda əmək münasibətlərinin və əmək qanunvericiliyinin pozulduğu sahələrdən biri və bəlkə də birincisi tikinti sektorudur.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin («ASAN xidmət») sədri Ülvi Mehdiyevin sözlərinə görə, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə 54 səyyar monitorinq keçirilib. Bu  monitorinqlər 100-dən çox tikinti şirkətini əhatə edib və nəticədə Bakıda tikilməkdə olan yaşayış binalarında çalışanların 30 faizinin əmək müqaviləsinin olmadığı aşkarlanıb. Qanun pozuntuları ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 24, Baş Prokurorluğa isə 23 material göndərilib.

Dövlət Agentliyinin sədri bildirib ki, bu günə kimi Bakıda tikilən yaşayış binalarında çalışan 40 min nəfərə əmək müqaviləsi imzalatdırılıb: «Bağlanan əmək müqavilələrinin hesabına dövlət büdcəsinə 12 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Bu məsələ ilə bağlı elektron sistem yaradılıb. Sistem Fövqəladə Hallar, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin informasiya sistemlərinə inteqrasiya olunub. Bakı şəhərində nə qədər tikilməkdə olan çoxmənzilli yaşayış binası var, o binaların podratçıları, sifarişçiləri hansı şirkətlərdir və o podratçıların nə qədər işçisi var – bütün bunların hamısı bizim sistemdə görünür. Sistem vasitəsilə qeyri-leqal əmək fəaliyyətinə dair şübhəli hala rast gəlindikdə dərhal səyyar monitorinq keçirilir və müvafiq qərar qəbul edilir».

Mühüm yeniliklərdən biri də yeni yaradılan iş yerlərinə dair məlumatların yalnız əmək müqaviləsi bağlandığı halda Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunacağıdır. Bu, xüsusilə də iş yerlərinin yaradılması kontekstində qeyri-rəsmi məşğulluğun qarşısını almağa yönəldilmiş vacib tədbirlərdən hesab olunur. Xidmət və ticarət sahələrində qeyri-rəsmi məşğulluqla mübarizədə böyük təcrübə toplamış ölkələrdə olduğu kimi, işçi sayı normativləri deyilən anlayışlardan istifadə olunacaq. Misal üçün, 1000 m2 sahəsi olan iaşə müəssisəsində 3-5 nəfərin işləməsi real hesab olunmayacaq: məntiqə görə bir iaşə obyektinin iş həcmi azdırsa, mənfəət baxımından faydalı deyil.

Tikinti sektorunda əmək müqavilələlərinin bağlanmasına qarşı biganə münasibət bədbəxt hadisələr zamanı kompensasiyaların ödənilməsində də ciddi problemlərin ortaya çıxmasına səbəb olur. Təkcə ötən il 36 bədbəxt hadisə baş verib (qrup halında 1 hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 17, xəsarət alanların sayı isə 24 nəfər olub. Tikinti sektoru da daxil olmaqla, bəzi özəl sahələrdə  işçilər əmək müqaviləsi və icbari sığorta olmadan çalışdırılırlar.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email