Əmək qanunvericiliyini pozduğuna görə Vergilər Nazirliyi 4 şirkəti 99 min manat məbləğində cərimələyib

posted in: Vergi, Xəbər | 0
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib. Ötən müddətdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən bu sahədə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi əməkdaşlığının rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə mühüm tədbirlər həyata keçirilib.
Həyata keçirilən tədbirlər çərçivəsində cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda 4 müəssisədə (“Grand Hospital, Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, “İmplant Art” Dental Klinika”) qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib. Həmin dörd müəssisə ümumilikdə 99 min manat məbləğində cərimə olunub.
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda adıçəkilən müəssisələrdə aparılan vergi nəzarəti tədbirləri zamanı 99 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən muzdla işə cəlb olunduğu aşkar edilib ki, bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin, o cümlədən 90 nəfəri “Grand Hospital” tibb müəssisəsinin, 3 nəfər digər müəssisələrin, 6 nəfər isə Şamaxı rayonunda fəaliyyət göstərən Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazasının payına düşür.
Bildirilir ki, yoxlama aparılan 4 müəssisədə əmək müqaviləsi ilə işləyənlərin sayı 106 nəfər olub, o cümlədən əmək müqaviləsi olmadan işləyən 99 nəfərdən 31 nəfərinin əmək müqaviləsinin bağlanması rəsmiləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə (ƏMBEİS) daxil edilib. Əmək müqaviləsi bağlamadan işləməsi aşkarlanan 99 nəfərdən 92 işçinin əsas iqtisadi fəaliyyət növü əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, 7 nəfər isə xidmət (mağazalarda satış) sahəsinə daxil olduğu aşkar edilib.
Vətəndaşlarımızın sağlam və normal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan və səhiyyə sahəsində fəaliyyət göstərən bəzi özəl klinika və xəstəxanalarda belə halların baş verməsi yolverilməzdir.
Eyni zamanda, cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən də Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyekti olmaqla (“MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi, “Babək-94” Müstəqil Kiçik Müəssisəsi, “TTF-A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Laura” Firması, “Kaspian Park” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Evian Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Piramida-F.R.” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gözəl Bakı” Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi) 6 səyyar monitorinq həyata keçirilib. Tikinti obyektlərində keçirilmiş monitorinqlər zamanı 70 nəfər əmək müqaviləsi olmadan çalışan işçi aşkar edilib. Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə qüvvədə olan əmək müqavilələrinin sayı 791 olduğu halda, yoxlamadan sonra isə əmək müqavilələrinin sayı artaraq 975 olub.
Cari ilin yanvar ayı ərzində ölkə üzrə rəsmiləşdirilən əmək müqavilələrinin sayı 64.140 ədəd, xitam verilən müqavilələrin sayı 50.475 ədəd olub, bağlanan əmək müqavilələrinin sayında artımı ümumilikdə 13.665 ədəd təşkil edib.
Onu da qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.
Məlum olduğu kimi, əmək haqlarının leqallaşdırılması ilk növbədə vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilib və vətəndaşlar işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-rəsmi əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-rəsmi alan işçilər ödənişli məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, güzəştli ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olacaq. Çünki işçiyə ödənilən rəsmi əmək haqları – gələcək üçün sabit sosial təminatın təməlidir.
Mənbə: qaynarinfo.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *