Print Friendly, PDF & Email

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sizi faktiki olaraq əmək münasibətlərində olduğunuz işçilərlə mülki-hüquqi xarakterli müqavilələr bağlamamağa çağırır. Məsələnin mahiyyətini diqqətinizə çatdırmaq məqsədi ilə əmək münasibətlərini mülki-hüquqi münasibətlərdən fərqləndirən amillərin siyahısını təqdim edirik:

 

  1. Əmək münasibətləri və əmək müqaviləsində (kontraktında) müəyyən edilən əmək şəraiti şərtləri ilə bağlı məsələlər əmək qanunvericiliyi sistemi ilə tənzimləndiyi halda, mülki-hüquqi müqavilələr (podrat, tapşırıq, komisyon, müəlliflik və başqa) əsasında yaranan fəaliyyət mülki qanunvericiliklə tənzimlənir.

 

  1. Əmək müqavilələrinin tərəfləri işəgötürən və işçi olduğu halda, mülki-hüquqi müqavilələrin tərəfləri sifarişçi (vəkalət verən, hədiyyə verən, kirayəyə verən, icarəyə verən, borc verən, lizinq verən, satıcı, komisyonçu, istehsalçı və ya tacir  və s.) və icraçıdır (vəkalət alan, hədiyyə alan, kirayəçi, icarəçi, borc alan, lizinq alan, alıcı, komitent, konsessioner, broker, ticarət agenti, podratçı və s.). Əmək müqavilələri ikitərəfli (işəgötürən və işçi arasında) olduğu halda, mülki-hüquqi müqavilələr ikitərəfli və çoxtərəfli də ola bilər.

 

  1. Əmək müqavilələrinin bağlanması üçün işçi əmək kitabçasını (məcburi köçkün və qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər istisna olmaqla), habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) işəgötürənə təqdim etməli olduğu halda, mülki-hüquqi müqavilələrin bağlanılması üçün əmək kitabçasının təqdim edilməsi tələb olunmur. Mülki-hüquqi müqavilələrin bağlanılması üçün tərəf (icraçı və s.) şəxsiyyətini təsdiq edən sənədi və VÖEN-ini qarşı tərəfə (sifarişçi və s.) təqdim edir və bu fəaliyyətlə bağlı əmək kitabçasında qeydlər aparılmır.

  1. Əmək müqavilələrində işçi ilə işəgötürən arasında münasibətlər digər prinsiplərlə yanaşı tabeçilik prinsipinə əsaslandığı halda, mülki-hüquqi müqavilələrdə münasibətlər tərəflərin müqavilə ilə müəyyən edilmiş öhdəliklərinə uyğun olaraq bərabərlik prinsipinə uyğun qurulur.

 

  1. Əmək müqavilələrinin predmeti işçinin əmək fəaliyyətinin (prosesinin) özüdürsə, mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir.
  1. Əmək müqavilələrində işçinin iş yeri konkret olaraq mütləq göstərildiyi halda, mülki-hüquqi müqavilələrdə bu göstərilməyə də bilər.
  1. Əmək müqavilələri müddətsiz və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlandığı halda, mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlanır. Bağlanılmış müddətli əmək müqaviləsinin müddəti tərəflərin razılığı və ya müddəti bitərkən əmək münasibətləri bir həftədən çox davam edərsə, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edildiyi halda, tamamlanmış iş və xidmətə görə mülki-hüquqi müqavilələrin müddəti uzadılmır, tamamlanmamış və ya yeni nəzərdə tutulan iş və xidmətə görə yeni mülki-hüquqi müqavilə bağlanılır və ya onun müddəti yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və ya müqavilədə nəzərdə tutulan şərtlərlə uzadılır.
  1. Əmək müqavilələrində qanunvericiliklə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı olduğu halda, mülki-hüquqi müqavilələrdə sifarişçinin üzərinə qanunvericiliklə belə bir öhdəlik qoyulmur. Əmək müqavilələrində işəgötürən işçini fərdi mühafizə vasitələri təmin etməli olduğu və əməyin mühafizəsinə görə cavabdehlik daşıdığı halda, mülki-hüquqi müqavilələrdə icraçı bunları özü etməli və ya bu öhdəliklər müqavilədə əlavə şərtlər nəzərdə tutulmaqla tənzimlənməlidir.
  1. Əmək müqavilələrində işçi ştat cədvəli üzrə peşə və ya vəzifə (dülgər, bağban, mühəndis, iqtisadçı və s.) qeyd olunmaqla işə götürüldüyü və onun əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı ştat cədvəli üzrə hər hansı peşə və ya vəzifəyə işə götürülmür və onun fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan birdəfəlik və ya dövrü xarakter daşıyır.
  1. Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələrdə icraçı müəssisədaxili intizam qaydalarının müəyyən şərtlərinə müqavilədə nəzərdə tutulan şərtlərlə əməl edir, qarşı tərəfin intizam tənbehinə məruz qalmır, əsasən müəssisədən kənarda fəaliyyət göstərməklə sərbəst olur.
  1. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələrdə icraçı öz üzərinə götürdüyü işi və ya xidməti şəxsən həyata keçirməyərək müvafiq qaydada üçüncü şəxsin üzərinə qoya bilər.
  1. Əmək müqavilələrində əməyin ödənilməsi ayda iki dəfədən çox olmayaraq və qanunvericiliklə müəyyən edilmiş minimal həddən aşağı olmayaraq həyata keçirildiyi halda, mülki-hüquqi müqavilələrdə ödəniş, adətən, avans və müqavilədə nəzərdə tutulan işlər görüldükdən və xidmətlər göstərildikdən sonra təhvil-təslim aktları əsasında həyata keçirilir. Əmək müqavilələrində əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün bu müqavilələrlə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu olduğu halda, mülki-hüquqi müqavilələrdə ödəniş yerinə yetirilən işin və göstərilən xidmətin, eləcə də çəkilən xərclərin haqqıdır.
  1. İşçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərindədə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman işçi əmək funksiyasını Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı normasından artıq olmayan iş vaxtında yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələrdə icraçı eyni vaxtda məhdud olmayan imkanı çatdığı sayda sifarişçi ilə müqavilə bağlayaraq iş vaxtını özü tənzimləməklə müvafiq iş və xidmətləri həyata keçirə bilər.
  1. Əmək müqavilələrində işçi ştat cədvəli üzrə vəzifə və ya peşəsinə uyğun olaraq əmək funksiyasını yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yerinə yetirməli olduğu konkret iş və ya göstərməli olduğu xidmət dəqiq və birmənalı göstərilməlidir.
  1. Əmək müqavilələrində işçilərin əmək funksiyalarının icrası zamanı istifadə etdiyi mal və materiallar işəgötürənin hesabına əldə edildiyi halda, mülki-hüquqi müqavilələrdə bu mal və materiallar müqavilədə başqa hallar nəzərdə tutulmamışdırsa, adətən, icraçının hesabına əldə olunur.
  1. Əmək müqavilələrində işçi və işəgötürən dəymiş ziyana görə əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda və məbləğdə məsuliyyət daşıdığı halda, mülki-hüquqi müqavilələrdə hər iki tərəf dəymiş ziyanın tam ödənilməsinə görə məsuliyyət daşıyırlar. Əmək müqaviləsi ilə çalışan işçi ilə tam maddi məsuliyyət barədə müqavilə bağlanılmamışdırsa, işəgötürənə dəymiş ziyana görə işçi orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Mülki-hüquqi müqavilələrdə isə icraçı müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa dəymiş ziyana görə tam məbləğdə məsuliyyət daşıyır.
  1. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır.
  1. Əmək müqavilələrində işçi üçün sosial sığorta haqları işəgötürən tərəfindən əmək haqqı fondundan, işçiyə hesablanmış əmək haqqından ödənildiyi halda, mülki-hüquqi müqavilələr üzrə işləyənlər üçün bu ödənişlər fərqlidir və yalnız sığortaedən qismində çıxış edən tərəfdən tutulur.
  1. Əmək müqavilələrində işçi üçün fiziki şəxslərdən gəlir vergisi işəgötürən tərəfindən Azərbaycan Respublikasının Vergilər Məcəlləsində müəyyən edilmiş məbləğlərdə aylıq əmək haqqından asılı olaraq hesablanan gəlir vergisi kimi ödənildiyi halda, mülki-hüquqi müqavilələrdə vergi icraçılar tərəfindən fiziki şəxslərdən gəlir vergisi və ya sadələşdirilmiş vergi üzrə ödənişlər üzrə həyata keçirilir.
  1. Mülki-hüquqi müqavilənin şərtləri müəyyənləşdirilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş anlayışlardan və terminlərdən (işçi, işəgötürən, əmək funksiyası, əmək haqqı, əmək məzuniyyəti, iş yeri, əmək şəraiti və s.) istifadə edilmir.