Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?

Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s.

Əmək müqaviləsi ilə mülki-hüquqi müqavilələr arasında mövcud olan fərqlərdən aşağıdakılar qeyd edilə bilər:

  • Əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin özüdürsə, mülki-hüquqi müqavilənin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir.
  • Əmək müqaviləsindən fərqli olaraq mülki-hüquqi müqavilə bağlanıldığı halda müqavilədə nəzərdə tutulmayıbsa işçiyə əmək kitabçası açılmır və iş stajı hesablanmır.
  • Əmək müqaviləsinə əsasən işəgötürən işçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı olduğu halda, mülki-hüquqi müqavilədə sifarişçinin üzərinə qanunvericiliklə belə bir öhdəlik qoyulmur.
  • Əmək müqavilələrində işəgötürən işçini fərdi mühafizə vasitələri ilə təmin etməli olduğu və əməyin mühafizəsinə görə cavabdehlik daşıdığı halda, mülki-hüquqi müqavilələrdə icraçı bunları özü etməli və ya bu öhdəliklər müqavilədə əlavə şərtlər nəzərdə tutulmaqla tənzimlənməlidir.
  • Əmək müqaviləsi ilə çalışan işçi ilə tam maddi məsuliyyət barəsində müqavilə bağlanmamışdırsa, işəgötürənə dəymiş ziyana görə işçi orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Mülki-hüquqi müqavilələrdə isə icraçı müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa dəymiş ziyana görə tam məbləğdə məsuliyyət daşıyır.
  • Əmək müqaviləsi bağlamış işçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilinin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətlərin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır.
  • Əmək müqaviləsi bağlandığı halda işçi üçün sosial sığorta haqları işəgötürən tərəfindən əmək haqqı fondundan, işçiyə hesablanmış əmək haqqından ödənildiyi halda, mülkihüquqi müqavilələr üzrə işləyənlər üçün bu ödənişlər fərqlidir və yalnız sığortaedən qismində çıxış edən tərəfdən tutulur. Sadalanan fərqlərdən də göründüyü kimi əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *