Əmək pensiyaları haqqında bilmədiklərimiz

posted in: Xəbər | 0
birbank biznes

“Əmək pensiyaları haqqında” AR-nın Qanunu Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.

Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.

Sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sosial sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə huquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir.

Fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunanın uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır.

Pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Yaşa və əlilliyə görə əmək pensiyası 3 hissədən ibarətdir: 
– baza hissəsi
– sığorta hissəsi
– yığım hissəsi

Ailə başçısını itirməyə görə əmək pensiyası 2 hissədən ibarətdir: 
– baza hissəsi
– sığorta hissəsi

Gözlənilən pensiya ödənişi müddəti – “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması üçün istifadə olunan göstəricidir.

Əmək pensiyasının 3 növü var:
1. Yaşa görə
2. Əlilliyə görə
3. Ailə başçısını itirməyə görə

Qanunvericiliklə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtləri – 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların (kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Yaşa görə əmək pensiyasının baza hissəsi əmək pensiyalarının birinci pilləsi olmaqla, əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: 
SH = PSK/T, burada:
SH — yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır;
T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: 
SH = PSK/(TxK), burada:
SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır;
T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
K — sığorta davamiyyəti əmsalıdır.

Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilmişdir.

Mənbə: sspf.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email