Əmək məzuniyyəti və vətəndaşın hüquqları

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Əmək məzuniyyəti və vətəndaşın hüquqları


Mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin Azərbaycan Konstitusiyasının 37-ci maddəsinə görə istirahət etmək hüququ var. Bu, vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və fərdi əmək müqaviləsinin müddətindən asılı olmayaraq, hər bir vətəndaşa aiddir. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilir.

Mövzu ilə bağlı müraciət etdiyimiz hüquqşünas Xəyal Məmmədxanlı bildirib ki, qanunvericilik bütün işçilərə onların iş yeri və orta aylıq əmək haqqı saxlanılmaqla illik məzuniyyət verilməsini nəzərdə tutur.

Əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətdən az olmayaraq verilməlidir.

Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapıb. «Ödənişli məzuniyyətlər haqqında» Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi və 1994-cü il 19 iyun tarixindən Azərbaycan Respublikasının qoşulduğu Konvensiyasının 3-cü maddəsinin birinci bəndinə görə, hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir.

Ölkə Konstitusiyası və beynəlxalq konvensiyanın prinsip və normalarına uyğun olaraq, məzuniyyət verilməsinin qaydaları Əmək Məcəlləsində tənzimlənən münasibətlər sırasındadır. Mövcud qanunvericiliyə görə, ödənişli əmək məzuniyyətindən istifadə etmək hər bir işçinin əsas hüquqlarından sayılır. Lakin təəssüf ki, günümüzdə işçilərlə işəgötürənlər arasında həmin hüquqların pozulması hallarına daha çox rast gəlinir və bu cür problemlər hələ də aktual olaraq qalır. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə edilən son dəyişiklikdən öncə həm işəgötürənlər tərəfindən, həm də digər səbəblərdən işçilərə əmək məzuniyyətləri vaxtlı-vaxtında verilmirdi və bunun nəticəsi olaraq işçilərin illər boyu yığılmış əmək məzuniyyətlərinə çıxmaları, bir növ, istehsalın və xidmətin təşkilində problemlər yaradırdı və ya şəxs işdən çıxanda pul əvəzlərinin verilməsində sıxıntılar yaşanırdı. Bütün bu hallar nəticəsində işçilərin hüquqları pozulmuş olurdu.

Məhz bu səbəbdən, vəziyyətdən çıxış yolu tapmaq və məzuniyyət hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə 2006-cı ildə qanunvericiliyə kompensasiya müəyyən edən norma əlavə olundu. Bununla da işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə olunmamış əmək məzuniyyətinə görə müəyyən edilmiş qaydada və məbləğdə kompensasiya ödənilməsi təsbit olundu.

X. Məmmədxanlı bildirib ki, Əmək Məcəlləsinin 135-ci maddəsinə edilən dəyişiklik qəbul edildiyi dövr üçün təqdirəlayiq sayılsa da, fikrimizcə, işçilərin məzuniyyət hüquqları ilə bağlı qanunvericilikdə hələ də müəyyən boşluqlar özünü göstərir. Əmək Məcəlləsinin 113-cü maddəsinin 1-ci hissəsində əmək məzuniyyətinin izahında qeyd olunur ki, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün verilən istirahət günləridir. Bu maddədən belə bir nəticəyə gəlmək olar ki, bir iş ili ərzində işçinin məzuniyyətdən istifadə etməməsi onun sağlamlığına mənfi təsir göstərir. Fiziki və mənəvi cəhətdən yorulmuş işçinin iş qabiliyyəti ilə yanaşı, onun motivasiyası da aşağı düşür. Nəticə etibarilə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının işçilər tərəfindən pozulması halları da artır.

Bu məsələnin həllinin araşdırılması üçün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə nəzər salmaq olar. Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi 132 nömrəli «Ödənişli məzuniyyətlər haqqında» Konvensiyasına əsasən, bir il işləməyə görə işçinin məzuniyyəti heç bir halda üç iş həftəsindən az verilə bilməz. Bununla yanaşı, adı çəkilən Konvensiyanın 12-ci maddəsində qeyd olunur ki, Konvensiyanın 3-cü maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş minimum illik ödənişli məzuniyyət hüququndan imtina edilməsi haqqında və ya bu cür məzuniyyətin pul ilə əvəz olunması və (və ya) milli şərtlərə uyğun gələn başqa şəkildə ondan istifadə edilməməsi haqqında müqavilələr etibarsız sayılır və ya qadağan edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, istənilən səbəbdən əmək məzuniyyətinin istifadə edilməməsi və kompensasiya verilməsi işçinin üç iş həftəsi müddətinə məzuniyyət hüququnu istisna etmir.

X.Məmmədxanlı qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinin Beynəlxalq Əmək Təşkilatının 132 nömrəli «Ödənişli məzuniyyətlər haqqında» Konvensiyasının 12-ci maddəsi prizmasından şərh edilməsi barədə məsələ qaldırılması mümkündür.

Vergi üzrə mütəxəssis Emin Səttarov işçiyə keçmiş və cari iş ilinə görə istifadə etmədiyi əmək məzuniyyəti üçün kompensasiya verilərkən gəlir vergisinin hesablanması ilə bağlı bildirib ki, təcrübədə bir çox mühasiblər tərəfindən kompensasiya hesablanarkən bitmiş iş ilinə görə vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən azadolma çıxıldıqdan sonra gəlir vergisi hesablanır. Amma cari iş ili üçün hesablanmış kompensasiya həmin ayın əməkhaqqı ilə birlikdə hesablanaraq yalnız bir dəfə (cəmi məbləğə) azadolma tətbiq edilir. Bu hesablamanın düzgün olmadığını deyən mütəxəssis qeyd edib ki, qanunvericiliyə əsasən, keçmiş iş ilinə görə gəlir vergisi hesablanarkən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə uyğun olaraq, azadolma çıxıldıqdan sonra gəlir vergisinin hesablanması düzgündür. Cari iş ilinə görə hesablanmış əməkhaqqı və kompensasiyadan Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi tətbiq olunmaqla ayrı-ayrılıqda gəlir vergisi hesablanmalıdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email