Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (3-cü hissə)
Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin əmək məzuniyyəti ilə bağlı başlıca məsələləri tənzimləyir. Əmək məzuniyyəti üzrə bir sıra hallar barədə artıq dəfələrlə yazıldığı üçün bu dəfə sırf az bilinən bəzi halları izah etməyə çalışacağıq.
Əmək məzuniyyətinin hesablanması qaydası və işdən azad olunarkən ödənilən məbləğ
Məzuniyyət hüququ təqvim ili ilə hesablanmır
Bəli. Bu qanunvericiliyin tənzimlədiyi mühüm məsələlərdən biridir. Belə ki, məzuniyyət hüququ iş ili əsas götürülməklə yaranır. Daha dəqiq desək işçinin işə başladığı gündən növbəti ilin həmin gününədək olan müddət iş ili sayılır.
Misal. A adlı şəxs sürücü ştatı üzrə 2017-ci il may ayının 5-i işə başlayıbsa, onun iş ili 2018-ci il may ayının 5-də başa çatmış sayılır və bu müddət ərzində onun qanunvericiliklə müəyyən edilmiş məzuniyyət hüququ yaranır. Həmin işçinin göstərilən misalda nəzərdə tutulmuş iş ili ərzində məzuniyyət hüququndan istifadə etməməsi ya kompensasiya almaq, ya da növbəti iş ilinin məzuniyyəti ilə birləşdirmək imkanı verir.
Məzuniyyət haqqının çox olması üçün məzuniyyətə çıxmazdan əvvəlki 12 ayda əmək haqqının da çox olması vacibdir
Belə ki, məzuniyyət haqqının tapılması üçün düstur və ya hesablama qaydası qanunvericiliklə aşağıdakı formada müəyyən edilmişdir.
a) işçinin orta aylıq əmək haqqı tapılmalıdır. Misal. İşçi məzuniyyətə may ayında çıxmaq istəyirsə, maydan əvvəlki 12 ayın əmək haqqı cəmi tapılıb, 12-yə bölünməklə işçinin orta aylıq əmək haqqı tapılır. İşçinin əmək haqqı 500 AZN-dir və 12 ay ərzində heç bir əlavə olmayıbsa, 500*12=6000; 6000/12=500. deməli işçinin orta aylıq əmək haqqı 500 AZN-dir.
b) işçinin orta aylıq əmək haqqına uyğun olaraq bir günlük əmək haqqı tapılmalıdır.
Orta aylıq əmək haqqı 500 AZN olan işçinin bir günlük əmək haqqını tapmaq üçün 500-ü 30,4-ə bölürük. 500/30.4=16.45 AZN.
c) İşçinin məzuniyyət haqqı istifadə etmək istədiyi məzuniyyət müddətinin bir günlük əmək haqqı ilə hasilindən alınacaqdır.
Belə ki, işçinin 14 gün məzuniyyətə çıxmaq istədiyi məlumdursa, hesablama aşağıdakı kimi olacaq.
14*16.45 AZN= 230.3 AZN. Deməli işçi 230.3 AZN alacaq.
İşçi ilə əmək müqaviləsinə xitam verilərkən onun iş ilinə (və ya illərinə) görə istifadə etmədiyi əsas məzuniyyət günləri üzrə yuxarıdakı hesablama nəzərə alınmaqla ona kompensasiya ödənilməlidir. Burada diqqət yetirilməli başlıca məsələ işçiyə iş stajına görə və ya uşaqlı qadınlara verilən əlavə məzuniyyət günlərinin nəzərə alınmaması və ödənilməməsidir.
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas
Adil Azer
Öyrədici idi təşəkkürlər