Əmək müqaviləsinə xitam verilməsi

birbank biznes

Əmək müqaviləsi

Əmək müqaviləsi müəssisə, yaxud təşkilatlarda əmək münasibətlərinin  rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. Müqavilənin məzmunu tərəflərin hüquq və vəzifələrini müəyyən edən şərtlərdən ibarətdir. Əmək müqaviləsinin tərəfləri işçi və işəgötürəndir. İşəgötürənlə işçi arasında əmək münasibətləri AR Əmək Məcəlləsi ilə tənzimlənir.  Bu sənəd iki tərəfin razılığı ilə nümunəvi əmək müqaviləsi forması əsasında sərbəst  bağlanır, yəni bunun üçün heç bir məcburiyyət yoxdur. Müqavilə ən azı 2 nüsxədə tərtib edilərək təsdiqlənir, hər iki şəxsə – həm işçi, həm də – işəgötürənə  verilir.

Əmək müqaviləsinə xitam verilməsi

Bəzi hallarda müəssisə və təşkilatlarda işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermək zərurəti yaranır. Əmək müqaviləsinin ləğvi işəgötürənin əmri ilə rəsmiləşdirilir, imza və möhürlə təsdiqlənir. İşçinin tələbi ilə işəgötürən əmrin surətini ona  təqdim etməlidir. Əmək müqaviləsinə xitam verildiyi gün işçinin son iş günü hesab olunur. Həmin gün işçiyə əmək qanunvericiliyinə uyğun olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:

  • işdən çıxma barədə əmrin surəti;
  • əmək kitabçası;
  • hesablanmış son haqq-hesab.

Əmək müqaviləsinə xitam verilməsinin səbəbi barədə qeydlər əmək kitabçasında göstərilməlidir. Hər hansı bir səbəbdən əmək kitabçasını vermək mümkün olmadıqda, işçiyə onu götürməyin zəruriliyi barədə məlumat verilməli və ya kitabçanı poçtla göndərmək üçün razılıq alınmalıdır.

İşçiyə hesablanmış haqq-hesab sənədlərinin tərtib edilməsi Əmək Məcəlləsinin 173-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq yerinə yetirilir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi,  əmək haqqı və digər ödəmələr hesablanaraq son iş günü işçiyə təqdim edilməlidir. Əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilə bilər.

Tərəflərdən birinin təşəbbüsü ilə

İşçi əmək müqaviləsinin ləğvi üçün 1 təqvim ayı əvvəldən işəgötürənə yazılı ərizə ilə müraciət etməlidir. Xəbərdarlıq müddəti ərzində nə işçi, nə də işəgötürən birtərəfli qaydada müqaviləni ləğv edə bilməz. Ola bilər ki, işçi xəbərdarlıq müddəti bitənə qədər yenidən müraciət edərək müqavilənin ləğvi barədə ərizəni geri götürmüş olsun. Əgər işəgötürən həmin vəzifəyə yeni işçi götürübsə və bu barədə işçiyə rəsmi şəkildə yazılı xəbərdarlıq edibsə, işçinin əvvəlki ərizədən imtina hüququ olmayacaqdır. İşçiyə yazılı xəbərdarlıq edilmədiyi halda isə işçinin imtina ərizəsi qəbul edilməli və əmək müqaviləsi ləğv edilməməlidir.

İşəgötürənin təşəbbüsü ilə aşağıdakı hallarda əmək müqaviləsinə xitam verilə bilər:

  • müəssisə ləğv edildikdə və ya fəaliyyətinə xitam verildikdə;
  • işçilərin sayı və ya ştatı ixtisar edildikdə;
  • işçi attestasiyanın nəticələri ilə təsdiq edilmiş kifayət qədər ixtisasa malik olmadığına görə tutduğu vəzifəyə və ya yerinə yetirdiyi işə uyğun gəlmədikdə;
  • işçi əmək funksiyasını, üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə,  əmək vəzifələrini birdəfəlik kobud şəkildə pozduqda (işdən çıxma, sərxoş vəziyyətdə işə gəlmə, qanunla qorunan sirri açıqlama və s.)

Müəyyən hallarda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı (məsələn, ixtisar, təşkilatın ləğvi və s. ) işçiyə orta əməkhaqqından az olmamaqla işdənçıxma müavinəti ödənilməlidir.

Əmək müqaviləsinin müddəti başa çatdıqda

Müqavilənin müddəti bitdikdən sonra  tərəflərdən biri qarşı tərəfə müqavilənin bitməsi barədə 1 təqvim həftəsi ərzində xəbərdarlıq etməlidir. Əks halda  müqavilənin müddəti uzadılmış hesab olunur. Müəyyən müddət (mövsüm) ərzində mövsümi işlərin görülməsi üçün bağlanmış əmək müqaviləsinə bu müddətin (mövsümün) sonunda xitam verilir.

İşçi təşkilatın əmlakının mülkiyyətçisinin dəyişməsi (yenidən təşkili) zamanı işdən imtina etdikdə

Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi

Bəzən müəssisələrdə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti yaranır. Bu zaman işəgötürən işçini 1 ay əvvəldən yazılı şəkildə xəbərdar etməlidir. Əmək şəraitinin dəyişdirilməsi ilə razılaşmayan işçi ya yeni işlə təmin edilməli, ya da xəbərdarlıq müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam verilməlidir.

Tərəflərdən asılı olmayan hallar yarandıqda

  • işçinin hərbi xidmətə çağırılması və ya onu əvəz edən alternativ mülki qulluğa göndərilməsi;
  • əvvəllər bu işi görmüş işçinin dövlət əmək müfəttişliyinin və ya məhkəmənin qərarı ilə işə bərpa edilməsi;
  • məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə işçinin əvvəlki işini davam etdirməsinə mane olan cəzaya məhkum edilməsi;
  • tibbi arayışa uyğun olaraq işçinin tam əmək qabiliyyətsizliyinin tanınması;
  • işçinin və ya işəgötürənin vəfatı, habelə məhkəmə tərəfindən işçinin və ya işəgötürənin ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edilməsi;
  • əmək münasibətlərinin davam etdirilməsinə mane olan fövqəladə halların (hərbi əməliyyatlar, fəlakət, təbii fəlakət, böyük qəza, epidemiya və digər fövqəladə hallar) baş verməsi;
  • işçinin əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməsinə mane olan inzibati tənbeh;
  • işçinin xüsusi hüquqdan (məsələn, lisenziya, nəqliyyat vasitəsini idarə etmək hüququ, silah gəzdirmək hüququ və s.) məhrum edilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməsinin mümkün olmaması;
  • vəzifələrin icrasını qeyri-mümkün edən digər halların baş verməsi.

Tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərə tutulan digər hallar

Əmək müqaviləsinə xitam digər hallarda da ola bilər. Belə hallar əmək müqaviləsində nəzərdə tutulmalıdır. Müqavilədə ona xitam verilməsi barədə nəzərdə tutulan hallar tərəflərin hüquq bərabərliyinin qorunması, müqavilə üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə zidd olmamalıdır.

Print Friendly, PDF & Email