Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış işçilərin əmək münasibətlərinin tənzimlənməsi

posted in: Xəbər | 0
birbank biznes

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsi 44 gün ərzində Şanlı Ordumuzun Qələbəsi ilə yekunlaşdı.

Ötən bu dövr ərzində hərbi əməliyyatda iştirak etmək məqsədilə minlərlə ehtiyatda olan hərbi qulluqçu toplanışlara və döyüş əməliyyatlarına cəlb edildi. Həmin şəxslərin bir qismi  dövlət və özəl sektorda işləyən şəxslərdən ibarət olmuşdur. Bu dövr ərzində həmin şəxslər əmək fəaliyyətindən kənarlaşmalı olmuşlar.

Bu səbəblə də, həm işəgötürənləri, həm də işçiləri əsas maraqlandıran məqamlardan biri bu müddət ərzində həmin şəxslərin əmək münasibətlərinin hansı qaydada tənzimlənməsi və əmək haqlarının hansı qaydada ödənilməsidir.

Hərbi əməliyyatların bitməsinə baxmayaraq, əməliyyatlara cəlb olunmuş ehtiyatda olan hərbçilərin böyük bir qismi hələ də tərxis olunmamışdır. Doğrudur, Prezidentin 1 dekabr 2020-ci il tarixli “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə xidmətdən tərxis edilməsi haqqında” Sərəncamına əsasən,  müəyyən edilmiş bir sıra kateqoriyaya aid olan şəxslərin tərxis olunması barədə qərar verildi. 25 dekabr 2020-ci il tarixli “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Sərəncama əsasən isə qalan hərbi qulluqçular isə 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.

Yuxarıdakıları nəzərə alaraq, həmin şəxslərin əmək münasibətlərinin tənzimlənməsi, habelə hərbi vəziyyətlə əlaqədar ərsəyə gələn digər  məsələlər barədə də daha ətraflı danışaq.

27 sentyabr tarixində dövlət başçımız, Prezident İlham Əliyev tərəfindən “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanı ilə ölkə ərazisində hərbi vəziyyət elan edilmiş və növbəti gün ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalanmışdır.

Gəlin, qeyd edilən bu məsələlərin hansı qanunvericilik aktları ilə tənzimləndiyini nəzərdən keçirək:

“Hərbi vəzifə və Hərbi xidmət haqqında “ Azərbaycan Respublikası Qanununun  45-ci maddəsində  qeyd olunduğu kimi hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Həmin qanunun 45.2-ci maddəsinə əsasən çağırışlar hər dəfə 2 ayadək ola bilər. Lakin Qanunun 45.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda əlavə 3 ayadək müddətə saxlanıla bilərlər.

“Hərbi Vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində də qeyd olunduğu kimi Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdiyi hallarda hərbi vəziyyət elan olunması üçün əsas  yaranır.

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1.7-ci maddəsinə əsasən,  Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda dərhal ümumi və ya qismən səfərbərlik elan edilir.

Ehtiyatda olan toplanışlara və döyüş əməliyyatlarına cəlb olunmuş şəxslərin əmək münasibətləri, əmək haqqının ödənilməsi qaydası AR Əmək Məcəlləsi (bundan sonra “Əmək Məcəlləsi”) ilə tənzimlənir.

Belə ki, Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, (ğ) hərbi və fövqəladə vəziyyətlə əlaqədar müvafiq işlərin görülməsinə cəlb olunduqda, (g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara, səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə,  habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda  işçilərin iş yeri və orta əmək haqqı saxlanılır.

 Orta əmək haqqı və onun hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Digər bir məqam hərbi xidmətdə olan şəxslərin əmək münasibətlərinə hansı qaydada xitam verilməsidir. Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda bu hal tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilir. Lakin bu hal işəgötürən tərəfindən bəzi hallarda düzgün tətbiq edilməyə bilər.

Belə ki, “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Qanunun 2-ci maddəsində “hərbi xidmət” və “ehtiyatda xidmət” anlayışlarına aşağıdakı şəkildə verilmişdir:

(a) Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir.

(b) Ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir.

Lakin həmin Qanunun 24-cü maddəsinə əsasən, hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Bu isə öz növbəsində mübahisə yarada bilər. Belə ki, ƏM-nin 74-cü maddəsinin “a” bəndində “hərbi xidmət” ifadəsi qeyd edilmişdir. Burdan belə qənaətə gəlmək olar ki, ehtiyatda xidmətə çağırılan şəxslər də hərbi xidmətdə hesab edilir və onların da əmək müqaviləsinə Məcəllənin bu maddəsinə əsasən xitam vermək olar.

Ancaq məsələnin praktiki tərəfinə baxdıqda, aydın olur ki, bu halla xitam həqiqi hərbi xidmətə çağırılan şəxslərə şamil olunur. Belə ki, “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Qanunun 28-ci maddəsində həqiqi hərbi xidmət hesab edilən xidmətlərin növləri aşağıdakı kimi müəyyən edilmişdir:

-müddətli həqiqi hərbi xidmət;

-hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti;

-müddətdən artıq həqiqi hərbi xidmət;

-gizirlərin və miçmanların həqiqi hərbi xidməti;

-zabitlərin həqiqi hərbi xidməti.

Həmin maddənin 2-ci bəndinə əsasən, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.

Deməli, burdan belə nəticəyə gəlmək olar ki, işçi yuxarıda qeyd edilən xidmətlərdən hər hansı birinə cəlb edilərsə, ona Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən xitam verilə bilər və  bu hal ehtiyatda olan və hal-hazırkı toplanış və döyüş əməliyyatında iştirak edən şəxslərə şamil edilmir.

Döyüş əməliyyatları zamanı şəhid olmuş hərbi qulluqçuların əmək müqaviləsinə təqdim edilmiş “ölüm haqqında şəhadətnamə” əsasında Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndini rəhbər tutaraq (işçi vəfat etdikdə) xitam verilir. Həmin məcəllənin 77-ci maddəsinə 7-ci hissəsinə əsasən, vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.

Növbəti toxunmaq istədiyimiz məqam ehtiyatda olan hərbi xidmətçilərə yuxarıda qeyd edilən qaydada orta aylıq əmək haqqının ödənilməsi üçün hansı sənədlərin tələb olunmasıdır.

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun 8-ci maddəsinə əsasən,  səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədilə çağırış vərəqəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına gəlirlər.

Həmin şəxslərə çağırış vərəqəsi  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanları tərəfindən təqdim edilir və işçilər tərəfindən həmin vərəqələr işəgötürənlərə verilir.

Lakin əksər hallarda çağırış vərəqələrinin işəgötürənlərə təqdim olunması müəyyən səbəblərdən mümkün olmamışdır. Belə olduqda, işəgötürənlərdə müvafiq sənədləşmənin necə həyata keçiriləcəyi sualı yaranır.

Bu zaman işəgötürən işçinin qeydiyyatda olduğu ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanına yazılı müraciət etməlidir.  Həmin orqan müvafiq müraciət əsasında işçinin çağırış məlumatlarının işəgötürənə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 10.1–ci maddəsinə əsasən ən gec 15 iş günü ərzində təqdim etməlidir.

Beləliklə, işəgötürən işçiyə çağırışda olduğu dövr ərzində orta aylıq əmək haqqı ödənişləri yuxarıda qeyd edilən sənədlər əsasında aparılmalıdır.

Əldə etdiyimiz bu tarixi qələbə və dövlət sərhədlərimizin bütövlüyünün bərpası üçün sonsuz olaraq müzəffər ordumuza borcluyuq. Bu hərbçilərimizin canları-qanları bahasına başa gəlmişdir. Bu səbəbdən də düşünürük ki, hər bir işəgötürənin üzərinə düşən öhdəlik hərbi əməliyyatlarda iştirak etmiş işçilərin hüquq və mənafelərini qorumaq və onların qanunvericilikdə nəzərdə tutulan hüquqlarını təmin etməkdir.

Bir daha bu şanlı qələbəmiz münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, şəhidlərimizə Allahdan rəhmət və yaxınlarına səbir diləyirik!

Qarabağ Azərbaycandır!

Müəlliflər barədə məlumat:

Hüseyn Əliyev 2009-cu ildə Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr dərəcəsi almışdır. O, müxtəlif profilli şirkətlərdə hüquq və heyətin idarə edilməsi sahəsində 10 illik təcrübəyə malikdir. Bu müddət ərzində dövlət, beynəlxalq və özəl sektorda fəaliyyət göstərmişdir. Hal-hazırda EKVİTA şirkətində Əmək və Miqrasiya hüququ məsələləri üzrə cavabdeh baş hüquqşünasdır.

Nigar Əmiraslanova 2017-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. Hal-hazırda həmin fakültənin 4 -cü kursunda təhsil alır. Azərbaycan Respublikasının Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Bank of Baku və EKVİTA şirkətində təcrübəçi hüquqşünas kimi fəaliyyət göstərmişdir.

Mənbə: marja.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email